Ümummilli Lider Heydər Əliyevin demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu sahəsindəki siyasəti bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Müasir dövrdə demokratiyanın inkişafı, qanunçuluğun təminatı, insan hüquq və azadlıqlarının qorunması həm də sosial rifah, iqtisadi tərəqqi amilləri ilə sıx bağlıdır. Respublikamızın iqtisadi imkanları genişləndikcə ölkəmiz ümumbəşəri dəyərlərə əsaslanaraq mütərəqqi yolla inamla irəliləyir, insan azadlıqlarının təminatı, demokratikləşmə sahəsində yeni - yeni uğurlara imza atır. Azərbaycan hazırda dünyanın ən sürətlə inkişaf edən, yeniləşən, müasirləşən, demokratikləşən dövlətinə çevrilmişdir. Qloballaşan dünyada respublikamız sürətli sosial - iqtisadi inkişafını qoruyub saxlayır, böyük infrastruktur layihələri, regional proqramlar həyata keçirir. Avropanın enerji təhlükəsizliyində əsas söz sahibi kimi mühüm rol oynayır. Ən başlıcası, bu gün Azərbaycan cəmiyətinin bütövlüyü və monolitliyi təmin olunmuş, insanlarda uğurlu gələcəyə nikbin baxış formalaşmışdır. Ölkə Başçımızın uğurlu siyasəti nəticəsində Azərbaycanda bütün sahələrlə yanaşı, demokratiyanın tam bərqərar olması,siyasi dialoqla bağlı dövlətimizin təşəbbüsləri inamla davam etdirilir.
Ölkəmizdə siyasi dialoqun formalaşdırılmasına, təkmilləşdirilməsinə göstərilən təşəbbüslər bilavasitə, dövlətin və cəmiyyətin, demokratiyanın inkişafı, hüquqi mühitin qorunması, dayanıqlı olması, iqtisadi azadlığın bərqərar edilməsi, siyasi partiyaların ümummilli məsələlərdə bir araya gəlməsi baxımından çox əhəmiyyətlidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə, istər beynəlxalq aləmdə, istərsə də respublika daxilində münasibətlərin normallaşdırılması, aydınlaşdırılması, yaxşılaşdırılması üçün əməkdaşlığın genişləndirilməsinə, dialoqların təşkilinə ehtiyac olduğunu gündəmə gətirmiş, problemlərin həllində danışıqların ən doğru yol olduğunu bildirmişdir.Dövlətimizin rəhbərinin keçirdiyi saysız-hesabsız görüşlər, verdiyi müsahibələr, xarici ölkələrə səfərləri, təşkil olunan forumlar, beynəlxalq əhəmiyyətli tədbirlər bunun əyani nümunəsidir.
Beynəlxalq aləmdə olduğu kimi, siyasi dialoqa ölkə daxilində sağlam münasibət bəslənilməsi 44 günlük Vətən müharibəsi günlərində öz əyani ifadəsini göstərdi. Həmin günlərdə ölkədə fəaliyyət göstərən əksər siyasi partiyalar bir araya gəlmiş, milli mənafeyimiz, torpaqlarımızın azadlığı, düşmənin məhvi üçün yekdil mövqedən çıxış etmişlər. Cənab İlham Əliyevin: “Mən demişdim ki, bizim normal dialoqa ehtiyacımız var, hökumətlə müxalifət arasında, aparıcı partiya ilə digər partiyalar arasında normal, sivil münasibətlərə ehtiyacımız var” fikirləri çətin döyüşlər zamanında özünün varlığını, həqiqiliyini sübut etdi. Müstəqilliyimiz, dövlətçiliyimiz, milli maraqlarımız, taleyüklü məsələlərimiz olduğu yerdə müxalifətçilik ola bilməz. Son illər normal, sivil dialoqa münasibətlərə meydan verilməsi, təşəbbüslər göstərilməsi məhz buna xidmət edir."Siyasi partiyalar haqqında” Qanunun qəbul edilməsi, siyasi partiya rəhbərləri ilə keçirilən çoxsaylı görüşlər, dialoqların genişləndirilməsinə göstərilən təşəbbüslər məhz ölkədə siyasi mühitin sağlamlaşdırılmasına hesablanmışdır. Göstərilən cəhdlər öz nəticələrini vermiş və ölkənin iqtisadi cəhətdən inkişafına, demokratik təsisatların genişləndirilməsinə, söz, mətbuat azadlığına zəmin yaratmışdır. Ancaq belə bir şəraitdə düşmən dəyirmanına su tökən aqressiv müxalifətin çıxışları, onların böhtan və yalan xarakterli bəyanatları cəmiyyəti ciddi narahat edir, qəzəb və nifrətlə qarşılanır. Bu nankor əməllər uğurlarımıza kölgə salmaq, qara yaxmaq cəhdindən başqa bir şey deyildir. Ancaq əldə etdiyimiz nailiyyətlər, qazandığımız uğurlar, qələbələr müqabilində bu yersiz çıxışlar, bu cılız bəyanatlar heç nədir. Müdrik xalqımız bunu belə dəyərləndirir, ən vacibi isə xalqın verdiyi düzgün və doğru qiymətdir. Bu gün ölkəmizdə sağlam siyasi mühit, xalq - ordu birliyi, Lider - xalq həmrəyliyi yüksək səviyyədədir ki, bütün bunlar da mövcud Azərbaycan reallıqlarıdır.
Kamandar İbrahimov
YAP Qazax rayon təşkilatı ərazi partiya təşkilatının sədri
Bölməyə aid digər xəbərlər