“Azərbaycan bölgədə davamlı sülhün təmin olunmasının tərəfdarıdır”. Bunu Prezident İlham Əliyev avqustun 30-da Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımın başçılıq etdiyi Türkiyə Böyük Millət Məclisinin üzvlərindən ibarət nümayəndə heyətini qəbul edərkən deyib.
İlham Əliyev vurğulayıb ki, bunun üçün özünün artıq dəfələrlə qeyd etdiyi kimi, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı olan ərazi iddiaları aradan qaldırılmalıdır və Konstitusiya dəyişdirilməlidir.
Azərbaycan Prezidenti onu da əlavə edib ki, artıq keçmişin qalığı olan ATƏT-in Minsk qrupu və onunla əlaqədar olan təsisatlar tamamilə ləğv edilməlidir.
Dövlətimizin başçısı Minsk qrupunun ləğv edilməməsi ilə bağlı Ermənistanın mövqeyinin heç bir halda başadüşülən olmadığını deyib. Çünki əgər münaqişə keçmişdə qalıbsa və Ermənistanın baş naziri Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini ifadə edirsə, onda keçmişin qalığı olan Minsk qrupunun saxlanmasına nə ehtiyac var?!
Prezident deyib ki, görünür, Ermənistan sülh müqaviləsində və regionda davamlı sülhün əldə edilməsində maraqlı deyil. İlham Əliyev qeyd edib ki, Ermənistan qəsdən vaxt uzadır, Fransadan, digər Qərb ölkələrindən və başqa tərəflərdən yeni silahlar alır, öz ərazisində üçüncü tərəflərlə hərbi təlimlər keçirir.
Bir sıra Qərb təsisatlarında anti-Azərbaycan qüvvələrin ölkəmizə qarşı haqsız və ədalətsiz münasibətinə toxunan dövlətimizin başçısı vurğulayıb ki, Avropa Şurası Parlament Assambleyasında bizim əleyhimizə olan mövqe bilavasitə öz ərazi bütövlüyümüzü və suverenliyimizi təmin etməyimizlə əlaqədardır.
Bölməyə aid digər xəbərlər