Ümummilli Lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra ölkəmizdə demokratik seçki mühitinin formalaşdırılması hüquqi dövlət quruculuğunun əsas istiqamətlərindən birinə çevrildi. 1993-cü ilin oktyabrında Ulu Öndər Heydər Əliyevin prezident seçilməsi isə xalqın öz rəhbərinə sonsuz məhəbbətinin ifadəsi olmaqla bərabər, ölkədə demokratiyanın inkişaf etdirilməsinin, vətəndaş cəmiyyəti quruculuğunun, o cümlədən seçki sisteminin ildən - ilə təkmilləşdirilməsinin əsasını qoydu. Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında hazırlanaraq ümumxalq səsverməsi yolu ilə 1995-ci ildə qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkəmizdə demokratik standartlara cavab verən azad, ədalətli, obyektiv seçkilərin keçirilməsi üçün əsas vəzifələri müəyyənləşdirdi. Müstəqil dövlətimiz tarixi inkişaf yolu ilə qazanılan nailiyyətlərlə kifayətlənməyərək ölkədə seçki təcrübəsinin demokratik standartlara uyğunlaşdırılması yönümündə səyləri artırdı, beynəlxalq təşkilatlarla əməkdaşlıq münasibətlərini gücləndirdi. Ölkə iqtidarinın siyasi iradəsilə 1997-ci ildən ölkədə müasir standartlara cavab verən seçki qanunvericiliyinin formalaşdırılması məqsədilə Azərbaycan hökuməti və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu arasında qurulmuş fəal işbirliyinin müsbət nəticələri bu nöqteyi - nəzərdən xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan 2001-ci ilin yanvarında Avropa Şurasına tamhüquqlu üzv qəbul edildikdən sonra bu sahədə əməkdaşlıq imkanları daha da genişləndirildi, ölkədə seçki qanunvericiliyinin təkmilləşdirilməsi işində Avropa Şurasının Venesiya Komissiyası da yüksək fəallıq göstərdi.
Beynəlxalq miqyasda respublikamızın demokratik nüfuzunun daha da yüksəlməsinə nail olan Prezidentimiz cənab İlham Əliyev də seçki sisteminin daha da təkmilləşməsini və hər bir seçkinin ədalətli və şəffaf keçirilməsini diqqət mərkəzində saxladı. Məhz, Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ölkəmizə rəhbərlik etməsindən sonra seçki sisteminin təkmilləşdirilməsi istiqamətində görülən işlər bunun əyani təsdiqidir. Bütün bunların nəticəsi idi ki, 2020-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş növbədənkənar seçkilər demokratikləşmə prosesini sürətləndirən bir çox müsbət yeniliklərlə yadda qaldı, həmçinin beynəlxalq müşahidəçilər və təşkilatlar seçkilərin şəffaflığına, ədalətliliyinə, demokratik prinsiplərə uyğun keçirilməsinə dair müsbət rəy verdilər.
VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında Prezidentimiz cənab İlham Əliyev çıxışında bir çox mühüm və vacib məsələlərə toxundu. Növbədənkənar seçkilərin keçirilməsinin əsas səbəbi kimi ölkədə aparılan sistemli islahatları dərinləşdirmək və Milli Məclisin fəaliyyətini daha təkmilləşdirməkdən ibarət olduğunu vurğuladı. Altıncı çağırış Milli Məclis çoxpartiyalı məclis olduğundan bu mənada siyasi sistemin təkmilləşdirilməsi işində Milli Məclisin böyük rolu olduğunu xüsusi qeyd etdi.
Möhtərəm Prezidentimiz əminliklə bildirdi ki, Qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımlar atılacaq və Azərbaycanda çoxpartiyalı sistem daha da möhkəm əsaslar üzərində qurulacaqdır. Yeni tərkibdə formalaşmış Milli Məclis islahatlara təkan verəcəkdir. Əsas işi qanunvericilik olan parlamentin deputatlarının qarşısında böyük vəzifələr durur. Çünki dəyişən reallıqlar yeni mütərəqqi məzmunlu qanunların hazırlanmasını zəruri edir. Siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüsləri lazımdır. İqtisadi islahatların dərinləşməsi işinə töhfə verən qanunlar qəbul edilməlidir. Milli dəyərlərimizlə və onların qorunması ilə bağlı qanunvericilik bazası daha da geniş olmalıdır. Deputatlar seçildikləri dairələrdə seçicilərlə daim görüşməlidirlər. Yeni tərkibdə formalaşan Milli Məclis mənəvi cəhətdən qüsursuz olmalı, Azərbaycanda bütün sahələrdə dünyəvilik prinsiplərinə əməl olunmalıdır. Çünki aparılan islahatların mahiyyəti də budur.
VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin geniş və məzmunlu çıxışı bir daha sübut etdi ki, Azərbaycan dövləti müstəqil siyasət aparır və dünyada nadir ölkələrdən biridir ki, o, özünün müstəqil iqtisadi siyasətini bütün dünyaya artıq bəyan edib. Məhz iqtisadi müstəqillik sayəsində əldə edilən uğurlar bu gün Azərbaycanın davamlı inkişafını təmin etmişdir. Hər bir azərbaycanlı sevinir və qürur hissi keçirir ki, Ulu Öndər Heydər Əliyevin qurduğu müstəqil Azərbaycan dövləti bu gün Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında sürətlə inkişaf edir, dünyada nüfuzu artır, yeni - yeni qələbələr qazanır və zaman - zaman hədəflərinə çatır.
Anar Nəbiyev
YAP Qazax rayon təşkilatının sədri
Bölməyə aid digər xəbərlər