Ötən ilin avqust ayında Qaradağ rayonu, Lökbatan qəsəbəsi, B.Niftəliyev küçəsi 43 saylı binanın qarşısında dostunu bıçaqlayan şəxs azadlığa buraxılıb.
Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirləndirilən 2000-ci ildə Bakı şəhərində anadan olmuş Sənan Cəbiyevin (soyad şərti) cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.
Məhkəmədə məlum olub ki, 6 avqust 2023-cü il tarixdə axşam saat təxminən 22:00 radələrində Sənan Cəbiyevə qonşusu, uşaqlıq dostu Ələmdar Əliyev (soyad şərti) mobil telefonuna zəng vuraraq onunla zarafat etməyə başlayıb. Ələmdar Əliyev zarafatla təqsirləndirilən şəxsin atasını söyüb və Sənan Cəbiyev ona sərt reaksiya verib.
Beləliklə, telefonda edilən zarafata görə, Sənan Cəbiyev elə həmin gün Ələmdar Əliyevlə görüşərək “kəpənək” tipli cib bıçağı ilə onu bir dəfə vurub. Nəticədə xəsarət alan Ələmdar Əliyev hadisədən bir gün sonra xəstəxanaya gedib.
Məhkəmənin qərarı ilə Sənan Cəbiyev Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş üç il müddətə azadlıqdan məhrumetmə növündə cəza iki il sınaq müddəti müəyyən edilərək şərti hesab edilib. O, məhkəmə zalından sərbəst buraxılıb.
Bölməyə aid digər xəbərlər