Zaman dəyişir, dövr dəyişir, qarşıya yeni vəzifələr qoyulur. Azərbaycan daim iqtisadi və siyasi islahatların vəhdətliyini qorumaqla davamlı inkişafını şərtləndirir. Bu fikir dövlət başçısı İlham Əliyev tərəfindən xüsusi qeyd edilir ki, elə ölkələr var iqtisadi inkişafı ilə diqqətdədir, amma demokratik inkişafın səviyyəsi aşağıdır. Elə ölkələr də var ki, əksinə, demokratik inkişaf yüksəkdir, iqtisadi tərəqqi aşağı səviyyədədir. Lakin Azərbaycanda iqtisadi və siyasi islahatların vəhdətliyi daim qorunur. Ölkəmizdə demokratikləşmə yalnız bir şüar, niyyət deyil, Azərbaycanın hərtərəfli inkişafının əsasıdır. Ölkəmizdə demokratik təsisatların inkişafı göz qabağındadır. Azərbaycan ilk gündən demokratiya yolunu seçərək bu istiqamətdə inamlı addımlar atır.
Hər bir ölkənin inkişafında siyasi partiyaların rolu böyükdür. Ölkənin siyasi sisteminin əsas təsisatlarından olan siyasi partiyalar milli və siyasi birliyin, həmrəyliyin qorunması naminə bütün zəruri tədbirləri görməlidirlər. Siyasi partiyalar arasında sağlam dialoq mühitinin formalaşması hədəflərə yüksək səviyyədə nail olmağa öz töhfəsini verəcək.
Siyasi islahatların partiyalararası geniş dialoq aparılmadan həyata keçirilməsinin mümkünsüzlüyünü bildirən ölkə Prezidenti İlham Əliyev qeyd edir ki, bir partiya – hakim partiya təkbaşına siyasi dialoq apara bilməz. Çünki dialoq üçün tərəf-müqabillər lazımdır. Azərbaycanın yeni siyasi konfiqurasiyası formalaşır. Cənab İlham Əliyev bu əminliyi ifadə etmişdir ki, qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımlar atılacaq və Azərbaycanda çoxpartiyalı sistem daha da möhkəm əsaslar üzərində qurulacaq: “Hazırda siyasi partiyanı yaratmaq üçün heç bir ciddi meyar tələb olunmur. Hesab edirəm ki, bu praktikaya son qoyulmalıdır. Əgər biz doğrudan da istəyirik ki, Azərbaycanda çoxpartiyalı sistem inkişaf etsin, - biz bunu istəyirik və iqtidar partiyası kimi bunu təqdim edirik, - onda, əlbəttə, siyasi partiyaların fəaliyyəti üçün lazım olan bütün alətlər spektri mövcud olmalıdır. Bu, hesab edirəm ki, Milli Məclisin gündəliyində duran məsələlərdən biri olacaqdır.”
“Siyasi partiyalar haqqında” yeni Qanunun qəbulu bu kimi məqamlara işıq saldı. Yeni sənəd gələcəkdə siyasi partiyaların təkmil fəaliyyətində öz sözünü deyəcək. Məlum olduğu kimi, Milli Məclisdə təmsil olunan bütün siyasi partiyaların nümayəndələri “Siyasi partiyalar haqqında” yeni Qanun layihəsinin hazırlanması üçün Milli Məclisin sədrinə müraciət etdilər. Həmin müraciətdə ölkəmizin müasir inkişaf reallıqlarına və dövrün tələblərinə cavab verən yeni Qanunun hazırlanmasının vacibliyi öz əksini tapmışdı. Reallıqlarımız fonunda qəbul olunan "Siyasi partiyalar haqqında" yeni Qanun siyasi dialoq mühitinin təkmilləşdirilməsinə öz müsbət təsirini göstərəcək.
1992-ci ildə “Siyasi partiyalar haqqında” Qanunun qəbul olunmasından bugünədək sənədə 27 dəfə əlavə və dəyişiklik edilib. İllər keçdikcə ölkənin həyatında yeniliklər baş verir, yeni tələblər qarşıya qoyulur ki, bunlar da öz növbəsində yeni sənədlərin qəbuluna yol açır. Hazırkı dövrdə tarixi Zəfərimizin reallıqlarını nəzərə alsaq siyasi islahatların dərinləşdirilməsi inkaredilməzdir. Yeni qəbul edilən “Siyasi partiyalar haqqında” Qanunla bağlı təhlillərdə bu fikir xüsusi qeyd edilir ki, sənəd partiyaların fəaliyyətində nəzərəçarpacaq dəyişikliklərə yol açacaq. Buna əsas verən Qanunda günün tələblərindən irəli gələn müddəaların olmasıdır.
Anar Nəbiyev
YAP Qazax rayon təşkilatının sədri
Bölməyə aid digər xəbərlər