11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
18:56 / 19-11-2024
Prezident Fərman imzaladı
“Yoluxanların sayı göstərdi ki, Təhsil Nazirliyinin ortaya qoyduğu yanaşma doğrudur” – İctimai Şura nigarandır

Dərs ili başlayandan 21 sentyabradək 95 şagird və 26 işçi heyəti olmaqla 121 nəfərdə koronavirus aşkarlanıb. Həmin şagirdlərin əksəriyyəti yuxarı siniflərdə təhsil aldıqları üçün ümumi təhsil müəssisələrinə gəlməyiblər. Bu şəxslər ümumilikdə 346 nəfərlə təmasda olublar.
 
Tədris ilinin bir həftədir, başlamasına baxmayaraq yaranan vəziyyət təhsil ictimaiyyəti arasında narahatlığa səbəb olub.
 
AzEdu.az-a danışan Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri yaranan vəziyyətlə bağlı fikirlərini bildiriblər.
 
Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, professor  Şahlar Əsgərov  bir həftə ərzində olan yoluxma hallarını ümumi təhsilalanlara nisbətdə qorxulu hesab etmir:
 
“Bizdə  təhsil alanların sayı 1 milyon 600 min nəfərdir və onların arasında 121 nəfərdə koronavirus aşkarlanıbsa, bu, ciddi problem deyil. Ənənəvi tədris daha da genişlənməlidir. Çünki 121 nəfər  1 milyon 600 min şagirdin 1 faizini belə təşkil etmir. Bu onun 1000-də 1 faizini təşkil edir.
 
Burada isə yoluxmanın genişmiqyaslı həddə çatmasından söhbət gedə bilməz. Ona görə də mən ənənəvi tədrisin açılmasının tərəfdarıyam. Məktəblər ciddi şəkildə sanitar-epidemioloji tədbirlərə əməl etməlidir. Dövlət və Təhsil Nazirliyi məktəblərə diqqəti artırmalıdır. Qapılar avtomativ açılıb-bağlanmalı və gigiyenik qaydalar yüksək səviyyədə təmin edilməlidir. Hər bir məktəb öz daxilində  müəllim və şagirdlər arasında təması qorumalıdır. Ona görə də ənənəvi təhsilin davam etməsinin tərəfdarıyam”.
 
Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi İlqar Orucov məktəblilər arasında yoluxmanı təhlükəli hal hesab edir:
 
“Təhsil Nazirliyinin dünən açıqladığı statistikada  narahatedici məqamlar var idi. İbtidai siniflərdə tədrisin hibrid formada olması belə lazımı nəticəni vermədi. Bu formada şagirdlər həftənin müəyyən  günlərini  məktəbdə, digər günlərini isə evdə keçirirdilər. Amma görünən statistika  xeyli acı həqiqətləri ortaya qoydu. Yoluxanların içərisində həm müəllimlərin, həm təhsilalanların yer alması  bir daha göstərdi ki,  yeni dərs ilində  tədrisə keçidlə bağlı Nazirlər Kabinetinin və Təhsil Nazirliyinin ortaya qoyduğu yanaşma  doğrudur. Hər birimiz arzu edirdik ki,  vəziyyət yaxşılaşacaq və biz oktyabr ayında   məktəblərdə tədrisi  hibrid formada keçirilməsini təmin edə biləcəyik. Amma  göstərilən statistikanın arxasında insanların  sağlamlığının nə qədər təhlükədə olması dayanır.
 
Xüsusən də, məktəbyaşlı vətəndaşlarımızın sağlamlığının nə qədər təhlükədə olması  məqamı bir daha üzə çıxır. Bu baxımdan da təklif edirəm ki, vəziyyət belə davam etsə, bu istiqamətdə alternativ qərarlar ortalığa qoyulmalıdır. İbtida siniflərdə distant təhsil effektiv nəticə verməyəcək, lakin  insanların səhəti daha vacibdir. Onları qorumaq istiqamətində  dövlətin həyata keçirdiyi siyasətin nə qədər  doğru olması özünü bir daha təsdiq edir.
 
Məktəblər ibtidai siniflər üçün açıldı və bu qədər yoluxma özünü göstərdi. Nəzərə alsaq ki, ibtidai siniflər üçün təhsil  bütövlükdə ənənəvi tədris üzərində qurulmayıb. Bu qədər acı statistikanın mövcudluğu  onu sübut edir ki,  biz oktyabrın əvvəlində  vəziyyəti  ciddi nəzarət altında saxlamalıyıq və  qərarlarımızı həmin dövrə müvafiq olaraq  verməliyik. Təhsil Nazirliyi ciddi manitorinq aparır və bütün qəbul olunan qərarlar mövcud vəziyyətdən aslı olacaq. Bu baxımdan ibtidai siniflərin distant təhsilə keçidi təmin edilməli və bu istiqamətdə hazırlıqlar aparılmalıdır”.
 
Qeyd edək ki, Təhsil Nazirliyi bütün şagirdləri, valideynləri, müəllimləri və işçi heyətini sosial məsafəni qorumağa, şəxsi gigiyenik vasitələrdən mütəmadi olaraq istifadə etməyə və sanitar-gigiyenik qaydalara əməl etməyə çağırır.


Tarix: 22-09-2020, 19:36 Oxunub: 357


Bölməyə aid digər xəbərlər