Dekabrın 7-də Azərbaycan və Ermənistan arasında qarşılıqlı etimad tədbiri kimi hərbçilərin azad edilməsi barədə razılıq əldə olunub. Dekabrın 13-də Azərbaycan-Ermənistan sərhədinin Qazax rayonundan keçən hissəsində hərbi qulluqçuların qarşılıqlı şəkildə təhvil verilməsi həyata keçirilib.
Nəticədə, Azərbaycan Ordusunun hərbi qulluqçuları-Hüseyn Axundov və Aqşin Bəbirov ölkəmizə təhvil verilib.
Xatırladaq ki, bu ilin aprel ayında Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan Ordusunun itkin düşmüş əsgərləri – 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu Ermənistan tərəfindən əsir götürülmüşdü.
Aqşin Bəbirov və Hüseyn Axundov həqiqi hərbi xidmətdə olarkən əsir düşüblər.
Maraqlıdır ki, hərbçilər yenidən hərbi xidmətə cəlb ediləcəkmi?
Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət xidmətinin mətbuat katibi Pərviz Sədrəddinov bildirib ki, hərbçilərin əsirlikdə olduğu dövr də onların xidmətinə daxildir:
“Hərbçi əsir düşdükdə həmin müddət ərzində onun xidmətini dondurmaq deyə bir məsələ yoxdur. Əsirlik müddəti də hərbçinin müddətli həqiqi hərbi xidmətinə daxildir”.
Qeyd edək ki, bu müddəa “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunda da nəzərdə tutulub. Qanunun 27-ci maddəsinə görə, düşmən tərəfinə könüllü keçmə hallarından başqa hərbçi əsirlikdə olarsa, həmin müddətə hərbi qulluqçular hərbi xidmət vəzifələrinin icrasında sayılırlar.
modern.az
Bölməyə aid digər xəbərlər