Xəbər verdiyimiz kimi, 2-ci ordu korpusunun komandiri general-leytenant Mais Bərxudarov vəzifəsindən azad edilib. Onun yerinə general-mayor Quliyev Vilayət Bərxuda oğlu təyin olunub.
Azərbaycan Ordusundakı bu kadr dəyişikliyi Mais Bərxudarovla bağlı maraqlı detalları yenidən gündəmə gətirib.
Mais Şükür oğlu Bərxudarov 1976-cı il aprelin 20-də Qubadlı rayonunun Dəmirçilər kəndində anadan olub.
Uşaq yaşlarında Əliyar Əliyevin məşqçiliyi altında güləşlə məşğul olub. 1993-cü ilin avqustunda Qubadlı rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsindən sonra Mais Bərxudarov Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olub.
Milli qəhrəman Əliyar Əliyev
1993-cü ildə cəbhəyə yollanmağı qərara alsa da, general Valeh Bərşadlı onu yanına çağırıb və hələ tez olduğunu bildirib.
Baş leytenant ikən Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin 24 iyun 1998-ci il tarixli 735 nömrəli Sərəncamına əsasən “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.
Azərbaycan Prezidenti İlham Əliyevin 25 iyun 2012-ci il tarixli 2305 nömrəli Sərəncamına əsasən isə “Vətən uğrunda” medalına layiq görülüb.
2016-cı il aprelin 1-5-i Qarabağda gedən döyüşlər zamanı korpus komandiri olan polkovnik Mais Bərxudarov döyüşlər başlayan kimi özü də əsgərlərə qoşularaq, Lələtəpə yüksəkliyini və onkilometrlərlə ərazini azadetmə əməliyyatında şəxsən iştirak edib. Lələtəpənin alınmasında göstərdiyi şücaətə və hərbi bacarığa görə ona general-mayor rütbəsi verilib.
Azərbaycanın Cəbrayıl rayonunun, Xocavənd rayonunun, Füzuli rayonunun və Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Mais Bərxudarov “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.
Vətən müharibəsinin ilk günlərdə onun əsir düşməsi və ya şəhid olması ilə bağlı məlumatlar sürətlə yayılmışdı. Digər məlumat isə generalın mühasirəyə düşməsi ilə bağlı idi. Lakin sonradan Müdafiə Nazirliyinin yaydığı görüntülərdə onun sağ olduğu və xidmətinə davam etdiyi təsdiqləndi.
Bununla belə, onun Cəbrayılın Nüzgar kəndindəki “Vilayət” postunda yaralanması haqda iddialar var. Ümumilikdə müharibə dönəmində 3 dəfə yaralandığı iddia edilsə də, general Bərxudarov bu barədə danışmayıb. Lakin Qubadlıda generalın mühafizəsini təşkil edən Şamxal Abbasovun qəhrəmancasına şəhid olması həm də Mais Bərxudarovun ermənilərin hədəfində olması kimi izah edilir.
“Operativ Media” yazır ki, M.Bərxudarov ön xəttin yarılması, Cəbrayıl, Qubadlı şəhərlərinin azad olunmasında döyüş mövqeyində olub:
“Füzulinin açarı olan 3 hücum istiqaməti, Cəbrayılın taleyini həll edən Mehdili valının yarılması, 7 oktyabr ermənilərin 1000 dən çox şəxsi heyətlə hazırladığı əks hücumun qarşısının alınması, Zəngilana gedən yol üçün çox əhəmiyyətli olan “Əmirvarlı” səddinin yarılması, Qubadlının açarı olan “Yazı Düzü” nün azad edilməsi və Şuşa əməliyyatında Laçın dəhlizindən düşmən təminatının qarşısının alınması bölmələrinə birbaşa döyüş mövqeyində rəhbərlik edib.
2023-cü ilin 19-20 sentyabrında keçirilən antiterror tədbirlərində Mais Bərxudarovun rəhbərlik etdiyi heyət Qırmızı Bazar istiqaməti, Xocavəndin ən yüksək mövqeləri, “Üçtəpə” postu, Xocalının üzbəüz mövqeləri, Xankəndininin hakim yüksəkliklərinin azad olunmasına rəhbərlik edib.
Bütün bunlarla yanaşı, Mais Bərxudarovun adı zaman-zaman “Tərtər işi”ndə hallanır. Onun bu məsələdə hansısa formada iştirakı isə istintaq prosesində təsdiqlənməyib.
gloablinfo.az
Bölməyə aid digər xəbərlər