Gürcüstanda oktyabrın 5-də 27 yaşlı Alim Sadıqov tərəfindən evlənmək məqsədilə qaçırılan 14 yaşlı azərbaycanlı Aytac Şahmarovanın qətli işi üzrə istintaq davam edir.
Gürcüstan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, kişi Aytacı növbəti dəfə onun evindən qaçmağa cəhd edərkən öldürüb. Araşdırma zamanı məlum olub ki, Alim qızı valideynləri ilə razılaşaraq qaçırıb. A.Sadıqov azyaşlıya tapançadan 3 dəfə atəş açaraq qətlə yetirib, bundan sonra o, hadisə yerindən qaçıb. Gürcüstan hüquq-mühafizə orqanlarının əməkdaşları onu üç günlük axtarışdan sonra saxlayıblar.
İndi isə işdə iştirak edən daha iki şəxs, təqsirləndirilən Alim Sadıqovun həbsdə olan şərikləri - onun əmisi (1972-ci il təvəllüdlü) və əmisi oğlu (1997-ci il təvəllüdlü) Telavi məhkəməsində ifadə veriblər. Onlar cinayəti gizlətməkdə ittiham olunublar ki, bu əmələ görə ölkə qanunvericiliyində 7 ilə qədər həbs cəzası nəzərdə tutulub. Təqsirləndirilən şəxslər məhkəmədə günahlarını etiraf ediblər.
Xatırladaq ki, bir müddət əvvəl Rustavi Şəhər Məhkəməsinin hakimi Madonna Maisuradze Dmanisi rayonunun Məmişli kənd sakini, 14 yaşlı Aytac Şahmarovanın anası Yeqyanə Məhərrəmovanın həbsi barədə qərar çıxarıb. Azyaşlının anası və əmisi zorla ərə vermək və cinayət barədə xəbər verməmək ittihamı ilə həbs edilib.
Kvemo Kartli rayon prokuroru Xatia Qoqriçiani bildirib ki, Aytac Şahmarovanın məcburi nikahının təşkilatçısı qızının qətlində birbaşa məsuliyyət daşıyan anasıdır.
Prosesdə azyaşlını qətlə yetirən Alim Sadıqov silahın pnevmatik olduğunu iddia edərək, “arvadının” azyaşlı olmasından xəbəri olmadığını da bildirib.
Gürcüstan Daxili İşlər Nazirliyinin apardığı araşdırmaya görə, Aytac Şahmarova 2023-cü ilin yayında Alim Sadıqov tərəfindən məcburi nikaha daxil olmaq məqsədilə oğurlanaraq Saqareco rayonunun Ləmbəli kəndinə aparılıb və orada qanunsuz olaraq azadlıqdan məhrum edilib. Lakin azyaşlı evdən qaça bilib və oğurlandığını bildirərək tanımadığı şəxsin telefonundan istifadə edərək anası ilə əlaqə saxlayıb. Lakin ana və əmi bu barədə hüquq-mühafizə orqanlarına məlumat verməyib, Aytacı qaçıranla yaşamağa məcbur ediblər.
Gürcüstanın Təhsil Nazirliyi qızın oxuduğu məktəbdə daxili araşdırmalara başlayıb.
Qətl faktı ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 109-cu (ailə üzvünü öldürmə), 143-cü (yetkinlik yaşına çatmayan şəxsi qanunsuz həbs etmə), 150-ci (nikaha məcbur etmə), 236-cı (qanunsuz olaraq odlu silah gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.
Bölməyə aid digər xəbərlər