“Qardaşımın nəşinin nə zaman ailəsinə təhvil veriləcəyi ilə bağlı heç kim məlumat vermir. Neçə gündür deyirdilər ki, Azərbaycana gətiriləcək, amma hələ də xəbər yoxdur”.
Bu barədə Ukraynada fevralın 27-də Odessa ərazisində Kuçurqan keçid məntəqəsi yaxınlığında Rusiya ordusunun avtomobili gülləbaran etməsi nəticəsində həyatını itirən Nemət İsmayılovun qardaşı Qaçay İsmayılov məlumat verib.
Onun sözlərinə görə, qardaşının nəşi Moldovadakı xəstəxananın morqunda olub:
“Dünən orda bir nəfər var, məlumatları ondan alırıq. O dedi ki, nəşləri morqdan çıxarıb Moldova sərhədinə aparıblar. Böyük ehtimalla oradan Rumıniyaya keçirəcəklər. Bu gün Rumıniyaya keçsələr, proses bir az sürətlənərdi. Heç kim bizimlə əlaqə saxlayıb, bir dəqiq məlumat vermir. Qardaşımın oğlanlarından biri anası ilə birlikdə artıq Azərbaycana gəlib. Amma yaralı oğlu Süleyman İsmayılov Moldovada xəstəxanadadır. Diz qapağından ağır yaralanıb, hələ 2 ay orda qalmalıdır deyirlər. Heç kim maraqlanmır ki, ailəsi nə vəziyyətdədir. Xarici İşlər Nazirliyindən xahiş edirik, bizə kömək etsinlər. Biz özümüz Gəncə şəhəri Gülüstan qəsəbəsində məskunlaşmışıq. Nəşlər gətirilib ailəsinə təhvil verilsin ki, burada Kəlbəcər qaçqınları üçün Murovdağ adlanan qəbiristanlıq var, orada torpağa tapşıraq”.
09:34
Ukraynada fevralın 27-də Odessa ərazisində Kuçurqan keçid məntəqəsi yaxınlığında Rusiya ordusunun avtomobili gülləbaran etməsi nəticəsində ölən dörd soydaşımızın nəşinin Azərbaycana gətirilməsi yubanır.
Bu barədə Kəlbəcərin Təkəqaya kəndinin icra nümayəndəsi Anar Məmmədov məlumat verib.
O bildirib ki, son məlumata əsasən nəşlər artıq morqdan çıxarılıb və Moldova sərhədinə gətirilib:
“Tez-tez əlaqə saxlaya bilmirik. Lakin hələ ki, bizdə olan son məlumat budur”.
Xatırladaq ki, Ukraynada fevralın 27-də Odessa ərazisində Kuçurqan keçid məntəqəsi yaxınlığında Rusiya ordusunun avtomobili gülləbaran etməsi nəticəsində dörd nəfər ölüb. Hadisə nəticəsində soydaşlarımız, əslən Kəlbəcərin Təkəqaya kəndindən olan Rəhim Əli oğlu İsmayılov və qardaşı Nemət Əli oğlu İsmayılov, Qabil Rəhim oğlu İsmayılov və Camal Mirzənəsir oğlu Salmanov həlak olublar. Yaralananlar isə Süleyman Nemət oğlu İsmayılov, Tacir Rövşən oğlu Tağıyev və Niyazi Rövşən oğlu Tağıyevdir.
Oxu.Az
Bölməyə aid digər xəbərlər