Həkimlik müqəddəs peşədir. Bu peşənin sahibi olmaq da şərəfli işdir. Həkim oldunsa, günün istənilən saatında sənə kömək üçün əl uzadıla bilər, əlindən gələni edirsən və insanların həyatını xilas edirsən. Xilas etdiyin hər həyat, həyatı qazandırdığın hər insan sənin uğurun, sənin peşəkarlığın, sənin sevincin, xoşbəxtliyin sayılır, ey həkim.
El arasında həkimlərə "şəfalı əllər", "şəfalı insanlar" da deyirlər. Əlləri kimi sözləri də təsəllidir həkimlərin. Bircə sözü ilə xəstənin qəlbindəki qorxu-hürkünü bir andaca silib atar, onda yeni, sağlam həyata ümid qığılcımları, xəstəlik üzərində qələbə əzmi yaradar...
Bəzən yaxınlarımızın səhhəti risk altına düşər. Həyatdır, nə edə bilərik? Və bu anlarda köməyimizə kimlər çatar? Əlləri şəfalı, sözü təsəlli həkimlərimiz. Məsələn, Abşeron RMX-nın əməkdaşları kimi...
ATİA.AZ saytının baş redaktoru Aydın Adıgözəlli son günlər səhhətində yaranan sağlıq problemləri ilə əlaqədar Abşeron RMX-yə müraciət etmişdi. Xəstəxanaya gəlib yerləşən kimi baş redaktor ona göstərilən diqqət və qayğıya çox heyrət etdi. Bəli, məmnunluq dolu bir heyrətdən danışırıqsa, onda hökmən xəstəxana rəhbərliyi, xüsusilə terapiya şöbəsinin müdiri Rəsmiyyə həkim və kardioloq Nurtac həkimin adını xüsusi qeyd etmək lazımdır. Nur üzlü Nurtac xanımın ciddi səyi nəticəsində baş redaktor Aydın Adıgözəlovun vəziyyəti tədricən yaxşılaşmağa doğru gedir. Hər vətəndaşa, hər insanın səhhətinə xüsusi qayğı və diqqətlə, ciddi yanaşan Abşeron RMX rəhbərliyinə və işçi heyətinə təşəkkür edir, onlara işdə səbr və həyatda daim uğurlar və bu müqəddəs peşəni davam etdirmək üçün möhkəm can sağlığı arzulayırıq!
Aygün Sadiq,
ATİA.AZ
Bölməyə aid digər xəbərlər