Aşıq sənəti – Azərbaycanda xalq mühitində yaranmış şifahi xalq yaradıcılığı musiqi formasıdır və təsir gücü, məşhur olması və kamilliyi baxımından analoqu olmayan bir təzahürdür – bu, kiçik bir tamaşadır, burada musiqi improvizatoru, söz və şer sətirlərinin müəllifi, musiqi alətində – sazda ifaçı və rəqs edən bir simada – aşığın simasında özünü göstərir – bu təzahür nəinki dərin müdrikliyə, böyük bədii təsir gücünə malikdir, tarixi keçmişi və ifaçının müasiri olan adamların mənəvi dəyərlərini tərənnüm edir və xalq kütlələrinin estetik tələblərini ödəyir, həmçinin xalq yaradıcılığının müdriklik qatlarından irəli gələn musiqi təfəkkürü fəlsəfi mədəniyyətin hərəkətverici qüvvəsi olan bir formadır.
06 iyun, yəni sabah, yaradıcılığında xanəndə, musiqiçi və aktyor xüsusiyyətlərini özündə cəmləşdirən istedadlı, gənc bir aşığın, daha dəqiq desək CEYHUN QURBANSOYun doğum günüdür.
Ceyhun 1998-ci ildə Gədəbəy rayonunun Arıqıran kəndində dünyaya göz açıb. Hələ uşaq yaşlarından saza, sözə meyilli olan Ceyhun doğulduğu kəndin toy məclislərinə dəvət alaraq məlahətli səsi ilə aşıq və xalq mahnılarını özünəməxsus şirinliklə ifa edirdi. Artıq kənddə tanınan bu balaca uşağın sorağı getdikcə ətraf kəndlərə və rayon mərkəzinə də yayılmağa başladı. Artıq rayonun demək olar ki, bütün bayram tədbirlərində, musiqili verilişlərində Ceyhunu dəvət edirdilər.
Məhz elə bu saza, sözə olan həvəsi onu 2015-ci ildə ADPU-nun Filologiya fakültəsinə gətirib çıxardı. Yüksək balla Ali Məktəbə daxil olan Ceyhun 2015-2019-cu illər ərzində təhsillə yanaşı sənəti ilə məşğul olmağa da vaxt ayıra bildi.
"Mən sazsız yaşaya bilmərəm" deyən Ceyhun Ölkə üzrə istedadlı tələbələr arasında keçirilmiş festivalda 1-ci yer, “ADPU SƏS” layihəsində 1-ci yer, Azad Həmkarlar İttifaqı Komitəsinin keçirdiyi yarışlarda dəfələrlə yüksək yer tutmuşdur.
Ceyhun Qurbansoy dəfələrlə ölkənin tanınmış telekanallarına dəvət olunaraq tamaşaçıları öz sazı-sözü ilə sevindirməyi bacarmışdır.
İndinin özündə də gənc aşığımız aşıq sənətini sevə-sevə yaşadır, təbliğ edir və yeni nəslin bu sənətə marağının artmasında mühüm rol oynayır.
Bir sözlə ifadə etsək, Ceyhun Qurbansoy “SƏNƏTLƏ YAŞAYAN və SƏNƏTİ YAŞADAN” istedadlı aşıqlarımızdan biridir.
Biz də ATİA.AZ saytının kollektivi adından gənc, istedadlı aşıq Ceyhun Qurbansoyu təbrik edir, ona yeni-yeni sənət uğurları arzu edirik.
Bölməyə aid digər xəbərlər