İranın devrilmiş şahının mühacirətdəki oğlu Rza Pəhləvi prezident İbrahim Rəisinin helikopter qəzasına düşərək ölməsinə münasibət bildirib.
Rza Pəhləvi mərhum prezidenti lənətləyib. O, sosial şəbəkədə bununla bağlı yazıb: “Bu gün iranlılar heç də yasda deyillər. İbrahim Rəisi başsağlığına layiq olmayan vəhşiləşmiş bir kütləvi qatil idi. Ona rəğbət bəsləmək onun qurbanlarına və İran xalqına təhqirdir. Onunla bağlı yeganə təəssüfləndirici məqam budur ki, Rəisi İslam Respublikasının süqutunu görəcək qədər uzun ömür sürmədi və cinayətlərinə görə mühakimə oluna bilməyəcək”.
Rza Pəhləvi deyib ki, İran rejiminin prezidenti və xarici işlər nazirinin ölümü İslam Respublikasının və onun diktatoru Əli Xameneyinin kursunu və ya siyasətini dəyişməyəcək.
“Bu rejim daxildə repressiyasını, xaricdə təcavüzünü davam etdirəcək”, - o vurğulayıb.
Rza Pəhləvi bildirib ki, bu hadisələr İran xalqının azadlıq, ləyaqət, milli dirçəliş uğrunda mübarizəni davam etdirməsinə mane ola bilməyəcək: “Biz bu gedişatın dəyişməsinə imkan verməyəcəyik”.
Rza Pəhləvinin sözlərinə görə, İran xalqı öz liderlərini azad və ədalətli şəkildə seçmək hüququna layiqdir: “Xalq bu rejimin qarşıdan gələn saxta seçkilərini və onun nəticələrini əvvəlcədən müəyyən etmiş qeyri-qanuni tiran Əli Xameneyini qəbul etmir.
Soydaşlarımızın demokratik istəklərinə və İbrahim Rəisi qurbanlarının iztirablarına hörmət etmək üçün iranlılar İranın azadlığı uğrunda mübarizəni davam etdirəcək və genişləndirəcək”.
Xatırladaq ki, 1979-ci ildə devirilən İran şahının ailəsi ABŞ-a qaçıb. Hazırda şahın arvadı Fərəh Pəhləvi və böyük oğlu Rza Pəhləvi Vaşinqtonda yaşayır.
İran mühacirlərinin bir hissəsi Rza Pəhləvini "şah" adlandırır. Atasının vəfatından sonra Rza Kir Pəhləvi varis kimi bu titulu götürüb. Pəhləvilər ailəsi hazırda İranda "arzuolunmaz ailə" statusunu daşıyır.
Bölməyə aid digər xəbərlər