11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
18:56 / 19-11-2024
Prezident Fərman imzaladı
Bir şəklin tarixçəsi - Səməd Vurğunun qeyri-adi DƏFNİ

Martın 21-i Azərbaycan poeziyasında öz dəsti-xətti olan dahi şair Səməd Vurğunun (Səməd Yusif oğlu Vəkilov) doğum günü idi... Sosial şəbəkələrin Azərbaycan seqmentində mərhum şairə aid müxtəlif şeir parçaları, fotoşəkillər və xatirələr paylaşılıb. Bunlardan ən diqqətçəkəni Səməd Vurğunun dəfnində lentə alınmış bir fotoşəkil olub.

 Vəkilovlar nəslinin nümayəndəsi Rüfət Hüseynlinin təqdim etdiyi həmin foto Modern.az saytının “Bir şəklin tarixçəsi” rubrikasında yayımlanıb.

Qeyd edək ki, 1955-ci ilin oktyabr ayında Səməd Vurğun SSRİ nümayəndə heyəti tərkibində Vyetnama gedərkən yolda xəstələnir və səfərini yarımçıq saxlamalı olur. Çində onu Pekin xəstəxanalarından birində müayinə edirlər. Bir neçə həftədən sonra şair vətənə qayıdır. Onun xəstəliyi şiddətlənir.
1956-cı ilin martında Səməd Vurğunun 50 yaşı tamam olur. Şairin yubileyinin keçirilməsinə hazırlıqlar çərçivəsində Azərbaycan SSR rəhbərliyi tərəfindən "Azərbaycanın xalq şairi" adı təsis edilir və ilk dəfə bu ada Səməd Vurğun layiq görülür.

May ayının 12-də Opera və Balet Teatrında SSRİ-nin ədəbi ictimaiyyətinin və xarici qonaqların iştirakı ilə şairin təntənəli yubiley gecəsi keçirilir. Yubiley təntənəsindən iki həftə sonra 1956-cı il may ayının 27-də, saat 19:30-da şairin gözləri əbədi yumulur. May ayının 28-dən 30-na kimi şairin cənazəsi Azərbaycan Dövlət Filarmoniyasının binasında qoyulur. Şair may ayının 30-da Bakıda Fəxri Xiyabanda dəfn edilir.


1956-cı il mayın 30-da keçirilən dəfn mərasimindən lentə alınmış bu fotoşəkil Səməd Vurğunla həmyaşıd və seminariyada ondan bir sinif fərqlə oxumuş Şamil Vəkilova məxsusdur.
Şəkildə tanınmış simalar yer alır: rəhmətliklər Adil İskəndərov, Mehdi Hüseyn, Mehdixan Vəkilov, Yusif Səmədoğlu,Vaqi Səmədoğlu...

Şəkildə diqqətçəkən məqam dəfn olunmağa aparılan mərhum şairin tabuta üzüaçıq uzadılmasıdır. Elə bu məqam sosial şəbəkədəki müzakirələrə səbəb olub.

Müzakirələrə qoşulan Vəkilovlar nəslinin nümayəndəsi R.Hüseynli bildirib ki, o da babalarından bu haqda çox soruşub.
“Özüm də bu barədə çox soruşmuşam. Cənazə kəfənlənib. Yanılmıramsa məhz bu səbəbdən əllər görünmür. Kitel üstdən geyindirilib. Amma üz açıq saxlanılıb. Təbii ki, dövrü nəzərə almağımız şərtdir. Bəli, bu şəkildə kəfənlənmə şəriət nöqteyi-nəzərindən doğru deyil. Yalnız yenə də ö dövrü (İslam adət-ənələrinə qadağa qoyan sovet dövrü nəzərdə tutulut-red.) nəzərə almağınızı vurğulamalıyam”.

Tabutun düz arxasındakı gur saçlı şəxs Səməd Vurğunun qardaşı Mehdixan Vəkilovdur...

Mehdixan Vəkilovdan sağda mərhum şairin oğlu Vaqif Səmədoğlu, yanındakı onun anası – Səməd Vurğunun həyat yoldaşı Xavər xanımdır. Xavər xanımdan sağda şairin digər övladları - qızı Aybəniz xanım və böyük oğlu Yusif Səmədoğlu gedir...

Fotoşəkildə ən soldakı şəxs görkəmli rejissor-aktyor Adil İsgəndərovu, tabutu daşıyanlardan öndə gedən soldakı şəxs isə yazıçı Mehdi Hüseyndir. Mehdi Hüseynin arxasında tabutu daşıyan şəxs yazıçı Osman Sarıvəllidir.

Şəkillə bağlı digər diqqətçəkən məqam şəkildə ən sağda dayanmış Sovet İttifaqı Qəhrəmanının kimliyidir ki, bu haqda məlumat verilmir.


Tarix: 22-03-2021, 15:29 Oxunub: 927


Bölməyə aid digər xəbərlər