Respublikamız müstəqilliyə qovuşduqdan sonra demokratik, hüquqi dövlət quruculuğunu özünün inkişaf yolu seçdi. Hüquqi, demokratik və dünyəvi dövlətin əsaslarını yaratmaq məqsədilə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında müstəqil Azərbaycanın ilk Konstitusiyası hazırlandı və 1995-ci il noyabrın 12-də referendum yolu ilə xalq tərəfindən qəbul edildi. Təbii ki, dövr dəyişdikcə, yeni reallıqlar yarandıqca bəzi qanunların yenilənməsi, dəyişdirilməsi zərurəti yaranır. 30 il bundan əvvəl hazırlanıb qəbul edilmiş Siyasi Partiyalar Haqqında Qanunun yenilənməsi, bu günün reallıqlarına əsaslanan bir sənəd kimi qəbulu təbiidir.
Qeyd etmək lazımdır ki, ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatlar artıq həyatın bütün sahələrində, həmçinin müstəqilliyimizin ilk illərində qəbul edilmiş, bu gün müasir tələblərə cavab verməyən qanunvericilik aktlarında da özünü açıq şəkildə büruzə verir. Hazırda ölkəmiz dünyada söz sahibinə çevrilmiş, sürətlə inkişaf edən demokratik bir dövlətdir. Ona görə də əvvəlki illərdə qəbul edilmiş qanunların təkmilləşdirilməsi, beynəlxalq normalara uyğunlaşdırılması zərurəti yaranıb. Bu baxımdan “Siyasi partiyalar haqqında” yeni Qanunun yaradılması da dövrün tələblərindən irəli gəlir və Azərbaycanın uğurlu gələcəyinə xidmət edir. Bu qanun layihəsinin hazırlanması zamanı Milli Məclisin tarixində ilk dəfə olaraq sənəd komitə iclasına çıxarılmazdan əvvəl parlamentin saytında rəy və təkliflərin bildirilməsi üçün yerləşdirildi və Sosial Tədqiqatlar Mərkəzi tərəfindən layihədə əksini tapmış əsas məsələlər ilə bağlı ictimai rəy sorğusu keçirildi. Sənədin mühüm ictimai əhəmiyyəti nəzərə alınaraq təklif olunan layihə ilə bağlı siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının, politoloqların və media nümayəndələrinin iştirakı ilə 2 ictimai dinləmə də təşkil olundu. Dinləmələrdən sonra müsbətə doğru 70-dək, Milli Məclisdə komitə və plenar iclaslardan sonra isə 40-dək əlavə və dəyişikliklər edildi. Ümumilikdə sənədə 110 düzəliş edilmişdir. Daha bir demokratik addım isə Venesiya Komissiyasının sırf siyasi partiyanın statusuna və fəaliyyətinə aid olan 132 tövsiyəsindən 112-si layihədə nəzərə alınmışdır.
Bu mühüm sənədin hazırlanması və qəbul edilməsi yalnız Milli Məclisdən asılı olmamış, Qanun layihəsinin hazırlanıb qəbul edilməsində demək olar ki, ölkədə fəaliyyət göstərən əksər siyasi partiyaların təklifləri nəzərə alınmışdır, 47 siyasi partiya 250-dən çox təklif vermişdir. Bununla bərabər qanun layihəsi hazırlanarkən bir çox qabaqcıl ölkələrin təcrübəsi öyrənilmiş, Venesiya komissiyasının tövsiyələri nəzərə alınmış, beynəlxalq əhəmiyyətli sənədlərə istinad edilmişdir.
Yeni qanunun qəbulundan sonra hər kəs bərabər şəkildə siyasi partiya yaratmaq və ya mövcud siyasi partiyaya daxil olmaq hüququna malikdir. Qanunda dövlət, qeydiyyatdan keçmiş bütün siyasi partiyaların sərbəst fəaliyyətinə, həmçinin, siyasi partiyaların təsis edilməsi və fəaliyyətlərinin həyata keçirilməsi üçün, hüquqlarına və qanuni mənafelərinə əməl olunmasına bərabər hüquqi şərait yaradılmasına təminat verir. Əsas məqamlardan biri də dövlət büdcəsinin vəsaiti hesabına siyasi partiyalara maliyyə yardımı göstərilməsidir. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, dövlət və yerli özünüidarəetmə orqanlarının, vəzifəli şəxslərin siyasi partiyaların fəaliyyətinə müdaxiləsinə yol verilmir. Azərbaycan Respublikasının Konstitusiyasını və Azərbaycan Respublikasının qanunlarını pozan siyasi partiyaların fəaliyyətinə yalnız məhkəmə qaydasında xitam verilə bilər. Əvvəlki qanundan fərqli olaraq, yeni Qanun siyasi partiyaya ictimai-siyasi nəşrlərin, digər təbliğat və təşviqat materialların hazırlanması və satışı ilə bağlı sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa da icazə verir. İcazə verilmiş sahibkarlıq fəaliyyətinin növləri ilə məşğul olmaq, həmçinin “Media haqqında” Azərbaycan respublikasının Qanununa uyğun olaraq çap mediasını təsis etmək üçün siyasi partiya təsərrüfat cəmiyyətləri yarada bilər və ya onlarda iştirak edə bilər.
Yeni Qanun layihəsinin hazırlanması zamanı inkişaf etmiş 24 ölkənin təcrübəsi, ölkədə fəaliyyət göstərən siyasi partiyalardan 47-sinin Milli Məclisə yazılı formada təqdim etdiyi 250-dən çox təklif, o cümlədən parlamentdə komitə və plenar iclaslarda deputatlar tərəfindən irəli sürülmüş 100-dən çox təklif nəzərə alınmışdır.
Əminliklə vurğulamaq lazımdır ki, Siyasi Partiyalar Haqqında yeni Qanun siyasi sahədə böyük canlanma yaradacaq, ölkədə mövcud olan siyasi partiyaların daha effektiv fəaliyyəti üçün yeni imkanlar açacaq və müxtəlif siyasi qüvvələr arasında mövcud siyasi konfiqurasiyanın tələb və şərtlərinə uyğun, qarşılıqlı faydalı, şəffaf münasibətlərin formalaşması üçün möhkəm zəmin formalaşdıracaq və müstəqil, demokratik, qüdrətli Azərbaycanın xoş, firavan, uğurlu gələcəyinə xidmət edəcəkdir.
Ramil Qurbanov
YAP Qazax rayon təşkilatının fəalı
Bölməyə aid digər xəbərlər