Qəbələdə sərxoş halda polis məntəqəsinə daxil olaraq insident törədən şəxs həbs edilib.
Hadisə bir neçə gün əvvəl rayonun Vəndam qəsəbəsində baş verib. Qəsəbə sakini, 1981-ci il təvəllüdlü Q. Ağayev yaşadığı evdə spirtli içki qəbul etdikdən sonra evdə internetin kəsildiyini görüb. Daha sonra yaşadığı ünvanı tərk edərək qəsəbənin mərkəzinə doğru hərəkət edib. Burada o, Qəbələ Rayon Polis Şöbəsinin sahə müvəkkilinin olduğu polis məntəqəsinə daxil olub. Sahə rəisi olan polis baş leytenantından evinin internetini düzəltdirməyini tələb edib və söyüş söyərək səs-küy salıb. Əraziyə əlavə polis əməkdaşları dəvət edildikdən sonra 41 yaşlı şəxs saxlanılaraq Qəbələ RPŞ-yə aparılıb. Onun barəsində inzibati protokol tərtib edilib və məhkəməyə göndərilib.
Qəbələ Rayon Məhkəməsində hadisə barədə ifadə verən polis sahə rəisi bildirib ki, sərxoş şəxs qəfil şəkildə onun xidməti otağına daxil olub: “Saat 14:45 radələrində Vəndam qəsəbəsində polis sahə rəisləri üçün nəzərdə tutulmuş polis məntəqəsində xidməti işimlə məşğul olarkən sonradan adını öyrəndiyim şəxs otağa daxil olub heç bir səbəb göstərmədən uca səslə “tez dur get, mənim internetimi düzəlt” deyərək qışqırmağa başladı, ünvanlı-ünvansız nalayiq söyüşlər söyməyə başladı. Həmin şəxsi sakitləşdirməyə çalışıb onun aqressiv olma səbəbini öyrənmək istədim. Vətəndaşın qeyri-ixtiyari hərəkətlər etdiyini müşahidə etdim və yaxın məsafədən nəfəsindən spirtli içki qoxusu gəldiyini hiss etdim. Səs-küyü eşidən polis sahə nəfəri otağa gələrək mənimlə birgə onu məntəqədən çölə çıxartmağa çalışdı, lakin o, tələbimizə qəsdən tabe olmayaraq sakitləşmədi”.
Qəbələ Rayon Məhkəməsinin qərarı ilə Q.Ağayevə 10 sutka həbs cəzası verilib.
Qafqazinfo
Bölməyə aid digər xəbərlər