“Elementar bir müayinə avadanlığı dövlət səhiyyə sistemində yoxdur. Özəl xəstəxanalara yönəldirsiniz, onlar da keyfli bir şəkildə növbə sistemi qururlar. Təyin elədikləri növbəni 24 saat keçməmiş ləğv edib 1 ay sonraya yazırlar - təsəvvür edirsiniz, bu gün lazım olan müayinəni 1 ay sonraya”.
ATİA.AZ xəbər verir ki, bunu iqtisadçı ekspert Rövşən Ağayev İcbari Tibbi Sığorta sisteminə münasibət bildirərkən deyib. O, bu addımı vətəndaşların vaxtında müayinə alma imkanının məhdudlaşdırılması kimi qiymətləndirib.
Bəs əslində necədir? Ümumiyyətlə, özəl tibb müəssisələrinin icbari tibbi sığorta vasitəsilə yönləndirilən pasiyentin növbəsini başqa vaxta yazmaq ixtiyarı varmı?
Məsələ ilə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) mövqeyini öyrəndik. Agentlikdən sorğumuza cavab olaraq bildirilib ki, icbari tibbi sığorta çərçivəsində sığortaolunanlara tibbi yardımın göstərilməsi gözləmə müddəti ərzində həyata keçirilir:
• ixtisaslı ambulator xidmət üçün göndəriş verildiyi tarixdən 14 gündən gec olmayaraq.
• instrumental diaqnostik və laborator müayinələr üçün göndəriş verildiyi tarixdən 14 gündən gec olmayaraq.
• koxlear implant sisteminin və oynaqdaxili endoprotezlərin yerləşdirilməsi istisna olmaqla, planlı stasionar tibbi yardım üçün sığortaolunana göndəriş verildiyi tarixdən 20 gündən gec olmayaraq.
İTSDA qeyd edib ki, agentliyin müqavilə bağladığı tibb müəssisələrində tibbi xidmətin həyata keçirilməsi pasiyent və tibb müəssisəsi arasında tənzimlənir: “Belə ki, tibb müəssisələrində vətəndaş üçün təyin olunan növbənin təxirə salınması və növbəti müddətə keçirilməsi müvafiq diaqnoz üzrə tibb müəssisəsində həkimin məzuniyyətdə/ezamiyyədə (və digər hallar) olması, həmin xidmət üzrə müraciət sayının çox olması, diaqnoz üzrə pasiyentə müalicənin tətbiq edilməsi və s. kimi hallarla bağlı olur.
“Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanuna əsasən, pasiyentin, təxirəsalınmaz tibbi yardım göstərilməsi halları istisna olmaqla, həkimin öz razılığı ilə həkimi, o cümlədən müalicə həkimini və müalicə-profilaktika müəssisəsini seçmək hüququ var”.
Bölməyə aid digər xəbərlər