"TANRI SİZLƏRI SEVİNDİRSİN..." - Məhərrəm Şəmkirli

                                                
And olsun Tanrının birliyinə, o gün elə sevinmişəm  ki, sanki Qarabağdan rus sülhməramlıları çıxıb gedib, biz də üş rəngli  bayrağımızı  Xankəndinin ən uca yerinə sancmışıq.  Allah sizləri də sevindirsin. Sevinmək hər bir Tanrı bəndəsi kimi mənim də insanlıq haqqımdır. Bu haqqı kimsə mənim əlimdən almaq istəsə, o, Allahsızdır.
 Soruşa bilərsiniz ki, mən nəyə sevinmişəm və niyə sevinmişəm?  Səbrinizi bir balaca bassanız, mən bir balaca ucundan, qulağından deyərəm,  siz də bilərsiniz. Hamınız bilirsiniz ki, son bir neçə ilə kimi küçələrin qırağına qoyulan bardurlar sovet dövründə istesal olunmuşdu. Hər sahədə Avropa- (bizim haqq işimizi görməyib özünü korluğa vuran, uğurlarımızı gözü götürməyən) ya inteqrasiya edən, onların standartlarına uyğunlaşan, hətta bəzi sahələrdə onları üstələyib analoqu olmayan uğurlara imza atan bizlər bardur istehsalında analoqu olmayan naliyyətlər qazanıb, yolların kənarındakı bardurları söküb mərmər bardurlarla əvəzlədik. Və bununla da illər öncə ata- baba torpaqlarımız kimi əlimizdən alınıb maşınlara verilmiş Bakının iki adam yanbayan gedəndə birinə yer olmayıb yolun ortasına düşüb gedən şəhər sakininin səkisi nəhayət əsil sahiblərinə- piyadalara qaytarılıb. Kimin qaytarmağını dəqiq bilmirəm. Heç bunun fərqi də yoxdur. Amma kim qaytarıbsa, ona diriykən heykəl düşür. Əgər məndən olsaydı vallah həmin adama ev- eşiyimi satıb Bakının mərkəzi parklarının birində (hələ ki, bəziləri heykəlsizdir) tuncdan heykəl qoyardım. Hətta adına iri bir mükafat da təsis edərdim. Zarafat deyil, kişi illərlə maşınların tapdağı altında olan səkiləri azad edib.
 O gün bir dostum çox səviyyəsiz bir sual verdi:  “Təminat var ki, bir də səkilər zəbt olunmayacaq?”
 Mən də mentalitetimizə uyğun cavab verdim: “Bir dəfə azad olunmuş səkilər heç vaxt itirilmir!!!”
 Dostum mənim bu obrazlı cavabıma bir qəhqəhə çəkdi ki,  az qaldı qulaqlarım bata.  Üstünə çımxırdım: “Ə, yoxsa şübhənmi  var?”
Dedi ki, bəli var. Nə çoxdur Bakıda tank boyda maşınlar. Hündür bardurları aşıb səkiyə çıxacaqlar. Onda sözün nə olacaq?!
Heç bir cavab vermədim. Kişi düz deyirdi.  Bizim bəzilərimizin əxlaqı, düşüncəsi, mədəniyyəti  bundan artıq deyil ki...  Bir də gərək ölkə qanunları işləyə.  İşləmədisə vay o ölkənin və onun vətəndaşlarının halına....


Məhərrəm Şəmkirli


Tarix: 12-04-2021, 07:45 Oxunub: 284


Bölməyə aid digər xəbərlər