Xəbər verdiyimiz kimi, Qarabağda təbii ehtiyatların qanunsuz istismarını araşdırmaq üçün monitorinq qrupu ilə birgə Xocalıya gedən azərbaycanlı jurnalistlər ərazidəki sülhməramlılarla qarşıdurma yaşayıblar. Qeyd edək ki, sözügedən müzakirələri izləmək üçün digər xarici media nümayəndələri heç bir maneə ilə rastlaşmayıblar.
Məsələ ilə bağlı media hüquqları üzrə ekspert Ələsgər Məmmədli açıqlamasında bildirib ki, sülhməramlıların bu hərəkəti qanunsuzdur:
"Azərbaycan ərazisində azərbaycanlı jurnalistlərin fəaliyyətinə sülhməramlıların müdaxilə etməsi tamamilə qanunsuzdur və sülhməramlıların missiyasına ziddir. Çünki sülhməramlı missiyası daha çox hərbi aspektdə baş verə biləcək konfliktlə bağlı məsələləri araşdırır. Amma informasiya toplamaqla bağlı onların hər hansı bir səlahiyyəti yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasına görə, Azərbaycan ərazisində hər kəsin informasiya toplamaq hüququ var və bunun yalnız Azərbaycan qanunvericiliyinə uyğun şəkildə məhdudlaşdırılması mümkündür.
Orada da Azərbaycan qanunvericiliyinə uyğun şəkildə məhdudlaşdırılma mövcud deyil. Dolayısı ilə, baş verən hadisə Azərbaycanın suverenliyinə müdaxilədir və suverenliyə müdaxilə çərçivəsində informasiya toplanmasına qanunsuz müdaxilədir. Çox təəssüf ki, Rusiya faktiki olaraq dünyada tanınmaz bir hala gəlib, bütün hüquq dəyərlərini ayaq altına atıb. İndi bu prosesi, təəssüf ki, Azərbaycan ərazsisində də davam etdirir. Azərbaycanın siyasi hakimiyyəti bununla bağlı dərhal tədbirlər görməlidir, ümumiyyətlə, bu ərazidə missiya baxımından öz missiyasının kənarına çıxan sülhməramlıların bütün fəaliyyətinin dayandırılmasını tələb etməlidir. Əks halda, 10 noyabr bəyanatına yenidən baxılmasını masaya daşımalıdır".
Bölməyə aid digər xəbərlər