11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Əgər YAP-da yüksək vəzifə tutmuş adam belə danışırsa, başqalarından nə gözləyək? - HAFİZ HACIYEV

    Bakı Slavyan Universitetin sabiq rektoru Nurlana Əliyevanın universitetin keçmiş şöbə müdiri Dürdanə Əliyeva haqqında söylədiyi “o mənə cadu edib deyə xəstələnmişəm” fikri müzakirələrə səbəb oldu.
      Heç kimə sirr deyil ki, Azərbaycanda yüksək vəzifəli məmurlardan tutmuş, ta Milli Məclisin deputatlarına, iş adamlarına, sənətçilərə və onların ailələrinə kimi çoxları falçı yanına gedir. Bu haqda zaman-zaman mətbuatda da xəbərlər yayımlanıb. Mövzu ilə bağlı  Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bildirib ki, bu cür insanlar Azərbaycana baş qaxıncıdır:
    “Vəzifəli insanlar, məmurlar xalq üçün nümunəvi olmalıdırlar. YAP Qadınlar Şurasının sabiq sədri, Bakı Slavyan Universitetinin keçmiş  rektoru Nurlana Əliyeva elə fikirlər səsləndirir ki, vallah, adam utanır.
     O vaxt bir millət vəkilimizin katibəsi ilə verdiyi hoqqanı yaxşı xatırlayırıq. Bu cür şəxslər nümunə olmaq əvəzinə dövlətə baş qaxıncı gətirirlər.
O qədər oğurluqla məşğul olublar ki, artıq bilmirlər pullarını hara xərcləsinlər, cadugərlərə verirlər, onun-bunun ağzını bağlatdırırlar ki, daha çox yığsınlar. Amma düşünürəm ki, bunlar mənasız şeylərdir. Belə insanlar hansı partiyanın üzvü olmasına, kimin yanında olmasına baxmayaraq, baş qaxıncıdırlar. Onlar bu cür həssas dövrdə xalqın ruhuna, düşüncəsinə uyğun hərəkət etməkdənsə, təəssüf ki, sanki xalqa qıcıq verirlər”.
Partiya sədri qeyd edib ki, həmin vəzifəli şəxslər vətəni düşünmür:
     “Səhərdən axşama qədər bəzisinin rüşvət üstə tutulduğunu, bəzisinin də bu cür avara işlərlə məşğul olduğunu görürük. Onlar xalqın dərdini qətiyyən çəkmirlər. Hazırda Qarabağ məsələsi gündəmdədir, ideoloji müharibə gedir. Dəfələrlə demişəm, yenə deyirəm, bu insanlar vətəni düşünmür!
    Nurlana xanım özü görəsən nə qədər adamın dilini-ağzını bağlatdırıb ki, uzun müddət vəzifədə qala bilib?! Bu cür insanlar ən ağır cəzaya layiqdirlər. Biz bu adamlardan hansı nümunəni götürməliyik? Bu cür insanlar xalq arasında narazılıq yaradırlar.
   Qarabağda bayrağımızı hələ tam qaldıra bilməmişik, Xankəndidə hələ səlahiyyətli nümayəndəmizi oturda bilməmişik, bunların gördüyü işlərə bax…
     Əgər YAP-da yüksək vəzifə tutmuş, rektor olmuş adam belə danışırsa, başqalarından nə gözləyək? Belə adamdan tələbələr nə nümunə götürəcək? Bir universitet açsınlar, camaatın dilini-ağzını bağlatmaqla məşğul olmağı öyrətsinlər. Bunu yaxşı öyrətsinlər ki, sabah vəzifəli şəxslər yaxşı rüşvət yığa bilsinlər. Hər halda, bu cür hadisələrə qarşı ciddi tədbir görülməlidir. Kimliyindən asılı olmayaraq bu adamlar cəzasız qalmamalıdır.  Belələrini bağışlamaq olmaz!”.


Tarix: 22-02-2023, 11:51 Oxunub: 97


Bölməyə aid digər xəbərlər
13-02-2021, 12:10 Oqtay Əsədov həbs edilir?