Ölkəmizdə həyata keçirilən dərin islahatlar kursu şəffaf idarəçilik sisteminin daha da gücləndirilməsini, vətəndaş məmnunluğunun təmin edilməsini başlıca vəzifələrdən biri kimi qarşıya qoyur. Azərbaycanın korrupsiyaya qarşı mübarizə tədbirləri sistemli, hərtərəfli və innovativ xarakter daşıyır. Dövlət başçısı İlham Əliyev daim diqqəti günümüzün əsas məsələlərindən olan vətəndaş-məmur münasibətlərinə, sahibkarların ölkə iqtisadiyyatına sərmayə yatırmasına, düzgün kadr siyasətinin həyata keçirilməsinə yönəldərək bildirir ki, dövlətə, vətənə sədaqətli, milli ruhda tərbiyə alan və peşəkar insanlar önə çəkilməlidirlər. Kadr siyasətinin başlıca prinsipləri bunlardır: Vətənə, dövlətə sədaqət, peşəkarlıq, şəffaflıq, dürüstlük.
Dövlət başçısı İlham Əliyev bu günlərdə Araz Əhmədovu Masallı, Əkbər Abbasovu Lerik və Elvin Paşayevi Göygöl rayon icra hakimiyyətlərinin başçısı təyin olunmaları ilə əlaqədar qəbul edərkən bu vacib məqamı bir daha diqqətə çatdırdı ki, rəhbərlik edəcəyiniz rayonlarda işlərin daha yaxşı getməsi üçün əlbəttə ki, ictimai nəzarət olmalıdır: “Siz ictimai nəzarətdən çəkinməməlisiniz. İctimai nəzarət, ictimaiyyətin fəallığı, mövcud olan problemlərə dövlət orqanlarının diqqətinin cəlb edilməsi sizin işinizə kömək göstərəcək. Ona görə insanlarla bir yerdə olmalısınız, ictimaiyyətlə bir yerdə olmalısınız və biz ancaq bu yolla ölkəmizi inkişaf etdirə bilərik... Mən hesab edirəm ki, son vaxtlar ölkəmizdə gedən çoxşaxəli islahatlar, o cümlədən idarəetmə sahəsində aparılan islahatlar, həmçinin kadr islahatları bütün Azərbaycan ictimaiyyətinə bizim siyasətimizi göstərir, bizim niyyətimizi göstərir.” Cənab İlham Əliyev bu əminliyi də ifadə etmişdir ki, hər bir rayonda, hər bir yerdə müasir idarəetmə qaydaları tətbiq olunarsa, bir çox problemlər aradan qaldırılacaq. Dövlətin siyasəti bundan ibarətdir.
Təbii ki, bölgələrimizin inkişafını sürətləndirən əsas amillər sırasında onların malik olduqları iqtisadi potensialdan səmərəli istifadə əsas rol oynayır. Son illərdə rayonlar arasında ixtisaslaşmanın aparılması, cənab İlham Əliyevin bölgələrdə həmin sahəyə həsr olunan müşavirələr keçirməsi, eyni zamanda, bu sahələrin inkişafı məqsədilə Dövlət proqramlarını təsdiqləməsi ölkəmizin dayanıqlı inkişafına xidmət edən mühüm addımlar sırasındadır. Bununla yanaşı, tarixi Zəfərimizdən sonra iqtiasadi rayonların yenidən bölgüsü ilə əlaqədar Fərman imzalandı, yeni Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradıldı. Ölkə Prezidentinin Sərəncamı ilə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” təsdiqləndi. Bütün bunlar Azərbaycanın inkişafının gələcək mənzərəsini yaradır.Məhz keçilən yolun təhlilinə, eyni zamanda, müəyyənləşdirilən hədəflərə söykənərək dövlət başçısı İlham Əliyev bildirir ki, Azərbaycanın çox böyük potensialı var.Ölkəmizdə işlər elə getməlidir ki, heç bir narahatedici problem, heç bir ədalətsizlik olmasın:“Bütün imkanlar var – təbii sərvətlərimiz, coğrafi yerləşməyimiz, beynəlxalq nüfuz, infrastruktur layihələri. İndi hər şey göz qabağındadır. Azərbaycan necə sürətlə inkişaf edir, xüsusilə indiki şəraitdə ki, həm dünyada iqtisadi böhran hökm sürür, həm digər narahatedici məsələlər göz qabağındadır. İndi belə olan halda, hansısa dövlət məmuru əgər öz vəzifə borcunu şərəflə yerinə yetirmirsə, əlbəttə ki, o, cəzalandırılacaq. İmkan verə bilmərik ki, bizim uğurlu inkişafımıza kimsə kölgə salsın, kimsə hansısa yerdə özü üçün rüşvətxorluq yuvası qursun və dövlətimizin əsaslarını sarsıtsın.”
Azərbaycanın iqtisadiyyatını düzgün əsaslar üzərində qurması davamlı inkişafını şərtləndirir. İstər dünyanın iqtisadi və maliyyə böhranını yaşadığı, istərsə də koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərinin gücləndirildiyi dövrün təhlili göstərir ki, ölkəmizin hər bir çətinlikdən uğurla çıxmasını təmin edən əsaslar var.Azərbaycan hər iki dövrdə iqtisadi artımı ilə dünyanın diqqətində olub. Koronavirus infeksiyası ilə tədbirlərə başlandığı gündən cənab İlham Əliyev insanların sağlamlığının prioritetliyini önə çəkməklə yanaşı, bu çağırışı da etdi ki, iqtisadi isalahatlar dərinləşdirilməli, bir sosial layihə belə təxirə salınmamalıdır. Bu dövrdə sahibkarlara qayğı da diqqətdən kənarda qalmadı. Postmünaqişə dövrünün reallıqları sırasında işğaldan azad edilmiş ərazilərimizlə bərabər bütün bölgələrimizin inkişafının diqqətdə saxlanılması Azərbaycanın qısa müddətdə daha möhtəşəm uğurları ilə hər birimizi heyrətləndirəcəyinə inamı daha da artırır. Bugünkü reallıqlarımız, eyni zamanda, dövlət başçısı İlham Əliyevin “Əldə olunan uğurlarla kifayətlənməməli, daim irəli baxmalıyıq” tezisinin təqdimatıdır.
Sevda Həsənova
YAP Qazax rayon təşkilatı
ərazi partiya təşkilatının sədri
Bölməyə aid digər xəbərlər