İndi bəziləri başlığı görüb elə biləcəklər, söhbət son günlərdə oliqarx sevgilisi (Abramoviç səviyyəsində biri) ilə gündəmə gələn müğənni qadının ötən il “Eurovision”da oxuduğu “Mata Hari” mahnısından gedəcək. Yox.
Heç söhbət mövzusu 1917-ci ildə almanlara casusluq etdiyi üçün Fransada 41 yaşındaykən güllələnən hind əsilli rəqqasə Mata Harididən - Marqarita Gertruda Zell də deyil. Söhbət həmin Mata Harinin davamçısı olmaq istəyən və 16 yaşındaykən ifşa olunan, həddi-büluğa çatmamış milli “Mata Hari”dən gedir. Ona başqa bir şərti ad qoyublar, amma bu qızcığaz üçün ən yaxşı şərti ad elə Mata olardı.
“Milli” də deyirəm, amma üz cizgiləri kompüter qrafikası ilə mozaikləşdirilmiş, səsi estrada ulduzu olmağa çalışan bəzi toy müğənnilərinin səsi kimi dəyişdirilmiş qızda millilikdən əsər-əlamət yoxdur. Ana dilində ləhcə ilə danışır, çoxlu rus sözləri işlədir, hiss olunur ki, orta təhsilini əcnəbi dildə alır. Üstəlik, bu gənc yaşında gedib başından böyük işlərə girişib – erməni kəşfiyyatının sifarişlərini yerinə yetirirmiş.
Bu, əlbəttə, vətənə xəyanətdir, amma axtarsan, məlum olacaq ki, bu uşağın vətən haqqında anlayışı yoxdur. Bəlkə də o, Qarabağ münaqişəsindən xəbərsizdir, 44 günlük müharibə barədə, şəhidlər haqqında heç bir informasiyaya malik deyil. Güman ki, bu qızın evdəki televizorlarının peyk anteni şimala tuşlanıb və o, eyzən RTR-ə, NTV-yə, ORT-yə-filana baxır. Ya da evdə elə bir tərbiyə alıb ki, elə bilir, Azərbaycan Rusiyanın federal subyektlərindən biridir və o, heç də öz dövlətinə, Rusiyaya xəyanət etməyib.
Keçmiş vaxtlarda bizdə dəb idi, bir adam mənsub olduğu partiyadan və ya partiya qəzetindən işdən çıxanda onu öz sektasına və təriqət şeyxinə xəyanət edibmiş kimi qaralayırdılar, üstünə “xain”, “reneqat” adı qoyurdular. Sonradan bu isterika xeyli sönükdü, adamlar anladılar ki, iş yerini dəyişməklə düşmən tərəfə keçib öz vətəninə, xalqına xəyanət etmək eyni şey deyil. Hərçənd köhnə düşüncədə olan “köhnə kişilər” hələ də var.
Bu baxımdan balaca “Mata Hari”nin etdiyi qələt başqa kateqoriyadandır. Bu, hələ balacadır, Kərbəlayi İsmayıl demişkən, uşaq olub, bilməyib, amma siz onun 2-3 ildən sonrakı durumunu təsəvvür edin. İrəvandan aldığı tapşırıq üzrə hərəkət edən bizim “Mata” gənc və gözəl, eyni zamanda “rusdilli bakılı qız” olaraq mühüm dövlət strukturlarının birinə CV göndərəcəkdi və “rusdilli bakılı qızlar”a, türkün sözü, zaafı (yəni damarı boş) olan biriləri onu dərhal işə götürəcəkdi. Ardı corab söküyü kimi gələcəkdi. Tezliklə “Mata”nın rəisin katibəsi olmağa layiq olduğu ortaya çıxacaqdı və o, birbaşa böyüklərlə oturub-duracaqdı. İndi qoru dövlət sirrini, görüm, necə qoruyursan.
Xoşbəxtlikdən, qızı vaxtında o mənfur casus şəbəkəsindən qopartmaq mümkün olub. İndi onun cəzası da yüngül olacaq, Mata nənəsi kimi tutub güllələməyəcəklər.
Başqa dövlətə, düşmən ölkəyə işləyərək pul, karyera qazanmağa çalışan axmaqlar hələ də anlamırlar ki, müasir zamanda casusların ifşa olunma tezliyi oğurluğun və fahişəliyin ifşasından daha qısa ömürlüdür, heç 40 gün də çəkmir. Nə edəsən, necə gizlənəsən, adamı tapırlar, ifşa edirlər. Düzdür, bəzi casuslara bilə-bilə toxunmurlar, deyirlər, qoy ikitərəfli işləsin, amma zamanı gələndə onların da süysünündən yapışıb qoyurlar içəri.
Bu mövzuda bir rus lətifəsi var. Deyir, bir gün federal təhlükəsizlik xidməti bir adamın casus olduğundan şübhələnir, tutub aparırlar ağzıbirə, istintaq edirlər. Onun da bütün sənədləri qaydasındadır, rus dilində yaxşı danışır və and-aman edir ki, “korennoy moskviç”dir, düşmənlər tərəfindən göndərilmiş casus-diversant deyil, gerçək patriotdur. Müstəntiqlərdən biri deyir, bu saat yoxlayarıq, hələ sən Rusiyanın dövlət himninin üçüncü kupletini söylə görüm. Adam bayaqdı ha, oxuyur:
“Cənub dənizlərdən şimal qütbünə kimi
Uzandıqca uzanır meşə və çöllərimiz”.
Müstəntiq deyir: “Stop! Bax, burda ilişdin. Sən xüsusi hazırlıq keçmisən. Normal ruslar himnin iki kupletindən artıq bilmirlər”.
Gərək bizim müstəntiqlər də 16 yaşlı “Mata”dan soruşaydılar ki, Azərbaycan dövlətinin himnini bilirmi, ya yox. Əmin olun ki, o uşaq himnimizdən kəlmə də bilməyəcəkdi. Hərçənd məktəbdə-filanda melodiyasını eşitmiş və ağız büzmüş olardı.
Samir SARI
Bölməyə aid digər xəbərlər