11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
18:56 / 19-11-2024
Prezident Fərman imzaladı
"Siyasi acizliyin etirafı" - Anar Nəbiyev

     Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 7 fevral  2024-cü il tarixdə ölkəmizdə növbədənkanar prezident seçkiləri keçiriləcək. Nəzərə alaq ki, növbədənkənar seçkilərin keçirilməsinə dair qərar ölkədə siyasi partiyaların üzvlərinin reyestrlərinin dövlət qeydiyyatına alınması   prosesinin tamamlanmasından sonra qəbul olunub. Bununla da seçkilərdə iştirak etmək üçün dövlət qeydiyyatına alınmış bütün siyasi partiyalara imkan yaradılıb. Bu yanaşma ölkədə ədalətli rəqabət mühitinin təmin edildiyinin bariz nümunəsidir.
      Seçkilər bir sınaq imtahanıdır. Potensialı və elektoratı olan bütün siyasi qüvvələr üçün seçkilərin keçirilməsi faktı universal fürsətdir. Bu mənada seçkilərin keçirilməsi ilə bağlı olan istənilən narazılıq yalnız qərəzli mövqeyin və məhdud potensialın təcəssümü kimi dəyərləndirilməlidir.  Radikal siyasi qüvvələrin gələn ilin fevral ayında nəzərdə tutulmuş seçkilərin keçirilməsi ilə bağlı qərəzli fikirləri sadəcə ucuz demaqogiyadır.  Heç bir elektoratı olmayan və ötən illər ərzində bütün etibar limitini itirmiş radikallar öz zəifliyini etiraf etmək əvəzinə növbəti dəfə təxribat və cəmiyyətdə qarışıqlıq yaratmaq yolunu seçib.
     Bu ünsürlər hələ də müxalifətçilik anlayışının mahiyyətini dərk etmirlər. Şəxsi ambisiyalarını xalqın taleyüklü problemlərindən üstün tutanlar, ölkədə baş verən inkişafı görmək istəməyənlər, uğurlarımızı həzm edə bilməyənlər seçki şousu yaratmaqla Azərbaycan haqqında beynəlxalq aləmdə mənfi rəy formalaşdırmağa can atırlar. Onların bu cəhdləri ictimaiyyət tərəfindən təəccüblə qarşılanmır. Bu baxımdan ki, şəxsi ambisiyalarını dövlət maraqlarından üstün tutan bu ünsürlər daim xarici himayədarlarının göstərişlərinə uyğun hərəkət edərək ölkəmizin beynəlxalq imicinə zərbə vurmaq üçün ən çirkin yollara əl atırlar. Siyasi qul imici qazanan belələrinə xalqın nifrəti böyükdür. Daim atdıqları addımları ilə ictimai qınaqla üz-üzə olurlar. Unudurlar ki, ictimai qınaq ən böyük cəzadır. 
     Reallıq budur ki, Azərbaycan demokratiya yolunda inamla addımlayır. Demokratik prinsiplərə sadiqliyini yalnız sözdə deyil, əməldə təsdiqləyir. Ölkəmizdə demokratik cəmiyyətin inkişafını təsdiqləyən bütün atributlar mövcuddur. Seçkilərin demokratik, azad və beynəlxalq standartlara uyğun keçirilməsi üçün bütün şərait yaradılıb. 2003-cü ildə qəbul olunan və mütəmadi olaraq dövrün tələblərinə uyğun olaraq təkmilləşən, yeniləşən Seçki Məcəlləsi seçkilərin, o cümlədən ümumxalq səsverməsinin demokratik, beynəlxalq standartlara uyğun keçirilməsini tam təmin edir.  Ölkəmizdə indiyədək keçirilən prezident, parlament və bələdiyyə seçkilərinin nəticələri beynəlxalq təşkilatlar tərəfindən tanınıb. Seçki prosesini izləyən beynəlxalq təşkilatların verdikləri rəylər də bunu təsdiqləyir. Bugünədək Azərbaycanda keçirilən bütün seçkilərdə siyasi mənsubiyyətindən asılı olmayaraq hər bir namizədə bərabər səviyyədə şərait yaradılıb.
     “Boykot” siyai rəqabət metodu deyil, acizlikdir, özünəinamın yoxluğudur, xarici dairələrə xidmətin nümayişidir. “Kirli” texnologiyalarının klassik növü hesab olunan “boykotdan” əsasən sabit ictimai münasibətlərdə emosional və qalmaqallı situasiyaları yaratmaq üçün istifadə olunur.  “Boykot” siyasətdə prinsipial mövqeyin nümayişi deyil, o, bilavasitə təxribatlara yol açan siyasi hiylədir.
    Acıq, nifrət, natamamlıq kompleksi, xainlik, cəmiyyət arasında şübhə toxumunu səpmək arzusu və digər bu kimi ictimai şüuru qaranlığa sürükləyən amillər destruktiv müxalifətin fəaliyyətinin əsasını təşkil edir. Cəmiyyətin inkişafına və milli həmrəyliyə zərər verə biləcək əməllər bütün dövrlərdə radikalların fəaliyyətini xarakterizə edən əsas keyfiyyətlərdən olub. Xalq bu ünsürlərin hansı məqsədlər uğrunda mübarizə apardıqlarını çox yaxşı bilir. Radikallığı özlərinə bir fəaliyyət istiqaməti seçən bu ünsürlərə xalqın cavabı dəyişməzdir. Xalqa deyil, xarici himayədarlarına arxalanan belə ünsürlərə siyasi meydanda yer yoxdur. Seçkiləri “boykot” etmək çıxış yolu deyil. Özləri 30 il bundan öncənin nostalji hissləri ilə yaşasalar da, nə Azərbaycan həmin dövrün Azərbaycanı, nə də xalq həmin dövrün xalqıdır. Bu gün Azərbaycan qalibiyyəti ilə dünyaya səs salıb.        Ərazi bütövlüyü və suverenliyi tam təmin olunan, yeni reallıqlar yaradan ölkəmizlə qürur duyuruq. Bu qüruru bizlərə yaşadan Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən, Azərbaycana möhtəşəm uğurlar qazandıran, tariximizə adını torpaqlarımızın xilaskarı kimi qızıl hərflərlə yazdıran Prezident İlham Əliyevə və rəşadətli Ordumuza minnətdarıq. Xalq-Prezident birliyi, həmrəyliyi daim ölkəmizə zəfərlər qazandırır. Bu uğurları görməmək, onları inkar yolunu tutmaq siyasi korluqdur.

Anar Nəbiyev
YAP Qazax rayon təşkilatının sədri


Tarix: 26-12-2023, 09:00 Oxunub: 306


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı