Almaniyada dərc edilən yeni hesabatda Münster yeparxiyasında son 75 ildə 196 alman ruhanisinin yüzlərlə uşağı cinsi istismara məruz qoyduğu bildirilib.
Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətindəki Münster yeparxiyasında 1945-2020-ci illər arasında yüzlərlə uşağın cinsi istismara məruz qaldığı ortaya çıxıb.
Münster Universitetinin iki il yarım ərzində hazırladığı hesabata görə, yeparxiyadakı 196 katolik din xadimi sözügedən dövr ərzində ən azı 610 uşağa qarşı cinsi istismar edib.
Bununla belə, hesabatda aşkarlanan cinsi zorakılıq hallarının faktiki sayının 6000 civarında ola biləcəyi bildirilib.
Hesabatda 196 din xadiminin təxminən 5 faizinin 10-dan çox cinsi zorakılıq törətdiyi məlum olub. Həmçinin məlum olub ki, kilsə üzvləri hadisələri ört-basdır edir. Hesabatda bildirilir ki, cinsi zorakılıqda şübhəli bilinən keşişlərin əksəriyyəti işdən çıxarılmaq əvəzinə, sadəcə olaraq başqa vəzifələrə təyin ediliblər.
Münster yepiskopu Feliks Genn hesabatla bağlı verdiyi açıqlamada sui-istifadə qurbanlarından üzr istəyib və günahkarların cəzalandırılacağını bildirib.
Almaniyadakı Katolik Kilsəsinin 2018-ci ildə hazırladığı başqa bir hesabatda isə 1946-2014-cü illər arasında ən azı 3677 nəfərin din xadimləri tərəfindən cinsi istismara məruz qaldığı bildirilib. Zərərçəkənlərin yarıdan çoxunun 13 və daha kiçik yaşda olduğu müəyyən edilib.
Yanvar ayında Münhen arxiyepiskopu tərəfindən hazırlanan hesabatda keçmiş Papa XVI Benediktin 1977-1982-ci illərdə Münhen arxiyepiskopu olduğu müddətdə uşaqlara cinsi zorakılıq edən keşişlərdən xəbərdar olduğu, lakin hərəkətə keçməyərək susmağa üstünlük verdiyi ortaya çıxdı.
Teleqraf.com
Bölməyə aid digər xəbərlər