11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
"Xalqımızın qürur duyduğu Əsas Qanun" - Elşad Quluyev

      Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunduğu ilk illərdə Ümummilli Lider Heydər Əliyevin böyük uzaqgörənliklə, cəsarətlə həyata keçirdiyi əsaslı islahatlar respublikamızı inkişaf yoluna çıxarmaqla yanaşı, qanunların aliliyini təmin edən, hüquqi, dünyəvi, demokratik dövlət quruculuğuna yol açan yeni milli Konstitusiyanın hazırlanmasına və qəbuluna şərait yaratdı. Hər zaman keçmiş, indiki və gələcək nəsillər qarşısında məsuliyyətini dərindən dərk edən Ulu Öndər Heydər Əliyev bu barədə danışarkən deyirdi: “Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən əsas qanun, tarixi sənəd olsun”. 
     Qeyd etmək lazımdır ki, 1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqil Azərbaycanın ilk, ümumilikdə isə ölkəmizin tarixində dördüncü Konstitusiyasıdır. Azərbaycanın Konstitusiya quruluşunun tarixi SSRİ dövrünə təsadüf edir. Azərbaycanın ilk Konstitusiyası    1921-ci ilin mayın 19-da, SSRİ Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası isə 1925-ci il martın 14-də qəbul olunmuşdu. 1978-ci ilin aprelin 21-də qəbul edilmiş son Konstitusiya da, əvvəlki konstitusiyalar kimi, SSRİ Konstitusiyasına uyğunlaşdırılmışdı.
     Məhz bunun nəticəsində keçmiş sovet konstitusiyalarından fərqli olaraq, müstəqil Azərbaycanın Konstitusiyası insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunmasını dövlətin ali məqsədi kimi bəyan etdi. Hakimiyyət bölgüsünün əsas prinsiplərini müəyyənləşdirdi. İnsan və vətəndaş hüquqlarının, azadlıqlarının müdafiəsini qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları üzərinə ümdə vəzifə olaraq qoydu. Təsadüfi deyil ki, şəxsiyyətin toxunulmazlığı, insan həyat və sağlamlığının qorunması, layiqli həyat səviyyəsinin təmin olunması, humanizm və insanpərvərlik prinsipləri Azərbaycan Konstitusiyasının başlıca mahiyyətini təşkil edir. 5 bölmə, 12 fəsil, 158 maddədən ibarət olan Konstitusiyada insan hüquq və azadlıqlarına geniş yer verilməsi ölkəmizin demokratiya ideyalarına sadiqliyinin göstəricisidir.
    Ümummilli liderimizin rəhbərliyi altında gərgin zəhmət bahasına  6 ay müddətinə hazırlanan və ümumxalq səsverməsi yolu ilə 1995-ci il noyabrın 12-də qəbul olunan müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası xalqımızın milli maraqlarına tam cavab verən bir sənəd kimi qəbul edildi. Konstitusiyamızda ölkəmizin inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi, demokratik əsaslarla hakimiyyət bölgüsünün təsbit edilməsi ilə bərabər, insan hüquq və azadlıqlarının təminatı prioritet məqsədlər kimi xüsusi vurğulandı. Təsadüfi deyildir ki, Konstitusiyamızın 158 maddəsindən 48-i, başqa sözlə, təqribən üçdə biri sırf insan hüquq və azadlıqlarının təminatına yönəlib. Konstitusiyamızın ikinci bölməsinin “Əsas insan və vətəndaş hüquqları və azadlıqları” adlanan üçüncü fəsli hüquq və azadlıqların təminatı və müdafiəsi mexanizmlərini müəyyənləşdirir. Konstitusiyanın 12-ci maddəsi dövlətin ali məqsədinin insan hüquqlarını təmin etmək olduğunu müəyyən edir. Burada insan hüquqlarının Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq tətbiq edilməsi nəzərdə tutulmuşdur. Konstitusiyamızın 71-ci maddəsində irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyndən, əqidəsindən, siyasi və sosial mənsubiyyətindən asılı olmayaraq hər bir insanın hüquq və azadlıqlarının müdafiəsi qanunvericilik, icra və məhkəmə orqanları qarşısında bir vəzifə olaraq qoyulmuşdur. Bu hüquq və azadlıqlar birbaşa qüvvədədir. Konstitusiyanın 25-ci maddəsinə əsasən, onların həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Bu zaman xüsusi olaraq qeyd edilir ki. Konstitusiyanın heç bir müddəası insan və vətəndaş hüquq və azadlıqlarının ləğvinə yönəldilmiş müddəa kimi təfsir edilə bilməz.
      Konstitusiyamız müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa təminat yaradan, cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi sferalarında köklü dəyişiklikləri özündə ehtiva edən, qanunvericiliyin təkmilləşdirilməsində hüquqi baza rolunu oynayan mükəmməl və mütərəqqi sənəddir. Müstəqil Azərbaycanın Konstitusiyası dövlətin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumağı, cəmiyyətin demokratikləşdirilməsini, dünyəvi dövlət quruculuğu prosesini təsbit edən xalqımızın fəxr etdiyi, qürur duyduğu Əsas Qanundur.   
 
Elşad Quluyev
Qazax Dövlət Sosial İqtisadi Kollecinin direktoru


Tarix: 15-11-2022, 10:41 Oxunub: 451


Bölməyə aid digər xəbərlər