16:40 / 23-02-2026
60 İLLİK ZİYALI ÖMRÜ
Şərəflə yaşanmış ömür...

     Krımda Bağçasaray yaxınlığında bir mədrəsə var, adına "Zəncirlənmiş məbəd" deyirlər, məbədə girəndə mütləq başını əyməlisən, yoxsa qapının yuxarısından asılmış zəncir adamın alnının ortasından zərblə dəyə bilər. Bələdçisi deyirdi ki, bura əvvəllər mədrəsə olub, gənclər təlim almaq üçün bu müqəddəs məkana gəlirlərmiş. Elm ocağına girəndə ona hörmət – ehtiram əlaməti olaraq mütləq başını əymək, təzim eləmək lazımdır. Məbədin girəcəyində asılmış zəncirlər məhz simvolik olaraq buna işarədir.

     Məktəb cəmiyyətin mənəvi barometri, mənəvi ölçü vahidi, millətin mənəviyyatının aynasıdır. Cəmiyyətin sağlamlığı birbaşa məktəbdən qaynaqlanır. 

     Bu məmləkətin tarixində məktəb bina etmək tarixin bütün dönəmlərində müqəddəs bir əməl sayılıb. Gənc yaşlarında məktəb təməli qoyan və şərəflə yaşadığı ömrün yarısını o məktəbin və orda pöhrələyən fidan balaların inkişafına həsr edən Azərbaycanın ziyalı xanımlarının öncüsüdür Zenfira xanım Ağayeva.  Yaratdığı məktəb sayəsində 30 illik uzun bir zaman kəsiyində respublikamızda minlərlə əlləri qızıl olan gəncin istedadını üzə çıxararaq, o istedadların ictimai həyata addımlamasına mənəvi Ana xeyir-duası ilə stimul verib Zenfira xanım. 

    Yurdumuzun suyu, torpağı, havası, ağ qızıl, qara qızıl  kimi faydalı sərvətləri olduğu kimi, həm də  gözəl mənəvi sərvətləri vardır. Zenfira xanım kimi bir insanın varlığı Vətənimiz üçün, yurdumuz üçün, xalqımız üçün qiymətli mənəvi sərvətdir. Firidun bəy Köçərli Qazaxda, Hüseyn Cavid Bakıda, Məhəmməd Tağı Sidqi Naxçıvanda vaxtilə məktəb əsası qoyanda qız övladlarını daha çox təhsilə cəlb etməyə çalışırdılar və bilirdilər ki, təhsil verdikləri qızlar gün gələcək məmləkəti ayaq üstə saxlayan sütunlardan biri olacaq. Bu gün Zenfira xanım öz parlaq fəaliyyəti, mübariz xarakteri, dürüstlüyü, əzmi, iradəsi və zəhmətsevərliyi sayəsində ortaya qoyduğu işlərlə bulunduğu hər yerdə Azərbaycan Qadını adına başucalığı gətirir. Var olsun!

     Zenfira xanımın əməyi ilə ərsəyə gələn “Qızıl əllər” tədris müəssisəsi  təhsil, tekstil, xalça, mebel və xidmət sahələri üzrə fəaliyyət göstərir. Zenfira xanımın yorulmaz səyi nəticəsində minlərlə gənc artıq peşə sahibi olub əmək fəaliyyətinə başlayıb. Elə bu gözəl xüsusiyyətlərinə görə də Zenfira xanım həmişə gözəl alqış və duaların, təşəkkürlərin ünvanıdır.

     O, 7000-dən çox üzvü olan Azərbaycan Sahibkar Qadınlar İctimai Birliyinin sədridir. Məhz Zenfira xanımın nəcib xarakteri, bilgiləri, yüksək idarəetmə qabiliyyəti, təşkilatçılığı Birliyin uğurlu fəaliyyətinin qarantıdır.   Hər il Birliyin xətti ilə 100-dən çox iş xanımı xaricdə təcrübə mübadiləsi aparır, müxtəlif xarici ölkələrdə sahibkar xanımlarla əməkdaşlıq edirlər. Zenfira Xanım uzun illərdir ki, bu cür çoxşaxəli fəaliyyəti olan nəhəng bir kollektivə çox gözəl rəhbərlik edir.

     Bu gün dəyərli Zenfira xanımın doğum günüdür. Ona möhkəm can sağlığı, ailə səadəti və iş həyatında böyük uğurlar, nailiyyətlər arzu edirik! 

    Ulu Tanrı Zenfira xanım kimi qeyrətli xanımlarımızı, millətimizi, məmləkətimizi qorusun!










Xəyalə Əfəndiyeva

Filologiya üzrə fəlsəfə doktoru


Tarix: 14-08-2025, 22:26 Oxunub: 751


Bölməyə aid digər xəbərlər


«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031