Qazax Rayon Mərkəzi Xəstəxanası və baş həkim (Publik Hüquqi Şəxsi) Sevda Məmmədovadan şikayətlərin ardı arası kəsilmir. Nədənsə bu şəxs haqqında bu qədər şikayətlər olsa da nə Səhiyyə Nazirliyi, nə TƏBİB, nə də rayon rəhbərliyi heç bir tədbir görmür. Görünür ki, idarəetməni qura bilməyən, bəlkə də qurmaq istəməyən, xəstəxanada vətəndaşları incitməkdən xüsusi həzz alan Sevda xanım daha güclü "məmurlar" tərəfindən "toxunulmazlıq" statusu alıb...
Şəxsən özümün başıma gələn xırdaca bir epizodu nəzərinizə çatdırıram:
"Bu gün Qazax Rayon Mərkəzi Xəstəxanasına getdim. Hər ay oldugu kimi, bu gün də valideynlərimə şəkər dərmanı almaq üçün üz tutmuşdum. Qarşılaşdığım mənzərə söz ilə ifadə olunası deyil.
Əvvəllər köhnə xəstəxanadan dərmanı cox asanlıqla alsaq da, təssüflər olsun ki, yeni tikilib istifadəyə verilmiş mərkəzi xəstəxanadan dərman almaq qeyri mümkündür. Sevda xanım çox əcaib bir struktur təşkil edib.
Şəkər dərmanı almaq üçün xəstəxananın həyətinə daxil olursan. Daxil olduqdan sonra qeydiyyat şöbəsi var, həmin qeydiyyat şöbəsindin xəstənin sənədlərini götürüb xəstəxanadan ən azı dolama yolla 200 metr gedirsən, həkim həmin sənədə imza atdıqdan sonra 200 metr təkrar geri qayıdıb bir başqa şöbəyə üz tutmalısan.
Hansı ki, həmin şöbədə imzalı sənədi göstərdikdən sonra sənə dərman almaq üçün bir başqa kağız parçası verirlər. Həmin kağız parçasını götürüb təzədən 200 metr yolu təkrar geri qayıdıb ilk sənəd imzalayan həkimə aparırsan. Həkim həmin kağız parçasına möhür vurduqdan sonra təkrar 200 metr yolu yenidən qayıdıb dərman almaq üçün həmin kağız parçası verilən şöbəyə gəlib növbə götürürsən. Dərmanı aldıqdan sonra, ilk verilən sənədi 100 metr gedib təhvil verməlisən. Bu qrafiklə şəkər xəstələri ən azından güclü idmançı olmalıdırlar.
Bugün saat 11.00- da xəstəxanaya daxil oldum, bütün bu prosesləri kecdikdən sonra götürdüyüm növbə 55-ci oldu. Bu proses ən azı 1 saat cəkdi.
Təsəvvür edin ki, 55-ci növbə nə demək? Bu dərman almaq prosesi necə saat çəkə bilər?
Biraz səbr edib növbəyə durdum. Yanımda olan bir xəstəyə sual verdim ki, siz necənci adamsız? Növbəniz necədir?
İnanın Allaha dedi ki, düz 5 gündür gedib gəlirəm. Hələ ki, dərmanı ala bilməmişəm.
Bu sözdən sonra, sola-sağa baxıb gördüm ki, mən də eyni bu mənzərəni yaşayacam və kor - peşiman sənədləri, bir də növbə kağızımı götürüb evə qayıtdım.
İnandırım sizi aidiyyatı qurumlar gəlsin açsın kameraları yoxlasın? Ürəyi gedənə bax, bağırıb çığırana bax, bir sözlə mənzərə dəhşətdir....
Mən sağlam adam dözə bilmədimsə, İndi hesab edin xəstə insan hansı vəziyyəti yaşayır???
Mən bu gün dərmanı ala bilmədim. Nə də o xəstəxanaya dərman almaq üçün üz tutası deyiləm. Çünki, yaşadığım bu günkü mənzərə atam-anam bir yana, inanın Allaha mənim də psixologiyamı pozdu. Mən sağlam insan gedib mərkəzi xəstəxanada xəstə olası deyiləm. Bir bölük külfət (Ailəm) arxasını mənə söykəyib.
Səhiyyə nazirliyinin qaynar xəttinə zəng vurdum. Təssüflər olsun ki, qaynar xəttdən telefona cavab verən olmadı.
Mən buradan Möhtərəm Prezidentimiz, hörmətli İlham Əliyevə səslənirəm? Mən dərmanı ala bilmirəm... Sabah mənim atamın, yaxud anamın başına bir iş gəlsə, bunun sorumlusu kim olacaq???
Hörmətli Möhtərəm Prezident, Sizdən artıq dərəcədə xahiş edirəm ki, bu biabırçılığa son qoyulsun. Aidiyyatı qurumlara ciddi tapşırıqlar verin, insanlara bu qədər olmazın zülüm verilməsin.
Qazax Rayonu Bakı şəhərindən çox aralı oldugu üçün nəzarət olunur- olunmur deyə bilmərəm.
Onu deyə bilərəm ki, Qazax səhiyyəsi xəstə insanları cana yığıb.
Hörmətli Cənab Prezident, inanıram ki, həmişə olduğu kimi bu dəfə də bir deyil, bir çox vətəndaşın şikayətlərini nəzərə alıb, Qazax Rayon səhiyyəsinə öz ciddi tapşırıqlarınızı verəcəksiz".
Elnur Quliyev,
ATİA.AZ
Bölməyə aid digər xəbərlər