Bu gün Azərbaycan bazarında hər cibə uyğun kərə yağı tapmaq mümkündür. Bunların arasında təmiz yağlarla yanaşı, nisbətən aşağı keyfiyyətli “kərə yağlarına” da rast gəlmək olur. Mütəxəssislər bildirirlər ki, təmiz kərə yağının kilosunun 16-18 manat olduğu yerdə 2 manata kərə yağı təklif edilməsi təbii hal deyil.
Palma yağı, marqarin, “klyonka”, kimyəvi maddələr… – bunları kərə yağının içərisində aşkar etmək elə də asan deyil. Bu gün mağazalarda müxtəlif növ bitki və kərə yağları alıcılara təqdim olunur. Bu yağların hər biri qiymətinə görə digərlərindən fərqlənir. Bu da alıcıların seçim qabiliyyətini çətinləşdirir. Kərə yağlarının keyfiyyətli olub-olmaması haqda isə çox alıcı məlumatsızdır. Eyni zamanda, satışda olan yağlarla bağlı zamanla müxtəlif iradlar səsləndirilir. Keyfiyyətin yaxşı olmadığı, müxtəlif qatqıların əlavə edildiyi bildirilir. Bu isə istehlakçıların sağlamlığını təhlükə altında qoyur. Məsələ ilə bağlı danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Referans.az deyib ki, ölkənin əmtəə bazarının kərə yağı sektorunda daim problemlər olub, amma bu ildən ilə müsbətə doğru dəyişir:
“AQTA yaranandan bəri markalanmaya olduqca diqqət yetirir və bu sahədə xeyli dəyişiklik var. Lakin bununla belə istehlakçı hər bir malın xüsusiyyətlərinə malik ola bilmir, biz istehlakçılar bütün zamanlarda bu məsələlərdə məlumatsız olmuşuq. İstehsalçılar təşkil olunmuş bir qrupdur. Onların arxasında texnologiya, pul və mütəxəssislər dayanır. İstehlakçılar isə bazar oynunda bazarın şahı hesab olunsalar da, onlar təkdir. İstehlakçı yaxınlaşır yağı almağa görür ki, onun üzərində inək şəkli var, yazılıb ki, “təbii yağ”. Alır və fikirləşir ki, onun üzərində inək şəkli var, üzərinə təbii yağ yazılıb, deməli bu zərərsiz yağdır. Lakin onlar qarışıq yağlardır”.AİB rəsmisi qeyd edib ki, ölkəmizdə 20 litr süddən, əgər həmin südün yağlılıq dərəcəsi normaldırsa, 1 kiloqram yağ almaq olur. Onun sözlərinə görə, Azərbaycanda istehlakçılara nehrə yağı ilə təklif olunan yağların da tərkibi qarışıq yağlardan ibarət olur: “Bu gün nehrə yağı ilə alıcılara təklif olunan kərə yağı vaxtı keçmiş bitki yağlarının qarışıqından hazırlanır. Nehrə yağı adı altında satılan yağların böyük əksəriyyəti alt südündən hazırlanır. Alt südü dediyimiz isə təmiz südün qaymaq olqudan sonra onun altında qalan üzsüz südə deyilir. Hansı ki həmin südün 94 faizi sudan ibarət olur. Onun içərisinə də ən ucuz, vaxtı keçmiş və atılmalı olan marqarinləri atıb qarışdırırlar. Bu yolla hazırlanan yağlar bazara gətirilir və daha çox da şəhər əhalisi buna aldanır”.
Qida təhlükəsizliyi üzrə ekspert Məhsəti Hüseynova isə bildirir ki, bu gün satışda ucuz qiymətə bizə təklif olunan yağların orqanizmə çox ciddi zərərləri var:“Yağ insan orqanizmində çox vacib makroelementlərdən hesab olunur və orqanizmə enerji verən əsas qida növlərindən biridir. Yağların keyfiyyətini bilmək üçün qiymət önəmlidir, amma qiymət hər zaman keyfiyyət göstəricisi deyil. Nəzərə alsaq ki, kiloqramı 4-5 manata təklif olunan yağlar var, bu açıq aydın bilinir ki, təbii yağ deyil. Çünki 1 kiloqram yağın alınması üçün ən azı 20-25 litr normal süd lazımdır. Əgər qiyməti nəzərə alarsaq, ucuz qiymətə bu qədər süddən, üstəlik emal və digər xərcləri də nəzərə alarsaq, bu qədər yağın istehsalı üçün kifayət qədər maliyyə vəsaiti lazımdır”.
Ekspert qeyd edib ki, keyifyyətli yağ açıq-sarı rəngdə, qoxusuz olmalıdır və çörəyin üzərinə əlavə etdikdə tam bircinsli şəkildə yayılmalıdır, bıçağa yapışmamalıdır. Onun sözlərinə görə, ucuz və keyfiyyətsiz yağ istifadəsi xərçəng xəstəliyinə qədər gətirib çıxara bilər.
“İstehlakçılar adətən nehrə yağı alarkən aldanır. Əsl nehrə yağını kəsdikdə kəsilən hissədə tər damcıları kimi sular yaranır və bu onun təmiz yağ olduğunun göstəricisidir. Eyni zamanda təbii nehrə yağı yumuşaldıqda bircinsli şəkildə yayılmalıdır. Yağ insan orqanizminə çox faydalı olduğu üçün mütləq şəkildə keyfiyyətli kərə yağlarından istifadə etmək lazımdır”, – deyə Məhsəti Hüseynova əlavə edib.
Bölməyə aid digər xəbərlər