Bu günlərdə məşhur olan keratopiqmentasiya - göz rənginin dəyişdirilməsi əməliyyatını tənqid edənlərlə yanaşı, ona üz tutanların sayı az deyil. Daha çox xanımların müraciət etdiyi bu əməliyyatla gözlər istəkdən asılı olaraq mavi, yaşıl rəngə dəyişdirilir.
“Qafqazinfo” olaraq geniş müzakirələrə səbəb olan keratopiqmentasiya ilə bağlı kiçik araşdırma apardıq. Məlum oldu ki, 40-60 dəqiqə ərzində icra olunan bu əməliyyat ölkəmizdə hər iki göz olmaqla 9000 manata başa gəlir. Məbləğ seçilən rənglərə görə əlavə 1000-2000 manat arta da bilər. Əməliyyatdan sonra xəstəxanada qalmağa ehtiyac duyulmur, pasiyent elə həmin gün evə buraxılır.
Lakin hər şey bu deyilənlər qədər sadə, dəyişən göz rəngləri kimi gözəl deyil. Çünki dəyişən göz rəngi artıq ömürlük sizinlə qalır. Peşmanlıq çəksəniz, bu rəngi yenidən dəyişə bilməyəcəksiniz. Üstəlik, sözügedən dəyişimin sonradan gözlər üçün fəsadlara yol açacağı da istisna deyil.
“The Guardian” yazır ki, əvvəllər bu prosedur xəsarətlərin, infeksiyaların və anadangəlmə xəstəliklərin nəticələrini aradan qaldırmaq, yəni əsasən tibbi məqsədlər üçün istifadə edilirdi. Lakin hazırda keratopiqmentasiya sadəcə gözəllik məqsədilə olunan bir prosedur halını alıb.
Bəs bu əməliyyat necə həyata keçirilir?
Həkim lazer və ya iynədən istifadə edərək buynuz qişada kəsik edir və nəticədə irisin təbii rəngini maskalayan yerə piqment yeridir.
Amerika Oftalmologiya Akademiyası cari ilin yanvarında göz rənginin dəyişdirilməsi prosedurlarının doğuracağı təhlükələr barədə xəbərdarlıq yayıb. Bu təhlükələr sırasında buynuz qişanın zədələnməsi, bulanıq görmə, işığa qarşı həssaslıq, görmənin itirilməsi, allergik reaksiyalar, bakterial infeksiyalar, boyanın qeyri-bərabər paylanması, boyanın gözə sızması, boyanın gözə axması səbəbindən rəngin solğunlaşması var.
ABŞ-də göz rənginin dəyişdirilməsi əməliyyatının qiyməti təqribən 12 min dollar təşkil edir. Rusiya daxil, digər bir çox ölkədə isə ümumiyyətlə qadağandır. Böyük Britaniyada bu prosedura kosmetik məqsədlər üçün tamamilə qadağa qoyulub. Bunu etmək istəyənlər isə xarici ölkələrə getməyə məcbur olurlar.
Artıq ölkəmizdə də dəb halını alan bu prosedurların yarada biləcəyi problemlərlə bağlı tanınmış oftomoloq Paşa Qəlbinurun fikrini soruşduq. O saytımıza bildirib ki, göz rənginin dəyişdirilməsi əməliyyatını etdirən şəxslər gələcəkdə hətta kor ola bilər: “Bu əməliyyatlar demək olar ki, dünyanın bütün inkişaf etmiş ölkələrində qanunla qadağan edilib. Yalnız Kolumbiya kimi ölkələrdə bu qadağa yoxdur. İnkişaf etmiş ölkələrdə bu əməliyyatın yasaqlanmasına səbəb isə odur ki, sağlam gözə döymə (tatu) etmək olduqca təhlükəlidir. Döyməni bədənin müxtəlif hissələrinə edirlər, düzdür, bu da zərərlidir. Lakin gözdə etmək böyük fəsadlara yol açır. Vaxtilə bu əməliyyatın hələ qadağan olunmadığı illərdə dünyanın inkişaf etmiş ölkələrində proseduru etdirən tanınmış insanlar, aktyorlar, aktrisalar və başqaları daha sonra onun fəsadları ilə qarşılaşdılar, çox ağır xəstəliklərə tuş gəldilər”.
Oftomoloq bu əməliyyatın Azərbaycanda da qadağan olunmasını vacib sayır: “Ən ucqar kənddə yaşayan, heç orta məktəb təhsili belə olmayan bir şəxsə yaxınlaşıb desəniz ki, “gəl, sənin gözünə döymə edim, rəngini dəyişim” o heç vaxt razılaşmaz. Çünki bunun çox təhlükəli olduğunu başa düşəcək. Bu gün o əməliyyatı etdirən şəxslər vaxt gələcək ki, çox peşman olacaqlar. Lakin dəyişə bilməyəcəklər. Buna görə də mən istəyərdim ki, əməliyyat qanunla qadağan edilsin. Bu gün ölkəmizdə həmin proseduru edən bir-iki həkim var. Mən özüm çox əməliyyatlar etmişəm və edirəm. Lakin bu əməliyyatı etmirəm. Çünki göz rənginin dəyişdirilməsi əməliyyatı həm günahdır, həm də cinayətdir. Hər hansı gənc qız, ya da oğlan bu gün toya gedəndə istəyirsə ki, gözü fərqli görünsün, bunun üçün kontakt linzalar geyinə bilər. Düzdür, onun da gözə zərəri var, lakin müvəqqəti istifadə etmək olar. Toya taxsın, gələndən sonra da çıxarsın. Amma bu əməliyyatı edəndən sonra çox eybəcər, bulanıq vəziyyət əmələ gəlir. Fəsadlarına isə bir gündən sonra da rast gəlmək olar, bir aydan sonra da. Gənc adam bunu etdirib kor olandan sonra nə olacaq? Artıq heç nəyi dəyişə bilməyəcək. Görməyən gözün də nə rəng olursa, olsun...”
Onu da bildirək ki, ölkəmizdə göz rənginin dəyişdirilməsi əməliyyatına üz tutanlar arasında tanınmış simalar da var. Bu əməliyyatı etdirən aparıcı Mətanət Əliverdiyeva sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. İstifadəçilər məşhur üzlərin belə riskli tibbi müdaxilələri etdirməyini təbliğat kimi qəbul edib və qəbuledilməz sayıblar.
M.Əliverdiyeva isə tənqidlərə belə cavab verib: “Vücudumda əməliyyat etməyən insanam. Yəni dəyişikliklər etmərəm və əməliyyatlara getmərəm. Amma “FLAAK” əməliyyatı elə bir şeydir ki, çox risklidir. Göz rənginin dəyişməsi əməliyyatına qəti şəkildə qərar verdim. Çünki hər zaman linzalardan istifadə edirdim. Bu dəfə isə dedim ki, linzalara son. Gözümün rəngi kimi həyatım da dəyişdi”.
Maraqlısı budur ki, qara gözlərini yaşılla əvəzləyənlər bəzi sənədlərində də dəyişiklik etməli olacaqlar. Bu barədə saytımıza hüquqşünas Rəhim Xoyski danışıb: “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” qanunda deyilir ki, şəxsiyyət vəsiqəsinə yerləşdirilən elektron daşıyıcıya (çipə) daxil edilən məlumatlara vətəndaşın gözlərinin rəngi də qeyd olunur. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də qeyd olunur ki, vəsiqənin üzərindəki məlumatların səhv olduğu müəyyənləşdirildikdə, vətəndaş şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi üçün bir ay müddətində vəsiqə verən orqana müraciət etməlidir. Əgər nəzərdə tutulmuş hallarda və müddətdə vətəndaş şəxsiyyət vəsiqəsini dəyişmədikdə, şəxsiyyət vəsiqəsi qüvvədən düşmüş hesab edilir. Qüvvədən düşmüş hesab edilən şəxsiyyət vəsiqəsi istifadədən çıxarılmalı, həmin sənədə dair məlumatlar İAMAS vasitəsilə Qüvvədən düşmüş sənədlərin dövlət reyestrinə ötürülməli, onun İAMAS-da aktiv statusu dəyişdirilməlidir”.
Bundan başqa, vətəndaşlar eyni zamanda xarici pasportlarında da dəyişiklik etməli olurlar.
Qeyd edək ki, göz rəngimiz iris, yəni göz bəbəyindəki piqmentin (rəngli maddə) miqdarı ilə müəyyən edilir. Çox az piqmentli gözlər mavi, orta piqmentasiyalı gözlər isə yaşıl rəngdədir. Ölkəmizdə ən çox rast gəlinən qəhvəyi gözlər ən çox piqment ehtiva edən gözlərdir. Gözlərimizin hansı rəngdə olacağı, yəni nə qədər piqment istehsal edəcəyi genetik quruluşumuzla müəyyənləşir.
Bölməyə aid digər xəbərlər