“Kim arvadından, ərindən boşanmaq istəyirsə…” - Aqil Abbas

Ənənəvi media və sosial şəbəkələr insanların şəxsi həyatını nümayişə çıxarmaqla köhnə zamanların “evin sirri elin sirri” qəlibini sındırıb. İndi əksəriyyət çəkinmədən gündəlik qayğılarını, ailə gizlinlərini paylaşır.
Milli Məclisin üzvü Aqil Abbas  açıqlamasında bu məsələdə əsasən televiziyaları günahkar sayıb:
“Bu problemin ən böyük günahı televiziyalardadır, ikinci sırada isə sosial şəbəkələr gəlir. İnsanları verilişə çıxarırlar, biri arvadının xəyanətindən danışır, biri ərinin. Bütün bunlar Azərbaycan mentalitetinə uyğun olmayan hərəkətlərdir və fərdi problemlərdir. Azərbaycanda 10 milyon əhali yaşayırsa, onların hamısı şəxsi həyatını ictimailəşdirməlidir?
İnsanların həyatını televiziyalara çıxarmaq, saytlarda, sosial şəbəkələrdə paylaşmaq olmaz. Çıxıb efirdə deyirlər ki, “xalam oğlu məni zorladı”, “dayımoğlu nakişi hərəkət etdi” və s. Kənardan baxan da deyir ki, ay Allah, bu millət necə millətdir?! Kim arvadından, ərindən boşanmaq istəyirsə, getsin, məhkəmədə boşansın, televiziya boşanma yeri deyil.
Televiziya kanalları reytinq xətrinə millətin əxlaqını qurban verirlər. Mən parlamentdə bu məsələni mütləq qaldıracağam”.
Bununla belə, Aqil Abbas müəyyən hadisələrin ictimailəşdirilməli olduğunu da vurğulayıb:
“Doğrudur, müəyyən hadisələr ola bilər ki, mütləq ictimailəşdirilməlidir. Məsələn, kiminsə zorakılığa məruz qalmasını hüquq-mühafizə orqanları laqeyd qarşılayırsa, həmin şəxs bunu ictimailəşdirməyə məcburdur. Eyni zamanda, bu cür məsələlərə hüquq-mühafizə orqanları vaxtında baxmırsa, bu, artıq onların təqsiridir. Deməli, boşluqlar var ki, insanlar məcbur olub öz şəxsi problemlərini ictimailəşdirirlər və o, həllini tapır”.

Yenisabah.az


Tarix: 28-10-2021, 17:02 Oxunub: 140


Bölməyə aid digər xəbərlər
13-02-2021, 12:10 Oqtay Əsədov həbs edilir?