Ümummilli Liderimiz Heydər Əliyevin xalqımızın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışından sonra ölkəmizdə demokratik seçki mühitinin formalaşdırılması dövlət quruculuğunun əsas istiqamətlərindən birinə çevrildi və seçki sisteminin ildən-ilə təkmilləşdirilməsinin əsası qoyuldu.
Ulu Öndərin hakimiyyətə gəlişindən sonra ölkəmizdə 6 prezident, 6 parlament və 5 bələdiyyə seçkisi keçirilmişdir. Bütün bu seçkilərə dair beynəlxalq təşkilatların verdikləri müqayisəli rəylər onu təsdiq edir ki, Azərbaycanda seçkilərdən-seçkilərə vətəndaşların siyasi şüuru, seçki mədəniyyəti daha da yüksəlmişdir. Bütün bunların kökündə Azərbaycan hakimiyyətinin ölkədə demokraktiyanın inkişafı ilə bağlı qətiyyətli və ardıcıl siyasəti dayanır. Respublikamızda demokratik institutlar inkişaf etdikcə seçki sisteminin təkmilləşdirilməsi prosesi də uğurla həyata keçirilir. Hələ 2003-cü ildə Ulu Öndər Heydər Əliyevin dövründə parlamentə təqdim olunmuş Seçki Məcəlləsi Azərbaycanın seçki sisteminə verilmiş ən mühüm töhfələrdən biri oldu. Seçki Məcəlləsinin qəbulu ölkəmizdə möhkəm və səmərəli fəaliyyət göstərə bilən seçki sisteminin yaradılmasına gətirib çıxardı. O zaman Seçki Məcəlləsi beynəlxalq qurumlar tərəfindən müasir standartlara cavab verən qanun kimi dəyərləndirilmiş, bu sənədin azad və ədalətli seçkilərin keçirilməsində mükəmməl hüquqi baza olduğu bildirilmişdi.
Azərbaycanda seçki qanunvericiliyi daim təkmilləşdirilir. Seçki Məcəlləsi qəbul ediləndən sonra məcəlləyə müəyyən əlavələrin və dəyişikliklərin edilməsi müasir dövrün tələbi olmaqla yanaşı, həm də Azərbaycanda demokratik mühitin bərqərar olmasından xəbər verir. Bu istiqamətdə həyata keçirilən davamlı islahatların uğurlu nəticələri artıq göz qabağındadır. Azərbaycanda qanunvericilik bazasının daha da təkmilləşdirilməsi, icra mexanizmlərinin dövrün tələblərinə uyğun yenilənməsi və tənzimlənməsi, daha çevik idarəetmə mexanizminin formalaşması, çoxpartiyalı sistemin və vətəndaş cəmiyyətinin inkişaf etdirilməsi, insanlara sərbəst toplaşmaq azadlıqlarının təmin edilməsi demokratiyanın dinamik inkişafını təsdiq edən mühüm şərtlərdəndir. Müstəqil Azərbaycan inkişaf və gələcəyə baxış siyasətini məhz, bu möhkəm təməl üzərində qurmuşdur.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyev dekabrın 7-də Azərbaycanda növbədənkənar prezident seçkisinin keçirilməsi ilə bağlı sərəncam imzalayandan sonra radikal müxalifət ölkəmizdə gələn il keçiriləcək növbədənkənar seçkilərlə bağlı qərəzli mövqelərdən çıxış etməyə başladı. Onlar başa düşmək istəmirlər ki, 2024-cü ildə Azərbaycanda keçiriləcək prezident seçkiləri ilk dəfə olaraq ölkənin istisnasız bütün ərazisində keçiriləcəkdir. Müdrik Azərbaycan xalqı buna Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə əvvəlcə 2020-ci ildə apardığı Vətən müharibəsini tarixi Qələbə ilə başa çatdıraraq öz torpaqlarını işğaldan azad etməklə, sonra da bu ilin sentyabr ayında keçirdiyi anti-terror əməliyyatı nəticəsində ölkənin tam suverenliyini bərpa etməklə nail olub. Bu gün Azərbaycanda xalq-iqtidar birliyi özünün ən zirvə nöqtəsindədir. Bu birlik cənab Prezident İlham Əliyevin hakimiyyətdə olduğu 20 il ərzində verdiyi bütün vədləri yerinə yetirməsi, sözün əsl mənasında, hər bir azərbaycanlının prezidenti olması nəticəsində formalaşıb və möhkəmlənib. Bütün bunlara görə də Azərbaycan xalqı üçün cənab İlham Əliyev alternativi olmayan, qalib bir ölkənin qalib Liderdir. Təbii ki, bu vəziyyət öz acizliyini, gücsüzlüyünü dərk edən, mövcud Azərbaycan reallıqlarını qəbul etməyən radikalları məyus edir, yuxularını ərşə çəkir və onları həmişə olduğu kimi təxribatlara sövq edir. Amma bu gün kimlərin hansı təxribatlar, hansı məkrli planlar hazırlamasından asılı olmayaraq ölkəmizdə bu planların həyata keçmə ehtimalı yoxdur və ola da bilməz. Radikal müxalifətin bundan əvvəlki bütün boykot çağırışları necə iflasa uğramışdırsa, bu dəfə də nəticə tamamilə eyni olacaqdır. Hər kəs qəti əmindir ki, 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində müdrik xalqımız yenə də Ümummilli Lider Heydər Əliyev siyasi kusuna, bu kursun ən layiqli davamçısı olan müdrik Prezidentimiz cənab İlham Əliyevə səs verəcəkdir.
Polad Ağakişiyev
YAP Qazax rayon təşkilatının məsləhətçisi
Bölməyə aid digər xəbərlər