Bitki yağı - qiymətinin qalxmasının əhaliyə xüsusilə ağrılı təsir göstərdiyi sosial əhəmiyyətli ərzaq məhsullarına aid edilə bilər. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, son bir ayda ölkədə istehsal olunan zeytun yağının qiymətləri 1,14% artaraq 11,73 manat/litr, idxal olunan zeytun yağının qiymətləri isə 0,65% artaraq 15,50 manat/litr təşkil edib.
Noyabrda qarğıdalı yağının qiyməti 5,88 manat/litr təşkil edib. Bu, aylıq 0,69% artım deməkdir. Son bir ayda yerli istehsal olan qarğıdalı yağının qiyməti 0,32% artaraq 5,43 manat/litr təşkil edib.
Son bir ayda günəbaxan yağının qiyməti yerli istehsal üzrə 0,66% artaraq 4,25 manat/litr, idxal olunan yağlar isə 0,71% artaraq 4,47 manat/litr olub. Günəbaxan yağı ilin əvvəlindən 37,72% artım nümayiş etdirir.
Kərə yağının qiyməti də artıb (yerli istehsal 2,18% - 17,21 m/kq-a qədər, idxal 2,29% - 17,53 m/kq-a qədər). Son bir ayda süfrə marqarini 1,56% - 4,46 m/kq, idxal marqarin 1,16% - 4,78 m/kq-a qədər bahalaşıb.
ATİA.AZ xəbər verir ki, AYNA-ya danışan paytaxt sakinləri mövcud bahalaşmadan sıxıntı yaşadıqlarını deyiblər. “Bizim böyük ailəmiz var, bitki və kərə yağı böyük miqdarda istehlak olunur. Amma bu məhsulun qiyməti qalxır, gəlirlər isə dəyişməz qalır. Bundan sonra nə edəcəyik, bilmirəm”, - deyə İradə Ağayeva bildirib.
Təqaüdçü Səbinə Məmmədova da narahatlığını dilə gətirib: “Kərə yağını getdikcə daha az alıram, belə getsə, tezliklə onun dadını tamamilə unudacağam. Təqaüd azdır, ilkin tələbatlara güclə çatır və ərzaq, o cümlədən yağın qiyməti böyük sürətlə artır”.
Kənd təsərrüfatı eksperti Vahid Məhərrəmov AYNA-ya açıqlamasında təkcə yağın deyil, bütün ərzaq məhsullarının qiymətlərinin artdığını söyləyib: “İlin əvvəlindən hökumət dizel yanacağı və benzinin, qazın, işığın, suyun qiymətini artırıb. Bu isə təbii ki, əhalinin və istehsalçıların, o cümlədən bitki və kərə yağı istehsalçılarının xərclərini artırdı. İstehsalçılar artan xərcləri ödəmək üçün qiymətləri artırırlar. Dünya bazarında bitki yağının qiyməti artır və bu da istehsalçılarımızın qiymət artımına təkan verdi”.
“Ölkə əhalisinin bitki yağına tələbatı ildə 150-160 min ton təşkil edir. Biz onu az miqdarda istehsal edirik, ona görə də bu məsələdə idxaldan çox asılıyıq. Əhalinin kərə yağına tələbatı 75 min tondur, biz isə cəmi 25 min ton istehsal edirik. Qıtlıq sahibkarlara bu məhsulların qiymətini qaldırmağa imkan verir. Yeri gəlmişkən, son vaxtlar əhalinin alıcılıq qabiliyyəti aşağı düşdüyündən, yağ istehlakı da aşağı düşüb. Kərə yağının bir kilosunun qiyməti 20 manata çatır və çoxları bu məhsulu əvvəlki həcmdə ala bilmirlər”, - deyə mütəxəssis vurğulayıb.
Məhərrəmov bir məqamı da əlavə edib: “Bütün digər məhsulların qiyməti qalxanda yağ istehsalçıları köhnə qiymətə məhsul sata bilməzlər”.
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov da AYNA-ya şərhində hazırkı qiymət artımının əhalinin büdcəsinə təsirlərinə toxunub: “Təbii ki, istehlakçılar rəflərdə ucuz və keyfiyyətli mal görmək istəyirlər. Amma normal yağlılıq faizi olan südün litrinin maya dəyərini, kərə yağı istehsalı üçün lazım olan südün miqdarını hesablasaq, belə çıxır ki, yerli təbii məhsulun qiyməti elə 20 manata yaxın olmalıdır”.
Bitki yağına gəldikdə, AİB rəhbəri qeyd edib ki, qiymətin formalaşmasına Rusiyada bu məhsulun maya dəyərinin artması təsir göstərir: “Biz oradan bitki yağının xeyli faizini idxal edirik. Rusiyada bəzi xüsusi əhəmiyyət kəsb edən ərzaq məhsullarının qiymətləri artmağa başlayanda onlar qiymət artımını, o cümlədən bitki yağının qiymətini cilovlamağa qərar verdilər. Bizdə isə yerli istehsalçılar Rusiyada qiymət artımına reaksiya vermədilər, qiymətləri sabit saxladılar. Lakin bu, uzun müddət davam edə bilmədiyi üçün artım təbiidir. İnanıram ki, yağın qiyməti artmaqda davam edəcək”.
Yeri gəlmişkən, Rusiyada Kənd Təsərrüfatı Nazirliyi şəkər və bitki yağının sosial əhəmiyyətli məhsullar siyahısına daxil edilməsini təklif edib. Bu tədbir pərakəndə satış şəbəkələrinə istehsalçılardan çatdırılma məbləğinin 5%-i həcmindən çox qazanc əldə etməyə imkan verməyəcək. Lakin bu tədbir gözlənilən bahalaşmanı dayandırmayacaq, əksinə, onu təxirə salacaq. Amma, orada heç olmasa qiymətlərin qalxmaması üçün nəsə edirlər, bizdə isə...
Bölməyə aid digər xəbərlər