11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
21 mart - Səməd Vurğunun doğum günüdür... - YENİLƏNİB

Bu gün Azərbaycanın Xalq şairi Səməd Vurğunun 115 yaşı tamam olur.
Səməd Yusif oğlu Vəkilov 1906-cı il martın 21-də Qazax rayonunun Yuxarı Salahlı kəndində bəy nəslinə mənsub ailədə anadan olub.
Şair uşaqlıq illərini doğma kəndində keçirmiş, ilk təhsilini kənd məktəbində almışdır.
1918-ci ildə görkəmli ədəbiyyatşünas və maarifçi Firudin bəy Köçərli Qori müəllimlər seminariyasının Azərbaycan şöbəsini Qazaxa köçürərək Qazax müəllimlər seminariyasını təşkil edir. Seminariya mütərəqqi bir maarif ocağı idi. Bu məktəbə qəbul olunan kənd uşaqları arasında Səməd və Mehdixan Vəkilov qardaşları da var idilər.
Seminariyada o, ilk şeirlərini qələmə alır. Bunlar xalq poeziyası formasından biri olan lirik qoşmalar idi. Yazdığı şeirlər seminariyanın divar qazetində çıxırdı.
Şairin ilk çap əsəri olan “Cavanlara xitab” şeiri 1925-ci ildə Tiflisdə çıxan “Yeni fikir” qazetində dərc olunmuşdur. Bu şeiri o, seminariyanı qurtarması münasibətilə yazmışdı.
Seminariyanı bitirdikdən sonra Səməd Vəkilov Azərbaycanın bir sıra kənd və rayonlarında, o cümlədən Qazaxda, Qubada və dahi Nizaminin vətəni Gəncədə Azərbaycan dili və ədəbiyyatını tədris etməyə başlayır.
Onun yaradıcılığı sadə xalq dilinə yaxınlığı ilə seçilib. Vurğun şeir və poemalarında sevgiyə və təbitə tərənnümlərinə geniş yer verib. Şairin 1934-cü ildə yazdığı “Azərbaycan” şeiri ədəbiyyatımızda bütün dövrlərin ən yaxşı nəzm əsərləri arasında göstərilir.

1930-cu illərdə o, Aleksandr Puşkinin “Yevgeni Onegin”, Maksim Qorkinin “Qız və ölüm”, Şota Rustavelinin “Pələng dərisi geymiş pəhləvan”, Nizami Gəncəvinin “Leyli və Məcnun” əsərlərini Azərbaycan dilinə tərcümə edib.
1930-cu illərdə şairin “Könül dəftəri” və “Şeirlər” kitabları çapdan çıxıb.
1937-ci ildə “Vaqif”, sonrakı illərdə “Xanlar”, “Fərhad və Şirin”, “İnsan” dramlarını, “Zəncinin arzuları”, “Muğan”, “Aygün” və “Zamanın bayraqdarı” poemalarını qələmə alıb.
1954-cü ildə Səməd Vurğun Azərbaycan SSR Elmlər Akademiyasının vitse-prezidenti vəzifəsinə təyin edilib. O, müxtəlif illərdə SSRİ-nin ən yüksək orden və medalları ilə təltif edilib.
1956-cı ilin martında “Azərbaycanın Xalq Şairi” fəxri adı təsis edilib və ilk dəfə bu ada Səməd Vurğun layiq görülüb.
Şair 1956-cı il mayın 27-də dünyasını dəyişib və Fəxri xiyabanda dəfn edilib.
[video=]


Tarix: 21-03-2021, 13:47 Oxunub: 766


Bölməyə aid digər xəbərlər
18-09-2020, 00:23 Peşəkar Səhiyyə İşçisi