Ötən gün Azərbaycan Psixologiya Akademiyasında (APAK) “Təhsil mediada: Düzgün baxışın formalaşdırılması üsulları” layihəsi çərçivəsində təlim keçirilib. Təlimdə müxtəlif media qurumlarının təhsil mövzusunda xəbərlər hazırlayan əməkdaşları iştirak ediblər. Təlim Elm və Təhsil Nazirliyinin dəstəyi, Tərəfsiz (Parlament) Jurnalistlər Birliyinin təşkilatçılığı ilə həyata keçirilib.
Təlimçi qismində çıxış edən APAK-ın rəhbəri, psixoloq Səbinə Cəbrayılova müsahibə zamanı jurnalistlərin bəzən yanaşmada emosionallığa yol verdiyini deyib:
“Biz psixoloqların müşahidələri ondan ibarətdir ki, jurnalistlərin müsahibə zamanı ən çox etdiyi səhvlərdən biri verbal və qeyri-verbal ünsiyyət vasitələrdən düzgün istifadə etməmələridir. Verbal nədir? Verbal nitq bizim şifahi nitqimizdir. Qeyri-verbal vasitələr isə mimika, jest və səs tonumuzdur. Jurnalistlər üzbəüz müsahibə alarkən verbal nitqlə yanaşı, qeyri-verbal nitqə daha çox diqqət etməlidirlər. Qeyri-verbal vasitələrdən istifadə etmək bir növ insan haqqında informasiya ötürməyə də xidmət edir. Məsələn, müxbir müsahibi ilə göz kontaktı qura bilmirsə, bu zaman qarşı tərəf onun özgüvənsiz olduğunu düşünür, jurnalist bir növ özünü zəif bənd kimi qələmə vermiş olur.
Emosional cəhətdən tarazlıq gözlənilmədiyi halda jurnalistikanın əsas prinsiplərindən biri olan qərəzsizlik pozulmuş olur. Məsələn, tutaq ki, müsahibimizin başına bədbəxt hadisə gəlib, biz isə ondan açıqlama almaq istəyirik. Bu zaman gülərüzlə, yaxud da sevincli səs tonuyla “hadisə necə oldu?" deyə müraciət etsək, qarşı tərəfdə qıcıq yarana, eləcə də qərəzli yanaşmamızın olduğu barədə fikir formalaşa bilər. Bu səbəbdən də situasiyasiyadan asılı olaraq emosiyaları idarə etmək jurnalistin başlıca vəzifələrindən biri olmalıdır”.
Psixoloq qeyd edib ki, mükəmməl bir müsahibənin alınması üçün jurnalistlər mütləq şəkildə müsahiblərini yaxşı araşdırmalıdırlar:
“Əsas məsələlərdən biri də elə budur. Müsahibəyə keçmədən öncə qarşı tərəf araşdırılmalıdır. Həmin şəxs daha əvvəl də müsahibə veribmi? Hansı şəkildə müsahibə verib? Onun oturuş tərzi və bədən dili necədir? Suallara reaksiyaları nə cürdür? Hansı sual onu qıcıqlandıra bilər və s. kimi məqamlara fikir verilməlidir. Onun keçmiş müsahibələrini izləyərək həmin şəxsin ən çox istifadə etdiyi sözləri tapmaq olar. Bu faktlar bir növ həmin insanın açar sözləridir”,- deyə fikrini tamamlayıb.
Təlimin sonunda psixoloq S.Cəbrayılova jurnalistlərin suallarını cavablandırıb.
Bölməyə aid digər xəbərlər