11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Bizləri rüşvətə təhrik edən tək səbəb - Bundan çıxış yolu varmı? - ŞƏRH

Hardansa oxumuşam ki, kasıb cəmiyyətdə varlı yaşamaq mümkün deyil. Bu ifadə Azərbaycan reallığını çox gözəl əks etdirdiyinə görə onu yaddaşıma həkk etmişəm. Və tez-tez bu ifadədən yararlanıram. Çünki tarixin sınağından keçmiş bir həqiqət var ki, sən nə qədər komfortlu və firavan yaşasan da, qonşuların kasıbdırsa, gec-tez o kasıb qonşuların ya sənin evini yağmalayacaqlar, ya da övladlarını pis şeylərə aludə etdirəcəklər.
Bu variantların hər ikisi son nəticədə səni yoxsulluğa və bəlkə də bədbəxtliyə aparıb çıxaracaq. Ona görə də elə etməliyik ki, nəinki qonşularımız, bütövlükdə cəmiyyətimiz normal yaşasın, ən azından ailəsinin minimum ehtiyaclarını ödəyə bilsin.  Çox təəssüf ki, tarixin sınağından çıxmış bu həqiqəti heç birimiz qəbul və əməl etmirik. Hər birimiz çalışdığımız sahədə çapolçuluqla məşğuluq. Bacardığımız qədər daha çox oğurluq edirik, daha çox rüşvət çirkabına bulaşırıq. Və günlərin bir günü də 30-40 ildə oğurladığımızı itiririk. Ya barmaqlıqlar arxasına düşürük, ya da həyatın dibinə.


Bu gün Azərbaycan gündəmində ən çox müzakirə olunan məsələ rüşvətxorluq və korrupsioner  
məmurlarımızdır. Hamımız bilib-bilmədən məmurları ittiham edirik. Hansısa məmur işdən çıxarılanda və yaxud həbsə atılanda az qalırıq sevincdən papağımızı göyə ataq. Amma fikirləşmirik ki, o korrupsioner məmur da, kasıb-kusub ətrafımız da, ən nəhayətd hər birimiz bu korrupsioner cəmiyyətin girovlarıyıq. Bu  gün cəmiyyətimizin ən böyük problemi gəlirlərin düzgün bölünməməsidir. Məsələn, ən xırda dövlət təşkilatının rəhbərinin leqal və qeyri-leqal gəlirləri həmin idarədə işləyənlərin ümumi gəlirindən qat-qat çoxdur. Və yaxud icra başçısının aylıq gəliri bəzən həmin rayonda yaşayan insanların ümumi gəlirindən daha yüksəkdir.
İndi isə keçək məsələnin digər tərəfinə. 2020-ci il üçün Azərbaycanda yaşayış minimumu ölkə üzrə 190 manat olub. Yəni bir insanın ən azı 190 manat qazancı olmalıdır ki, heç olmasa quru çörək ala bilsin. Ət, geyim-kecim, kommunal və digər xərclər bura daxil deyil. Və rəsmi statistikaya görə, bu gün 190 manat alan 600 min vətəndaşımız var. Nəzərə alaq ki, bu 600 min insanın hər biri ailə başçısıdır.  Bu hesabla rəsmi statistikaya görə, Azərbaycanda ən azı 2 milyon 400 min vətəndaşımız yoxsulluq həddində yaşayır. Bu isə ölkə əhalisinin 25 faizi deməkdir. Amma qeyri-rəsmi məlumatlara görə, ölkə əhalisinin yarısı yoxsulluq həddində yaşayır.
Rəsmi statistikaya görə, Azərbaycanda orta aylıq əməkhaqqı 600 manatdan yuxarıdır. Amma bu rəqəmin də bir əmması var. Belə ki, Azərbaycanda hazırda işləyən 1 milyon 691 min 800 nəfərin yarısının, yəni 845 min 900 nəfərinin maaşı 343 manatdan aşağıdır. Çox təəssüf ki, 343 manat alan vətəndaşlarımızın hamısı dövlət təşkilatlarında çalışanlardır. Bunların böyük əksəriyyəti tibb, təhsil  və mədəniyyət sahəsində çalışanlardır. Bizdə qəribə bir adət var. Bir şey olan kimi özümüzü Avropa ilə müqayisə edirik. Amma mənim Avropayla işim yoxdur. Mən acından günorta qalxan Gürcüstandan bəzi sitatlar gətirəcəm. Belə ki, 2020-ci ildə Gürcüstanda həkimlərin minimum əməkhaqqı 400, müəllimlərinsə minimum əməkhaqqı 450 dollar olub. Bu isə Azərbaycan müəlliminin və həkiminin minimum əməkhaqqından 2 dəfə çoxdur.

Qonşu dövlətdə isə orta aylıq əməkhaqqı 420 dollardır. Bu da bizim orta aylıq əməkhaqqından ən azı 50 dollar çoxdur. Nəzərə alaq ki, Gürcüstanın xarici borcu ÜDM-in 120 faizi civarındadır. Valyuta ehtiyatı isə 1,5 milyard dollardır. 2020-ci il 1 iyul tarixinə Azərbaycan Respublikasının birbaşa və şərti öhdəliklər üzrə dövlət borcunun həcmi 9 milyard 813 milyon dollar  və ya ÜDM-in 24,5 %-nə bərabərdir. Ölkəmizin valyuta ehtiyatı isə 50 milyarddan çoxdur. Yəni Azərbaycanın valyuta ehtiyatları Gürcüstanın valyuta ehtiyatlarından ən azı 50 dəfəyə yaxın çoxdur. Bununla belə bizdəki orta yaşam tərzi Gürcüstandan xeyli geri qalır. Maraqlıdır niyə?
Sualın cavabına keçməzdən əvvəl onu deyim ki, sosial ədalət olmayan yerdə korrupsiyanın olması labüddür. Hər bir vətəndaşda sabaha inam olmalıdır. Vətəndaş fikirləşməlidir ki, sabah hara getsəm, heç olmasa 500 manatlıq iş yeri tapa biləcəm. Baxmayaraq ki, bir azərbaycanlı ailəsinin ehtiyac minimumu 700-800 manatdır. Amma ölkə üzrə ailələrin 50 faizi bu minimum qazancdan məhrumdur. Ona görə də hər kəs işlədiyi yerdə maksimum dərəcədə daha çox pul qazanmaq istəyir. Və istədiyi qazancı halallıqla qazana bilmədiyi üçün əyri yollara əl atır. Qısa zamandan sonra həmin adam özünü korrupsiyanın içində tapır. Korrupsiyaya bulaşmış istənilən insansa bilir ki, bu işin sonu yoxdur. Öz xoşu ilə işdən getsə, yeni iş yeri tapmayacaq və yoxsulluq içində keçinmək zorunda qalacaq. Ona görə də imkanı olan hər kəs hər keçən gün daha çox pul qazanmaq istəyir. Sonu necə olursa-olsun.
  • Bəs çıxış yolu nədir? Təbii ki, çıxış yolu ədalətli cəmiyyət qurmaq, gəlirlərin ədalətli bölünməsini təmin etməkdir. Elə etmək lazımdır ki, hər bir ailənin büdcəsinə an azı ayda 800-1000 manat qazanc daxil olsun. Buna da imkanımız var. Sadəcə təşəbbüs yoxdur. Məsələn, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) çıxıb deyir ki, ötən il 100 min adamı işlə təmin etmişik. Hamı bilir ki, ƏƏSMN-in işlə təmin etdiyi insanların aylıq maksimum qazancı 250 manatdır. Deməli, 100 min adam ancaq bir qarın quru çörəyə işləyir. Hələ onu demirəm ki, 100 min iş yerinin özü də şübhəlidir. Çünki ən böyük korrupsiyanın məhz ƏƏSMN sistemində olduğu iddia edilir.
Bu gün ölkədə korrupsiyaya qarşı ciddi mübarizə aparılır. Demək olar ki, hər gün hansısa məmur rüşvətə görə həbs edilir. Amma rüşvətin kökü kəsilmir ki, kəsilmir. Çünki korrupsiyaya qarşı aparılan inzibati mübarizə tədbirləri o qədər də səmərəli deyil. Mübarizənin alternativ yollarını tapmalıyıq. Bu yollardan biri, bəlkə də birincisi, məncə, əməkhaqqlarının normal səviyyəyə qaldırılmasıdır. Normal əməkhaqqı alan və ailəsinin yanında üzüqara olmayan heç bir vətəndaş heç zaman çirkli və riskli oyunlara qoşulmaz. Elə deyilmi?!
  Surxay Atakişiyev , KONKRET.az

Tarix: 23-02-2021, 13:27 Oxunub: 421


Bölməyə aid digər xəbərlər