Səhiyyə Nazirliyi respublika üzrə yoluxucu xəstəliklərin profilaktikası sahəsində qanunsuz yoxlama və dezinfeksiya işləri aparan şəxslərə xəbərdarlıq edib.
Bu barədə Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi (GEM) məlumat yayıb.
Bildirilib ki, Səhiyyə Nazirliyinin təsdiq olunan Əsasnaməsinə uyğun olaraq respublika üzrə yoluxucu xəstəliklərin profilaktikası sahəsində dezinfeksiya tədbirləri nazirliyin GEM, onun Bakı Şəhər Dezinfeksiya rayon gigiyena və epidemiologiya mərkəzləri, rayon/şəhər dezinfeksiya idarələri tərəfindən həyata keçirilir:“Lakin son zamanlar Bakı şəhərinin bir sıra rayonlarında özlərini Nazirliyin “Azərbaycan Respublikası Gigiyena və Sanitariya Xidməti İdarəsi”nin əməkdaşları kimi təqdim edən bəzi şəxslər tərəfindən sahibkarlıq subyektlərində yoxlamaların və əsassız dezinfeksiya işlərinin aparılması, sanitar-gigiyena qaydalarının pozulmasına görə cərimə edilməsi təhdidləri kimi neqativ hallara rast gəlinir. Qeyd edək ki, Səhiyyə Nazirliyinin tabeliyində “Azərbaycan Respublikası Gigiyena və Sanitariya Xidməti İdarəsi” adlı qurum mövcud deyil və o qurumun təqdim etdiyi blanklarda nazirliyin adından əsassız şəkildə istifadə edilir”.
Məlumatda vurğulanıb ki, Azərbaycanda fəaliyyət göstərən sahibkarlıq subyektlərində yoxlamaların aparılması “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanununla tənzimlənir:
“Belə ki, bu qanuna əsasən yoxlamalar yalnız Ədliyyə Nazirliyinin müvafiq icazə sənədi əsasında aparıla bilər. Qeyd olunanları nəzərə alaraq, fərdi sahibkarlar və sahibkarlıq subyektlərinin rəhbərlərinin nəzərinə çatdırırıq ki, yoxlama aparmaq üçün müvafiq icazəsi olmayan və özünü Səhiyyə Nazirliyinin qurumlarının əməkdaşları kimi təqdim edən şəxslər və belə neqativ hallarla rastlaşdıqda nazirliyin 9103, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin qaynar xətlərinə, eləcə də hüquq-mühafizə orqanlarına müraciət edilməlidir”, – deyə məlumatda qeyd olunub.
Bölməyə aid digər xəbərlər