Bakı şəhəri 225 nömrəli tam orta məktəbin nəzdində fəaliyyət göstərən Kiçik Akademiyanın yetirmələri ilə dünya miqyasında tanınan azərbaycanlı alim, süni intellekt və müasir elmi texnologiyalar üzrə mütəxəssis professor Dərya Unutmazın görüşü keçirilmişdir.
Görüş məktəbin direktor müavini, Türk Dünyası Beynəlxalq Elmlər Akademiyasının Fəxri professoru Zenfira Nusalovanın təşkilatçılığı ilə baş tutmuşdur. Tədbirin əsas məqsədi şagirdləri müasir elm sahələri, xüsusilə süni intellektin imkanları və gələcək perspektivləri ilə yaxından tanış etmək olmuşdur.
Tədbirdə professor Dərya Unutmazın köməkçisi, yüksək intellekti və peşəkarlığı ilə seçilən Aytən xanım da iştirak etmişdir. Onun elmi proseslərdə fəal rolu və gənclərlə ünsiyyəti tədbirə xüsusi dəyər qatmışdır.
Görüşdə, həmçinin, Azərbaycanın istedadlı gəncləri Rihad Cəfərov və Nihad Cəfərov iştirak etmiş, elmə və texnologiyaya maraqları, fəal mövqeləri ilə şagirdlər üçün nümunə olmuşlar. Onların iştirakı gənclər arasında elmi düşüncənin inkişafı baxımından xüsusi əhəmiyyət daşımışdır.
Professor Dərya Unutmaz çıxışı zamanı süni intellektin elmdə tətbiqi, innovasiya, böyük verilənlərin analizi və gələcəyin peşələri barədə ətraflı məlumat vermiş, gəncləri daim öz üzərlərində işləməyə və elmə sevgi ilə yanaşmağa çağırmışdır.
Görüş şagirdlərin böyük marağı, canlı müzakirələr və sual-cavab şəraitində keçmiş, iştirakçılar üçün unudulmaz və ilhamverici bir elm bayramına çevrilmişdir.
Bölməyə aid digər xəbərlər
















