Azərbaycan ədəbiyyatının təşəkkülü və inkişafında, yeni mövzularla zənginləşməsində, eləcə də ədəbiyyatşünaslığın araşdırılmasında, ədəbi tənqidin yeni zirvələr fəth etməsində Xalq yazıçısı Mehdi Hüseynin özünəməxsus yeri vardır.
56 illik ömrünün 40 ilini ədəbiyyata həsr etmiş Mehdi Hüseyn orijinal yaradıcılıq xüsusiyyətlərinə malik istedadlı yazıçı, dramaturq və prinsipial, obyektiv tənqidçi idi. Müxtəlif janrlarda yazıb yaratmış bu unudulmaz sənətkar nəsr və dram əsərlərində yaşadığı dövrün xarakterik cəhətlərini qabartmağa çalışmış, quruluşun tələbi baxımından yeni obrazlar yaratmış, tarixi mövzulara müraciət etmiş, ədəbi-tənqidi məqalələrində isə ədəbiyyatın mühüm problemləri öz əksini tapmışdır. Mehdi Hüseyn nədən yazırdısa, çalışırdı ki, qələmə aldığı mövzu və problemlər xəlqilik mövqeyindən işıqlandırılsın, o cümlədən oxucunun vətənpərvərlik duyğularına, yaratmaq eşqinə təsir etsin.
Azərbaycan ədəbiyyatının inkişafı sahəsində təqdirəlayiq xidmətlər göstərmiş Mehdi Hüseyn yaradıcılığının ən kamil dövründə dünyasını dəyişib. Ona görə də ədibin yaradıcılığının dərindən və hərtərəfli tədqiqi üçün işlər görülməlidir.
Unudulmaz yazıçımız həm də görkəmli ictimai xadim kimi tanınırdı. Dəfələrlə deputat seçilmişdi. 1964-cü ildə xalq yazıçısı fəxri adına layiq görülmüşdü.
Görkəmli ədib Mehdi Hüseyn 10 mart 1965-ci ildə Bakıda vəfat etmişdir.
Adına Bakıda küçə, Qazax rayonunda məktəb-lisey verilmişdir.
Qazax rayonunun mərkəzində Mehdi Hüseynin xatirəsinə ucaldılmış abidə var...
Bəs bu abidənin bu günkü vəziyyəti necədir? Məncə bu haqda çəkdiyimiz şəkillər kifayət qədər təsəvvür yaradır.Yekun sözü isə aidiyyatı qurumlardan gözləyirik...
Bölməyə aid digər xəbərlər