Ağstafa rayon Heydər Əliyev Mərkəzində təşkil olunan ümumrayon tədbirində RİH başçısı Seymur Orucov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, məsul şəxslər, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları Mərkəzin önündə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək dahi şəxsiyyətin xatirəsinə ehtiramlarını bildiriblər.
Mərkəzin böyük akt zalında təşkil olunan tədbirdən əvvəl Ağstafa şəhər Hüseyn Arif adına Uşaq Musiqi məktəbinin xor kollektivinin ifasında Dövlət Himnimiz səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin azadlığı, ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra böyük ekranda “Müasir müstəqil Azərbaycanın memarı və qurucusu, Ulu Öndər Heydər Əliyev” mövzusunda videoreportaj nümayiş etdirilib.
Tədbiri giriş sözü ilə açan Seymur Orucov qeyd edib ki, tariximizə qızıl hərflərlə yazılan 1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycan xalqının taleyində Milli Qurtuluş Günü kimi həkk olundu. Ümummilli Liderin rəhbərliyi ilə respublikanı bürüyən xaos və anarxiyaya, dövlət müstəqilliyimizi, hətta milli varlığımızı belə birbaşa hədəfə alan vətəndaş müharibəsi dərəcəsinə yüksəlmiş qarşıdurmalara, hərc-mərclik, özbaşınalıqlara kökündən son qoyuldu. Beləliklə Azərbaycan real təhlükələrdən xilas olunmaqla yanaşı, gələcək inkişaf strategiyasını müəyyənləşdirdi və bu istiqamətdə ilk mühüm addımlar atıldı. Qurucusu Ulu Öndər Heydər Əliyev olan şanlı Azərbaycan Ordusu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində parlaq Qələbə qazanaraq işğal altındakı torpaqlarımızı azad etdi, ölkəmizin ərazi bütövlüyü təmin etdi. Bu gün Heydər Əliyev ideyalarının işığında ölkəmiz möhtərəm Prezidentimiz tərəfindən beynəlxalq müstəvidə möhtəşəm nəaliyyətlərə imza atır, yeni-yeni zirvələr fəth edir.
Tədbirin aparıcısı Oruc Mansırov, digər çıxış edənlər - BDU Qazax filialının müəllimi, Əməkdar tarix müəllimi İndira Vəliyeva, Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin əməkdaşı Hafiz Əhmədov, “Ağstafa rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin məsul şəxsi Ləman Abdullayeva, Ağstafa şəhər Texniki-Humanitar təmayüllü liseyin uşaq birliyinin sədri Naidə Həsənova Azərbaycanın dövlətçilik tarixinin şanlı səhifəsindən geniş söz açıblar.
Mədəniyyət və incəsənət nümayəndələrinin 15 İyun - Milli Qurtuluş Gününə həsr etdikləri geniş konsert proqramı tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.
Orxan Səfərli
Bölməyə aid digər xəbərlər