Azərbaycanda koronavirus pandemiyasına görə dərslər mart ayından onlayn qaydada keçirilir. Sentyabr 15-dən ənənəvi dərslər qismən bərpa edilsə də, oktyabrın 15-dən yenidən distant təhsilə keçirildi. Son günlər Azərbaycanda gündəlik koronavirusa yoluxanların sayında azalmaların olması və dünyada vaksinasiyasının başlaması gələn ildən ənənəvi dərslərin bərpası ehtimalını yaradır. Azərbaycanda ənənəvi dərslər nə zaman bərpa edilə bilər?
Bununla bağlı fikirlərini bölüşən təhsil eksperti Kamran Əsədov bildirib ki, 2020-ci ilin mart ayından etibarən pandemiya səbəbindən ölkənin bütün təhsil müəssisələrində dərslər dayandırıldı. Belə ki, ənənəvidən onlayn təhsilə keçid edildi. Bu da vaxtında atılmış addım idi. Çünki Azərbaycanda təhsil 2 milyondan çox insanı özündə birləşdirir. Bu qədər insanın eyni anda hərəkəti yoluxanların artmasına və vəziyyətin nəzarətdən çıxmasına səbəb ola bilərdi. Dərslər onlayn qayda da keçirilməyə başladı.Etiraf edək ki,bu sistem bizim üçün yeni idi və heç də təhsil alanların hamısı lazım olan resurslardan istifadə etmək imkanı yox idi. Ona görə də müəyyən qədər tələbə və şagird təhsil prosesindən kənarda qaldılar.
Buna görə də Təhsil Nazirliyi -"tele dərs" layihəsi ilə kompüter, planşet və interneti olmayan şəxslərin dərs proqramlarını mənimsəməsinə yardımçı oldu. Təbii ki, sentyabrda qismən aşağı siniflərdə ənənəvi dərslər bərpa edildi. İlk növbədə 640 min şagirdi əhatə edən ibtidai siniflər, daha sonra 5-9-cu siniflər ənənəvi dərslərə başladı. Amma oktyabrın 15-dən ənənəvi təhsil yenidən dayandı. Çünki yoluxma sayı kəskin artmışdı".
Kamran Əsədov vurğulayıb ki, beynəlxalq təşkilatlar dərs prosesinin dayandırılması və təhsil alanların prosesdən kənarda qalmasını müsbət hal hesab etmirlər:
"Burada bir neçə vacib amil var. İlk olaraq ibtidai siniflərin onlayn qaydada təhsilə cəlb edilməsi mümkün deyil. Onlarda zəruri bilikləri və bacarıqları formalaşdırmaq olmur. Artıq bütün ölkələr, eləcə də qardaş Türkiyə yanvar ayından bütün dərs prosesini bərpa edəcəkdir.
Azərbaycanda da son günlər yoluxmaların sayında azalmalar var. Eyni zamanda insanlar pandemiya dövründə davranış qaydalarını mənimsəyirlər. Sosial məsafənin gözlənilməsi, maskadan istifadə edilməsi digər işlər effektiv olarsa, hesab edirəm ki, bizim şagirdlərimiz fevral və ən gec martdan ənənəvi qaydada dərslərə başlayacaqlar. Beynəlxalq təşkilatların verdiyi proqnozlar və vaksininin tapılması imkan verir ki, 2021-ci ilin fevral-mart ayından tədris yenidən siniflərdə, auditoriyalarda keçirilsin.
Uzun müddət tədrisdən uzaq qalması insanların bilik və bacarıqlarına mənfi təsir göstərə bilər. Artıq bir sıra ölkələrdə tədrisin fevral-mart ayından auditoriyalarda bərpasına və bu günə kimi mənimsəyə bilmədikləri dərslərin sürətləndirilmiş proqramlarla keçirilməsi barədə addımlar atırlar. Hesab edirəm ki, Azərbaycanda da bu istiqamətdə də addımlar atılmalıdır. Çünki bizim şagirdlərimiz mart ayından onlayn tədrisə keçiblər. Bu istiqamətdə müəyyən çətinliklər var. Bu müddətdə zəif mənimsənilən dərslər gələn ilin ən gec mart ayından yenidən siniflərdə öyrədilməsi mümkündür. Hesab edirəm ki, ənənəvi təhsil gələn ilin fevral-mart ayında bərpa edilə bilər".
Aysel Yusifqızı
Bölməyə aid digər xəbərlər