11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
" Prezidentimiz ölkəmizin uğurlu inkişafının təminatçısıdır" - Səməd Orucov

     11 iyul tarixində keçirilən 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirə və Prezident İlham Əliyevin həmin müşavirədəki çıxışı onu söyləməyə əsas verir ki,  bu ilin birinci altı ayı ölkəmiz üçün uğurlu, səmərəli və yaddaqalan bir dövr olmuşdur. Cari ilin altı ayında  ölkəmizin dayanıqlı inkişafı təmin edilmiş , dogma Qarabağımızın və Şərqi Zəngəzurumuzun bərpası,  iqtisadi və sosial sahələrdə islahatlar  davam etdirilmişdir.
Müşavirədə  ölkə həyatının bütün sahlərinə toxunan Dövlət başçımız  qeyd etdi ki, nəqliyyat sektorunun əhəmiyyəti artır. Çünki bəzi məhdudlaşdırıcı tədbirlər yeni nəqliyyat marşrutlarının açılmasına gətirib çıxarır və Azərbaycanın əlverişli coğrafi vəziyyəti bizim üçün əlavə imkanlar yaradır. Odur ki, nəqliyyat sektoruna tələbat daha da artır. Həm Şimaldan Cənuba və əks istiqamətdə, həm də Şərqdən Qərbə və əks istiqamətdə yükdaşımaların artması göz önündədir. Burada da Azərbaycan çox etibarlı tərəfdaş kimi çıxış edir və öz qonşuları ilə sıx təmasdadır, qonşuların nəqliyyat problemlərinin həlli üçün öz köməyini də əsirgəmir. Lazımi hüquqi baza var və sənaye zonaları artıq uzun illərdir ki, fəaliyyət göstərir. Ələt Azad İqtisadi Zonasının rəsmi açılışı oldu və dövlət tərəfindən qoyulan sərmayə artıq nəticə verməyə başlamışdır. Özəl investorlar da artıq cəlb edilib. Ölkə ərazisində Cənubdan Şimala və Şərqdən Qərbə gedən yollar rayonlarımızın əksəriyyətini əhatə edir. Deməli, hər bir istiqamət üzrə spesifikaya görə, iqlimə görə, ixtisaslaşmaya görə xüsusi bir biznes imkanları olmalıdır. Ölkə başçısı onu da qeyd etdi ki, öz nəqliyyat imkanlarımızı hüdudlarımızın kənarına da çıxara bilmişik. Azərbaycan tarixində ilk dəfə olaraq “Şuşa”, “Qarabağ” və “Zəngəzur” adları verilmiş 115 min tonluq üç böyük tanker alınmışdır.
Möhtərəm Prezidentimiz bildirdi ki, Azərbaycan mallarının Azərbaycan şirkəti tərəfindən daşınması bizə əlavə gəlir gətirəcək və biz artıq Qara dənizdə də varıq. Bizim kiçik həcmli gəmilərimiz var idi. Amma bu gün bizim “Aframax” tipli ən böyük tankerlərimizdən üçü artıq Qara dənizdə işləyir. Xəzərdəki gəmiqayırma imkanlarımıza yenidən baxmalıyıq. Qonşu ölkələrdən sifarişlər gəlir. Bizim gəmiqayırma zavodumuz mövcud daşıma imkanlarımıza hesablanmışdır. Eyni zamanda, uzun illər fəaliyyət göstərən gəmilərin sıradan çıxmasını da nəzərə alırıq. Çünki onlar sıradan çıxır, təzələnməlidir. Amma indi daha böyük tələbat var - həm bizim, həm də ki, qonşu ölkələrin. İstisna deyil ki, biz nə vaxtsa gəmiqayırma zavodunun istehsalat sahələrinin genişləndirilməsinə də başlaya bilərik. Qonşu ölkələrlə və tərəfdaş ölkələrlə aparılan danışıqlar göstərir ki, Azərbaycan ərazisindən bir neçə dəfə çox yüklərin daşınması mümkün olacaqdır. Bizim aşırma qabiliyyətimiz 15 milyon tona hesablanıb. Əvvəlki dövr üçün bu, kifayət idi. Bir-iki ildən sonra bu, çatmaya bilər.
Dövlətimizin başçısı öz çıxışında vurğuladı ki, Qarabağ və Şərqi Zəngəzur ekoloji fəlakət zonasına çox yaxın idi. Çünki Ermənistan həm Ermənistandakı müəssisələrin fəaliyyəti nəticəsində, eyni zamanda, o vaxt işğal edilmiş torpaqlarda - Qarabağda və Şərqi Zəngəzurda təbii resurslarımızın vəhşicəsinə istismarı nəticəsində təbiətimizə böyük zərbə vurub. 60 min hektardan çox meşə fondu ermənilər tərəfindən dağıdılıb, talan edilib, çıxarılıb, satılıb, yaxud parket düzəldiblər və satıblar.
Ölkə rəhbəri qeyd etdi ki, Naxçıvan Muxtar Respublikasının gələcək inkişafı ilə bağlı dövlət proqramı qəbul edilmişdir. Proqram mətbuatda dərc edilib. Bu, Naxçıvanın uğurlu sosial-iqtisadi inkişafını qısa müddət ərzində təmin edə biləcək proqramdır. Proqram bizim öz resurslarımıza əsaslanıbdır. Naxçıvanın da Qarabağ və Şərqi Zəngəzur kimi “yaşıl enerji” zonasına çevrilməsi məsələsi qoyulmuşdur. Naxçıvan Muxtar Respublikasında elektrik enerjisinin böyük hissəsi indi su elektrik stansiyaları vasitəsilə istehsal olunur. Orada günəş və külək elektrik stansiyalarının inşası da nəzərdə tutulur - ola bilər 1000 meqavat, ola bilər 1500 meqavat. Biz həm Muxtar Respublikanın bütün tələbatını “yaşıl enerji” ilə təmin edəcəyik, həm də qonşu ölkələrə də “yaşıl enerji”ni ixrac edəcəyik.
Prezident İlham Əliyev çıxışı zamanı bildirdi ki, ölkəmizin böyük hissəsi artıq rəsmən “yaşıl enerji” zonası elan edilib və bunun fonunda Gədəbəy rayonunda baş vermiş hadisə tamamilə qəbuledilməzdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi ən azı səhlənkarlığa yol verib, nəzarətsizlik nümayiş etdirib, passiv müşahidəçi kimi çıxış edib və bunun nəticəsində xarici investor bizim təbiətimizi zəhərləyib. Ölkə rəhbəri bildirdi ki, Gədəbəydə vətəndaşların bir hissəsi təxribatçıların fitnəsinə uyaraq ədəbsiz, qanunsuz hərəkətlər ediblər və bu da dözülməzdir, qəbuledilməzdir.                O təxribatçıların bəziləri Azərbaycanda, bəziləri xaricdə gizlənir. Azərbaycandakılar artıq müəyyən edildi və bir neçəsi məsuliyyətə cəlb olunmuşdur. Xaricdəkiləri də məsuliyyətə cəlb edəcəyik. Azərbaycanda xaos, özbaşınalıq, təxribat xarakterli addımlar 1993-cü ildə başa çatıb. Vətəndaşlar qanuna tabe olmalıdırlar, polisə daş atmamalıdırlar, polisə daş atmaq heç kimə şərəf gətirən hərəkət deyil. Ölkə başçısı on da bildirdi ki, araşdırmaların obyektivliyi təmin olunmalıdır. Təbiətimiz məhv olunmamalı və insanların örüş, otlaq sahələri zəbt edilməməlidir. Ciddi araşdırmalar aparılmalıdır və ölkənin rəhbərliyinə, habelə ictimaiyyətə açıqlamalar verilməlidir.
Prezidentimiz cənab  İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən siyasətin məntiqi nəticəsində qazanılan uğurlara heç kim kölgə sala bilməz. Çünki Prezidentimiz ölkəmizin uğurlu inkişafının təminatçısıdr. Təbii ki, aidiyyatı qurumlar və şəxslər Prezidentimizin müşavirədəki söylədiyi fikirlərdən düzgün nəticə çıxararaq öz fəaliyyətlərini tələb olunan şəkildə quracaq və güclü, qüdrətli  Azərbaycan naminə öz töhfələrini verəcəklər.
 
Səməd Orucov
YAP Qazax rayon təşkilatı ərazi partiya təşkilatının sədri


Tarix: 17-07-2023, 10:23 Oxunub: 256


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı