Bakı Apellyasiya Məhkəməsində Nəsimi rayonunda Vətən müharibəsi iştirakçısını qətlə yetirməkdə ittiham olunan Bəxtiyar Qarayevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.
Məlumata görə, hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin növbəti iclası avqustun 31-nə təyin edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Bəxtiyar Qarayev xuliqanlıq niyyəti ilə adam öldürməkdə təqsirli bilinərək 18 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə ötən ilin avqustunda Nəsimi rayonu, 3-cü Alatava qəsəbəsi ərazisində qeydə alınıb. Belə ki, 1999-cu il təvəllüdlü Bəxtiyar Qarayevin aralarında yaranmış mübahisə zamanı əvvəldən tanımadığı 1998-ci il təvəllüdlü Niyaməddin Muradovun döş qəfəsinin sol yarısına bıçaqla xəsarət yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Məlum olub ki, “Kubinka” ərazisindəki parkda Bəxtiyar Qarayev bir qızın əlindən telefonu alıb və onu döyüb. Bunu görən Niyaməddin Muradov onların mübahisəsinə müdaxilə edib. O, Bəxtiyar Qarayevin qarşısını kəsib və qızı döyməsinə etiraz edib. Bu vaxt Bəxtiyar üzərindəki bıçaqla Niyaməddini vurub. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb. N.Muradov 44 günlük Vətən müharibəsi iştirakçısı olub, “Qubadlının azad olunmasına” görə medalı ilə təltif edilib.
Bölməyə aid digər xəbərlər