“LB-Academy” “Parlament simulyasiyası” keçirdi - Naxçıvanda

     “The Legal Beacon” (“Hüquq mayakı”) klubu hüquqşünaslar Əli Qədimov və Yunis Xəlilovun birgə təşəbbüsü ilə Naxçıvan şəhərində oktyabr ayının 13-də saat 15:00-da hüquqşünaslıq ixtisasının tələbələri üçün  “Hüquqi perspektivdə süni intellekt” layihəsi çərçivəsində ilk dəfə “Parlament simulyasiyası” adlı maraqlı bir layihə gerçəkləşdirdi.
     Ümumilikdə götürdükdə, bu simulyasiya, süni intellektin hüquqi statusunun təyin edilməsi və onun qanun çərçivəsində tənzimlənməsi ilə bağlı parlament müzakirələrinin canlandırılmasına yönəlib. Simulyasiya iştirakçılarının məqsədi isə süni intellektin hüquqi statusu ilə bağlı hüquqi və etik məsələləri müzakirə etmək və qanun layihəsi hazırlamaqdır. Simulyasiyanın təşkilati-hazırlıq məsələlərinin həll olunduğu tədbirin bir neçə mərhələdən ibarət şəkildə həyata keçirilməsi nəzərdə tutulur. “Parlament simulyasiyası”nın sonunda iştirakçılar süni intellektin hüquqi subyekt kimi tanınmasının, məsuliyyət daşımasının və qanunlarla tənzimlənməsinin üstünlüklərini və çatışmazlıqlarını analiz etmiş olacaqlar.

Simulyasiya zamanı müxtəlif hüquq məktəblərinin (təbii hüquq nəzəriyyəsi, hüquqi pozitivizm, sosioloji hüquq nəzəriyyəsi, realist hüquq nəzəriyyəsi, kritik hüquq nəzəriyyəsi və s.) prizmasından yanaşılaraq tələbələr aşağıdakı suallara aydınlıq gətirməyə çalışacaqlar:
- Süni intellekt təbii hüquq perspektivində hüquqi statusa sahib ola bilərmi?
- Süni intellektin hüquqi statusu qanunla müstəqil şəkildə tənzimlənməlidirmi?
- Cəmiyyətin inkişafına uyğun olaraq süni intellektin hüquqi subyekt kimi tanınması mümkündürmü?
- Süni intellektin hüquqi subyekt olması praktikada hüquqi sistemə necə təsir göstərə bilər?
- Süni intellektin hüquqi statusu sosial ədalətə və bərabərliyə necə təsir edəcək?
- Süni intellektin hüquqi statusunun iqtisadi faydaları nələrdir və onun tanınması hüquq sisteminə və bazara necə təsir göstərə bilər?
    Diqqət çəkən məqamlardan biri Bakı Dövlət Universitetinin dosenti, hüquq üzrə fəlsəfə doktoru Fərhad Mehdiyevin   onlayn şəkildə tədbirə qoşularaq süni intellekt və hüquq mövzusunda maraqlı fikirlərini bölüşməsi oldu. Fərhad Mehdiyev həmçinin tələbələrə hüquq nəzəriyyəsi elmi haqqında da məsləhətlər verdi.
     Tədbirdə “Beynəlxalq Elm və Təhsil İdarəçiləri Assosiasiyası” İctimai Birliyinin təsisçisi və İdarə Heyətinin üzvü, hüquqşünas Atilla Öztürk də iştirak etmişdir.
    Sonda tələbələrin ünvanladıqları suallar da cavablandırılmışdır.

Aygün Sadiq


Tarix: 14-10-2024, 07:45 Oxunub: 254


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı