Son illər dövlət başçısı İlham Əliyevin Mərkəzi Asiya ölkələrinə, region dövlətlərinin başçılarının isə Azərbaycana səfərləri davamlı xarakter alıb. Bu isə öz növbəsində ölkələrarası əlaqələrin inkişafına, yeni əməkdaşlıq imkanlarının yaranmasına gətirib çıxarıb. Azərbaycanın sıx, tarixi əlaqələrə malik olduğu türk dövlətlərindən biri də Qazaxıstandır. Prezident İlham Əliyevin aprelin 10-da Qazaxıstana reallaşdırdığı rəsmi səfər çərçivəsində keçirilən görüşlərdə münasibətlərimizin dünəninə baxış əsasında perspektivlər açıqlandı. Hər bir səfərin əhəmiyyətini təsdiqləyən mühüm məqamlardan biri ölkələr arasında əlaqələrin inkişafında hüquqi baza olan sənədlərin imzalanmasıdır. Sözügedən səfəri zamanı imzalanan çoxsaylı sənədlər əlaqələrin gələcək inkişafına böyük stimul olacaq. Azərbaycan Prezidenti İlham Əliyevin və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin imzaladığı “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası Ali Dövlətlərarası Şurasının yaradılması haqqında Protokol” iki dost, müttəfiq ölkə arasında münasibətlərin daha da dərinləşməsində öz sözünü deyəcək.
Azərbaycan ilə Qazaxıstan arasında diplomatik əlaqələr 1992-ci il avqustun 30-da yaradılıb. 1993-cü ilin yanvarında Qazaxıstanın Azərbaycanda, 2004-cü ilin martında isə Azərbaycanın bu ölkədə səfirlikləri fəaliyyətə başlayıb. 2008-ci ilin sentyabrında Azərbaycanın Qazaxıstanın Aktau şəhərində baş konsulluğu açılıb.
Bu günədək Azərbaycanla Qazaxıstan arasında 134 sənəd imzalanıb. Bu sənədlər arasında “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında dostluq münasibətləri və strateji tərəfdaşlıq haqqında Bəyannamə”, “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilə”, “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə” xüsusi vurğulanmalıdır. İmzalanan sənədlərin adları özündə bütün məqamları ehtiva edir. İki ölkə arasında müttəfiqlik münasibətləri bütün sahələrdə özünü nümayiş etdirir. Ayrı-ayrı sahələrdə əməkdaşlığın geniş təhlili fonunda Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bildirdi ki, çoxşaxəli əməkdaşlığı möhkəmləndirmək üçün əsas sərvətimizi – iki xalq arasında qardaşcasına münasibətləri qoruyub saxlamaq və möhkəmləndirmək vacibdir. Buna görə mədəni-humanitar gündəliyimizin keyfiyyətcə zənginləşməsinə hər vasitə ilə şərait yaratmalıyıq. Azərbaycanda Qazaxıstan Mədəniyyəti Günlərinin keçirilməsi bu ilin əlamətdar hadisəsi olacaq. Bununla bağlı razılıq əldə edilib. Bu il Qazaxıstanda Ümummilli Lider, görkəmli dövlət xadimi Heydər Əliyevin 100 illiyinə həsr olunmuş bir sıra xatirə tədbirləri keçiriləcək.
Dövlət başçısı İlham Əliyevin Qazaxıstana səfəri zamanı Astananın mərkəzində Ulu Öndər Heydər Əliyevin adını daşıyan küçənin açılışı oldu. “Qazaxıstan” telekanalının dahi şəxsiyyət Heydər Əliyev haqqında hazırladığı “Görkəmli həyat” adlı nadir sənədli film nümayiş edildi. Bütün bu tədbirlər xalqlarımızın əbədi dostluğunun parlaq nümunəsi, Qazaxıstan-Azərbaycan münasibətlərinin inkişafına tarixi töhfə vermiş görkəmli dövlət xadiminə hörmət əlamətidir.
Gördüyünüz kimi, müzakirə edilən məsələlərin dairəsi çox geniş oldu. Bu səfər ölkələrimiz arasında qarşılıqlı münasibətlərin, əməkdaşlığın inkişaf etdirilməsinin uğurlu davamı üçün çox böyük əhəmiyyət kəsb edir. Hər iki tərəf əməkdaşlığı konkret məzmunla, razılaşmalarla zənginləşdirmək üçün səylərini daha da artırır.
Anar Nəbiyev
YAP Qazax rayon təşkilatının sədri
Bölməyə aid digər xəbərlər