13:17 / 02-12-2024
Sabah hava necə olacaq?
"Hər sahədə nümunə olan Azərbaycan!!!" - Anar Nəbiyev

   Azərbaycan bu gün iqtisadi, siyasi, humanitar mərkəzə çevrilərək ev sahibliyi etdiyi beynəlxalq səviyyəli tədbirlər vasitəsilə malik olduğu bütün imkanları  dünyaya təqdim edir. Günümüzün fərəhləndirici və qürur doğuran hadisələrindən biri hazırda azad Qarabağımızın, azad Şuşanın beynəlxalq tədbirlərin keçirilməsi üçün məkan seçilməsi və ölkəmizin imkanlarının məhz  bu məkandan dünyaya çatdırımasıdır. Məlum olduğu kimi, bu il  Birləşmiş Millətlər Təşkilatına üzvlüyünün 30 illiyi tamam olur. Bu mühüm hadisəni qeyd etmək məqsədilə cari ilin mart ayında Azərbaycanın mədəniyyət paytaxtı olan, azad edilmiş Şuşa şəhərində BMT qurumlarının iştirakı ilə münaqişədən və pandemiyadan sonrakı dövrdə Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasına həsr edilmiş çox mühüm tədbir təşkil edilmişdir. Azərbaycanın döyünən ürəyi Şuşanın belə mühüm əhəmiyyət kəsb edən tədbirlərə ev sahibliyi çal-çağırlı həyatının bir parçasına çevrilib. Bu isə öz növbəsində Azərbaycanın işğaldan azad edilmiş bütün ərazilərində həyata keçirilən bərpa-quruculuq işləri barədə aydın təsəvvür yaradır. Qarabağ və Şərqi Zəngəzur bərpa edilir.
    Dövlət başçısı  İlham Əliyevin iyunun 27-də Polşanın Katovitse şəhərində öz işinə başlayan və  iyunun 30-dək davam edəcək  Ümumdünya Şəhər Forumunun “Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək” adlı 11-ci sessiyasında videoformatda  çıxışı Azərbaycanın  işğaldan azad edilmiş əraziləri ilə bağlı inkişaf planının təqdimatında əhəmiyyətli rol oynadı. Hər sahədə təcrübəsi nümunə olan ölkəmizin  şəhərlərin gələcəyi ilə bağlı planları  da təqdir edilir. Paytaxt Bakımızın timsalında  dünənimizə baxış fonunda gələcək inkişafı görmək mümkündür. Hər bir yenilik, təkmilləşmə şəhərin simasında, eyni zamanda, onun gözəlliyinə yeni çalarlar gətirən infrastrukturunda da öz əksini tapır. Əsas hədəf budur ki, dünyanın qabaqcıl ölkələrinin təcrübəsi tətbiq edilsin, hər bir yenilik  görülən işlərdə öz əksini tapsın, Azərbaycan hərtərəfli inkişafı ilə diqqətdə olsun.
   Bu gün Azərbaycanın həyatında yeni mərhələ olan işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri də hədəflərin açıqlanmasında yardımçıdır. Dövlət başçısı İlham Əliyevin qeyd edilən Forumun sessiyasındakı  videoformatdakı nitqində  bütün bu məqamlara diqqət yönəldildi.  Bir daha qeyd edildi ki,  “2030-cu ilə qədər Dayanıqlı İnkişaf Gündəliyi” və “Yeni Şəhər Gündəliyi” şəhərlərimiz üçün daha yaxşı gələcəyi təmin etmək üzrə səylərimizi istiqamətləndirir.
İşğaldan azad edilmiş şəhərlərimizin və kəndlərimizin  bərpası ilə bağlı “ağıllı şəhər” və “ağıllı kənd” strategiyası həyata keçirilir. Bu strategiyada ölkəmizin bugünədək yeni texnologiyaların inkişafı və tətbiqi sahəsində qazandığı uğurlara əsaslanan addımlar öz əksini tapıb. Hazırkı dövr texnoloji proseslərin geniş vüsət aldığı bir dövrdür. Dövlət başçısı İlham Əliyev 2003-cü ildən “Neft kapitalını insan kapitalına çevirək!” tezisini irəli sürüb. İnkişaf etmiş ölkələrin təcrübəsinə istinadən bildirilir ki, bu inkişafı şərtləndirən elmdir, bilikdir, yeni texnologiyalardır. İqtisadiyyatın inkişafında yeni texnologiyaların rolu inkaredilməzdir.
   30 ilə yaxın düşmən tapdağı altında qalaraq yerlə-yeksan edilən ərazilərimizdə olan xarici diplomatlar, jurnalistlər və beynəlxalq QHT-lərin nümayəndələri  vandalizmin şahid olur, dağıntıların tam miqyasını sənədləşdirmişlər. Dünya Azərbaycanın bugünədək necə vəhşi ilə üz-üzə olduğunun şahidi olur. Tarixi və dini abidələrimiz tamamilə dağıdılıb. Bərpa-quruculuq işlərinə start verilən gündən  tariximizin şahidlərinin, milli sərvətimiz olan bu abidələrin bərpasına xüsusi diqqət göstərilir. Heydər Əliyev Fondunun  maliyyə dəstəyi əsasında onların bərpası həyata keçirilir. İşğaldan azad edilmiş ərazilərimizdə İşğal və Zəfər muzeyləri kompleksinin yaradılmasının vacibliyi də tarixi paralellər fonunda həmin dövrlərin reallıqlarının təqdimatına xidmət edir. Hazırda təkcə  paytaxt Bakımızda deyil, eyni zamanda, işğaldan azad edilmiş şəəhərlərimizdə də müasirliklə qədimliyin vəhdəti qorunur. İlyarım ərzində bu ərazilərdə görülən işlərin xronologiyasına diqqət yetirək. Füzuli şəhərində səkkiz aydan az müddətdə Beynəlxalq Hava Limanı inşa edildi. Zəngilan və Laçın rayonlarında hazırda daha iki hava limanının tikintisi davam edir. Azad edilmiş bəzi şəhərlərin Baş planları artıq hazırdır. Şuşa şəhərinin baş planı onun möhtəşəm tarixi irsinin qorunması üzərində qurulub. Qarabağ bölgəsinin sənaye mərkəzinə çevriləcək Ağdamda on minlərlə sakin üçün nəzərdə tutulmuş tamamilə yeni şəhər inşa olunur. Ərazisi 200 hektar təşkil edən Ağdam Sənaye Parkı artıq fəaliyyət göstərir, sərmayədarlara və sahibkarlara açıqdır. Zəngilan şəhəri onun təbiətə inteqrasiyası və park şəhərinə çevrilməsi baxışı ilə inşa edilir. Bu sıralamanı daha da artıra bilərik. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, məqsədimiz Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq inklüziv, təhlükəsiz, dözümlü və dayanıqlı şəhər və kəndlərin inşasıdır.
    Görülən işlər Azərbaycanın daha yaxşı  gələcək naminə   şəhərlərin dəyişdirilməsi ilə bağlı  yanaşmasına, eyni zamanda, iqtisadi və  maliyyə imkanlarına işıq salır. Bu baxımdan ki, bütün bu işlər Azərbaycanın öz maliyyə resursları hesabına həyata keçirilir.
Dövlət başçısı İlham Əliyev Ümumdünya Şəhər Forumunun 11-ci sessiyasındakı videoformatda nitqində bu mühüm məqamı da qeyd etmişdir ki, azad edilmiş ərazilərdə yenidənqurma sahəsində ölkəmizlə həmrəylik və beynəlxalq dəstək mühüm əhəmiyyətə malikdir. Bu, Azərbaycanın öz nəcib fəaliyyətində tək olmadığı ilə bağlı inamımızı gücləndirəcək. Artıq Birləşmiş Millətlər Təşkilatı, Dünya Bankı və Avropa İttifaqı ilə birlikdə işğaldan azad olunan üç rayonumuzda bərpa və yenidənqurma ehtiyaclarının birgə dəyərləndirilməsi həyata keçirilib.
Göründüyü kimi, Azərbaycan hər bir sahədə zəngin təcrübəyə malik olmaqla yanaşı, hədəflərə yüksək səviyyədə nail olmaq üçün  birgə səylərin göstərilməsini, təcrübə mübadiləsini vacib amil kimi öndə saxlayır.

Anar Nəbiyev
YAP Qazax rayon təşkilatının sədri


Tarix: 30-06-2022, 12:57 Oxunub: 710


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı