16:40 / 23-02-2026
60 İLLİK ZİYALI ÖMRÜ
Heydər Əliyev və Gənclər siyasətinin inkişafında tarixi əsaslar


   Bəşər tarixində elə şəxsiyyətlər olur ki, onların dühası ilə mənsub olduqları xalqın milli və mənəvi şöhrəti dünyaya yayılır, gündən-günə ucalaraq nəsillər arasında qırılmaz körpüyə dönür. “Ölümü ilə ölümsüzlüyü fəth edən adam” Ümummilli lider Heydər Əliyev kimi. İnsan ömrünün dəyəri illərlə deyil, gördüyü işlərlə ölçülür. Həyatı Azərbaycana həsr olunan, Azərbaycan naminə yaşayıb-yaradan, nəbzi xalqın nəbzi ilə vuran, ürəyi xalqın sevinci, kədəri ilə birgə döyünən Heydər Əliyev.

       Hər bir xalqın azadlığa və dövlət müstəqilliyinə nail olması üçün üç şərt əsasdır: tarixi şans, iradə və lider. Liderliyi öz şəxsi nüfuzu, fəallığı, yaradıcılığı, uzaqgörənliyi və enejisi ilə fərqlənən, xüsusi idarəetmə keyfiyyətlərinə malik olan və xalqın sevgisini, hörmətini qazanan dahi insan yerinə yetirir. Ümummilli lider eyni vaxtda iki zaman ilə mübarizə aparırdı: keçmiş və gələcək. Bir tərəfdən keçmişin ağır mirası ilə çarpışır, digər tərəfdən ölkənin gələcəyi üçün əlindən gələni edirdi. Gələcəyi gənclərsiz təsəvvür etmək olmaz. Cəmiyyətin aparıcı təbəqəsi gənclərdir. Gəncliyin sağlam ruhlu, savadlı, yüksək mənəvi tərbiyəyə malik olması dövlət üçün önəmlidir. Azərbaycanın tərəqqisində, onun iqtisadi, siyasi və mədəni həyatında, demokratik dövlət və cəmiyyətin qurulmasında gənclərin rolu danılmazdır. Heydər Əliyev gənclərlə bağlı məsələləri həmişə öz siyasətinin əsas tərkib hissələrindən biri hesab edib. O deyirdi: “Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən oxumalı, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir. 

        Gənclərimizin bir fərd, əsl azərbaycan vətəndaşı kimi formalaşmasında Heydər Əliyevin danılmaz əməyi, misilsiz xidmətləri var. XX əsrin 70-80-ci illərində onun göstərişi ilə yüzlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin aparıcı ali məktəblərinə, müxtəlif ixtisaslar üzrə təhsil almağa göndərildi. Əvvəlki illərdə bu tələbələrin sayı 1500 nəfər idisə də, 80-ci illərdə onların sayı 3500 nəfərə çatmışdı ki, bunlarda Sovet İttifaqının tanınmış 70 ali təhsil ocağında təhsil alıb, sonradan ölkə iqtisadiyyatının müxtəlif sahələrində bacarıqlı kadr kimi fəaliyyətə başladılar. Hər il təhsil almaq üçün Azərbaycandan kənara 800 tələbə yola salınırdı. Onlar sonradan Azərbaycan Respublikasının daxil olacağı yeni dövrün problemlərini həll etməli idilər. 22 sentyabr 1993-cü ildə Respublika Ali Sovetində gənclərin nümayəndələri ilə görüşündə onlara dərin inam bəslədiyini ifadə etdi. Ulu öndərin “Azərbaycanın bu günkü gələcəyi bütövlükdə sağlam düşüncəli gənclərdir” – sözləri hər gəncin həyat devizinə çevrildi. Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar. Dövlət gənclər siyasəti – gənclərin bilik və bacarıqlarının reallaşdırılması məqsədi ilə dövlət tərəfindən həyata keçirilən tədbirlər sistemidir. Gənclərin hərtərəfli inkişafı ölkənin sosial-iqtisadi, elmi və mədəni inkişafı ilə sıx əlaqədardır. 

      XX əsrin 90-cı illərində gənclər qarşısında duran problemlər və onların həlli yolları dəyişməyə başladı. Bu da ölkəmizdə və eləcə də dünyada baş verən ictimai-siyasi hadisələrlə əlaqədar idi. Ulu Öndər bu dövrdə gənclərin dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi, mədəni həyatında iştirakının təmin edilməsini vacib məsələlərdən biri kimi elan etmişdir. Bu istiqamətdə atılan addımlardan biri 1994-cü il iyulun 26-da Gənclər və İdman Nazirliyinin yaradılması oldu. Məqsəd gənc nəslin mütəşəkkil yetişdirilməsi idi. Nazirlik yaradıldıqdan sonra dövlət gənclər siyasəti sahəsində mühüm işlər görülməyə başlandı. 1996-cı il yanvarın 26-da Heydər Əliyevin sərəncamı ilə Gənclər Forumunun keçirilməsi nəzərdə tutuldu. Fevralın 2-də Azərbaycanda Gənclərin İlk Forumu keçirildi. Həmin gün ölkəmizdə Gənclər Günü kimi qeyd olunur. Yeri gəlmişkən, Dünya üzrə Gənclər Günü bizdən üç il sonra 1999-cu ildə BMT-nin qərarı ilə elan edilib. Forumun keçirilməsi ilə dövlət siyasətində gənclərə diqqət, qayğı daha da artırıldı. Forumun məqsədi Azərbaycan Respublikasının gəncləri qarşısında duran vəzifələrinin həyata keçirilməsində ölkə gənclərinin hər bir sahədə fəal iştirak etməyə hazır olduğunu nümayiş etdirdi və gənclərlə işin nəzərə çarpacaq dərəcədə canlanmasına səbəb oldu. Azərbaycanın gələcəyi üçün mütəsna əhəmiyyətini nəzərə alaraq istedadlı gənclərə Azərbaycan Respublikasının Prezidentinin şəxsi himayəsini, onların yaradıcılıq potensialını inkişaf etdirmək üçün dövlət qayğısını təmin etmək məqsədi ilə Azərbaycanın gənc istedadlarının “Qızıl kitab”ı və “Qızıl kitab”a adları yazılmış gənc istedadlara təqdim etmək üçün xüsusi təqaüd təsis edildi. İstedadlı gənclərin təhsilə marağının daha da artırmaq və dəstəkləmək üçün Prezident Heydər Əliyev ali məktəblərə qəbul imtahamlarından ən yüksək bal toplamış abituriyentlərlə şəxsən görüşüb, onlara “Prezident təqaüdü”nün verilməsi barədə qərarı dahi şəxsiyyətin təhsilə diqqətinin daha bir nümunəsi idi. 

       2002-ci il aprelin 2-də “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Bu qanun Azərbaycan Respublikasında gənclər siyasətinin məqsədlərini, prinsiplərini, istiqamətlərini təşkilati-hüquqi əsaslarını müəyyən edir və bu sahədə yaranan münasibətləri tənzimləyir. Dövlət gənclər siyasətinin uğurla həyata keçirilməsi gənclərin qarşısında duran problemlərin həllinə münasibəti köklü şəkildə dəyişməsinə imkan yaratdı və onları vahid azərbaycançılıq ideologiyası ətrafında daha da sıx birləşdirdi. Gənclərin II Forumu, “Bədən tərbiyəsi və İdman haqqında”, “Gənc ailə”, “Gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin yüksəldilməsi haqqında”, “Ordudan təsis edilmiş gənclərin məşğulluğu” və s. proqramlar, qanunlar Azərbaycan gəncliyinin inkişaf yolunda çox mühüm faktora çevrildi.

       Heydər Əliyevin müəyyənləşdirdiyi dövlət gənclər siyasəti bu gün yeni minilliyin lideri İlham Əliyev tərəfindən uğurla davam etdirilir və yeni inkişaf mərhələsinə qədəm qoyub. Gənclərin hərtərəfli inkişafı, mükəmməl təhsil alması, müxtəlif sahələr üzrə potensialın aşkar edilməsi, bacarıqlarının stimullaşdırılması üçün münbit şərait yaradılıb. Azərbaycan gəncləri ictimai həyatın bütün sahələrində fəal iştirakı ilə seçilir. Ölkə başçısının müvafiq sərəncamları ilə 2007-ci il “Gənclər ili”, 2020-ci il “Könüllülər ili” elan edilməsi ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasətindən və gənclərə qayğıdan xəbər verir. XXI əsrin müxtəlif illərində (2005, 2011-2015, 2017-2021) qəbul edilmiş “Azərbaycan Gəncliyi Dövlət Proqramı”, gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramının təsdiq edilməsi müasir Azərbaycan gəncliyinin dövrün tələbləri səviyyəsində hərtərəfli inkişafına möhkəm zəmin yaradıb. Azərbaycan gənclərinin xoşbəxtliyi həm də onların müstəqil bir dövlətdə yaşamasıdır. Vətən uğrunda, torpaq uğrunda sinəsini sipər edənlərin əksəriyyəti müstəqillik dövründə yetişimş, formalaşmış Azərbaycan gəncləri idi. Bu hər birimiz üçün qürur mənbəyidir. Ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin bərpa olunmasında rəşadət göstərən Azərbaycan gənci bu gündə “Böyük Qayıdış” layihəsinə əsasən Qarabağın quruculuğunda gənc mütəxəssis kimi çalışır. Əsası Ulu Öndər tərəfindən qoyulan və yeni minilliyin lideri tərəfindən davam etdirilən gənclər siyasətinin əsas prinsiplərindən biri millətinə və dövlətinə sadiq bir gənc nəsil yetişdirmək idi ki, “Vətən müharibəsi” bu məqsədin hasil olduğunu göstərdi. 

        Müzəffər ölkənin qalib gəncləri kimi indi daha inamlı və daha həvəslə dövlətimizin inkişafı və bayrağımızın ucalması üçün yorulmadan çalışmalıyıq. 

 Yaşasın Azərbaycanın gələcəyi olan gəncliyimiz!


Nəsibzadə Aysun


Tarix: 26-04-2025, 09:14 Oxunub: 1 231


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı


«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031