Dərin kökləri olan və 20 ildir ki, yüksələn xəttlə davam edən Azərbaycan - İsrail münasibətlərini analitiklər konkret olaraq müttəfiqlik əlaqələri kimi də səciyyələndirirlər. Həqiqətən də İsrail ilə ölkəmiz arasında həm siyasi, həm iqtisadi, həm də hərbi - texniki əlaqələr digər ölkələrdən fərqli olaraq strateji və müttəfiqlik səviyyəsində qurulmuşdur. Azərbaycanın İsraildə səfirlik açması, may ayının 30-da İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun Azərbaycana səfər etməsi bu əlaqələrin yeni bir mərhələyə qədəm qoyduğundan və daha da yüksələcəyindən xəbər verir.
Səfər çərçivəsində Prezident cənab İlham Əliyev Azərbaycanla İsrail arasında mövcud əlaqələr və gələcəkdə reallaşdırılacaq birgə layihələr barədə mətbuata bəyanatla çıxış etdi. Çıxışında ölkə başçımız Azərbaycan və İsrail dövlətləri arasında mövcud dostluq əlaqələri ilə yanaşı, xalqlarımız arasında da tarixi dostluq əlaqələrinin mövcud olduğunu vurğuladı. Ölkə Prezidetimiz bildirdi ki, İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun Azərbaycana səfəri həm də ölkələrimiz arasında sıx tərəfdaşlıq əlaqələrinin, aramızda çox fəal siyasi dialoqun olduğunu nümayiş etdirir. Ticarət dövriyyəmizin 1,7 milyard ABŞ dollarından çox olduğunu söyləyən ölkə rəhbəri qeyd etdi ki, növbəti illərdə ticarət dövriyyəsini şaxələndirməyə çalışacağıq və həyata keçiriləcəyini planlaşdırdığımız birgə layihələr nəticəsində bizim enerji amilindən asılı olmayan daha balanslaşdırılmış ticarət dövriyyəmiz olacaqdır.
Uzun illərdir ki, Azərbaycan İsrailə xam neftin etibarlı təchizatçısı olmaqda davam edir və bu da enerji sahəsində sıx əməkdaşlığı nümayiş etdirir. Bundan əlavə interkonnektorların yaradılması üçüncü ölkələrdə də potensial əməkdaşlıq layihələri üçün böyük imkanlar yaradır. Perspektiv əməkdaşlıq istiqamətindən söz açan Prezidentimiz bildirdi ki, kənd təsərrüfatı sahələri üzrə də birgə layihələr reallaşdırılacaqdır. Azərbaycan İsrailin müsbət təcrübəsindən istifadə etmək və ixrac bazarını şaxələndirmək niyyətindədir.
Nisbətən bu yaxınlarda əməkdaşlığa başlanılan kibertəhlükəsizlik sahəsinə toxunan Prezidentimiz bildirdi ki: ”Bu gün artıq sirr deyil ki, kibertəhlükəsizlik hər bir ölkənin milli təhlükəsizliyinin mühüm hissəsidir. Əlbəttə ki, bu sahədə İsrail şirkətlərinin böyük təcrübəsi bizim üçün faydalı olacaq. Həmçinin gənc nəslin təlimi və tədrisi də məqsədlərimizə nail olmaq və özümüzü təhlükədən qorumaq üçün mühüm amil olacaq.”
Dövlətimizin başçısı daha sonra vurğuladı ki, yəhudi icması Azərbaycanda əsrlər boyu yaşayıb. Bu, bizim ölkənin böyük dəyəridir, yəhudi icmasının üzvləri - Azərbaycan vətəndaşları ölkəmizin müasir inkişafına çoxlu töhfə vermiş və töhfə verən insanlardır. Azərbaycanda yaşayan yəhudi qardaşlarımız ölkəmizin ərazi bütövlüyü uğrunda azərbaycanlılar ilə birgə çiyin-çiyinə vuruşublar. Onlar bizim müstəqilliyimiz və ərazi bütövlüyümüz uğrunda bizimlə və bütün digər azlıqların nümayəndələri ilə birgə vuruşublar. İsraildə yaşayan azərbaycanlılar ölkələrimiz arasında körpülərin qurulmasında mühüm rol oynayırlar. Bizim dünya azərbaycanlılarının diaspor təşkilatları var, lakin yalnız bir ölkədə, İsraildə bu təşkilat əsasən yəhudi mənşəli insanlardan ibarətdir. Bu, aramızda heç bir fərqin, heç bir bölgünün olmadığını nümayiş etdirir. Bizim əsrlər boyu davam edən qarşılıqlı əlaqələr, dostluq və qarşılıqlı dəstək tariximiz var. Müstəqil ölkə olaraq Azərbaycanın sadəcə 31 yaşı var, lakin bizim qədim tariximiz var və Azərbaycandakı yəhudilər həmişə cəmiyyətimizin fəal və mötəbər hissəsi olmuşlar və bu gün də belə olmaqda davam edirlər. Mədəni körpülərin bizim ikitərəfli strateji əməkdaşlığımıza töhfəsi çox vacibdir. Əminik ki, İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun və nümayəndə heyətinin bu səfəri dünyada və regionda böyük təsirə malik olan ölkələrimizlə ikitərəfli əlaqələrin daha da inkişafı baxımından xüsusi bir mərhələ olacaq və beynəlxalq müstəvidə əlaqələrimz genişləndiriləcəkdir.
Məhəd Vəkilov
YAP Qazax rayon təşkilatının fəalı
Bölməyə aid digər xəbərlər