Bildiyimiz kimi bu il Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, qüdrətli söz ustadı Aşıq Ələsgərin anadan olmasının 200 ili tamam olur.
Bu münasibətlə Prezident İlham Əliyev Aşıq Ələsgərin 200 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb. Yubileyin yüksək səviyyədə qeyd olunması üçün silsilə tədbirlər keçirilir.
Aşıq Ələsgərin zəngin poetik irsinin geniş tədqiqi, nəşri və təbliğinin mühüm mərhələsi mədəni-mənəvi dəyərlərimizin bütün daşıyıcılarına həmişə qədirbilənliklə yanaşan ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Sənətkarın yubileyləri məhz Ulu Öndərin təşəbbüsü ilə dövlət səviyyəsində qeyd edilmişdir. Böyük söz ustadının respublikamızda və onun hüdudlarından kənarda 150 illik yubiley mərasimləri keçirilərkən əlamətdar hadisə baş vermiş, azərbaycanlıların əzəli yurdlarından olan qədim Göyçə mahalında, doğulduğu kənddə Aşıq Ələsgərin qəbirüstü abidəsi ucaldılmışdı. Həmin əzəmətli büst soydaşlarımız öz dədə-baba torpaqlarından didərgin salındıqdan sonra erməni vandalları tərəfindən dağıdılsa da, milli-mədəni varlığımızın tərkib hissəsinə çevrilmiş Aşıq Ələsgər irsi silinməz tarixi yaddaş rəmzi kimi yaşamaqdadır.
AYB-nin üzvü, “Qızıl Qələm “ mükafatı laueratı, şair-filosof HACI LOĞMAN QORQUDUN Aşıq Ələsgər haqqında 2013-cü ildə çapdan çıxmış 620 səhifəlik "AŞIQ ƏLƏSGƏR" kitabı möhtəşəm bir elmi-monoqrafiyadır.
Ön sözü Xalq şairi Zəlimxan Yaqub və professor Buludxan Xəlilov tərəfindən yazılmış, elmi redaktoru Buludxan Xəlilov olan bu kitab haqqında müxtəlif zamanlarda çox böyük elm adamlarının yaxşı mənada çox dəyərli məqalələri Kredo və başqa qəzetlərdə, saytlarda yer alıb. Həqiqətən kitab olduqca dəyərli elmi məlumata və çəkiyə malikdir.
Təəssüf ki, Cənab Prezidentin (“Aşıq Ələsgər 200”) imzaladığı fərmanla bu yubiley dönəmində əlaqədar gedən tele-verilişlərdə bu kitab və müəllif haqqında bircə kəlmə də deyilmir. Fikrimcə Aşıq Ələsgər haqqında bundan dəyərli açıqlama, araşdırma olmayıb.
Təxminən 5 il bundan öncə Hacı Loğman Qorqudun Tahir Talıblı ilə olan söhbətini Sizlərə xatırladıram. İndi efirlərdə Aşıqlar Birliyinin hazırladıqları verilişlərdə Aşıq Ələsgər yaradıcılığı haqqında şablon nağıllar danışanlar bu çəkilişdə səsləndirilən dəyərli fikirlərə, açıqlamalara diqqətlə qulaq asıb bir nəticə çıxarsalar yaxşı olar.
Aydın Adıgözəlli, ATİA.AZ
Bölməyə aid digər xəbərlər