“Bravo” supermarketlər şəbəkəsinin sahibi olduğu “Azərbaycan Supermarket” MMC istehlakçıların hüquqlarını pozduğu üçün cərimələnib.
Əldə etdiyimiz məlumata görə, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 447.0.1-cü (İstehlakçıların hüquqlarının pozulması, mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılmasına) maddəsinə əsasən cərimə protokolu tərtib edilib.
Daha sonra protokol baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilib.Məhkəmədə barəsində protokol tətbiq edilmiş MMC ilə bağlı müraciətə baxılıb.
Hakim Sülhanə Hacıyevanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, şirkətə inzibati tənbeh tətbiq edilib, yəni cərimə kəsilib.
Xatırladaq ki, istehlakçıların hüquqlarının pozulmasına görə fiziki şəxslər 150 manatdan 500 manatadək məbləğdə, vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək məbləğdə, hüquqi şəxslər 4000 manatdan 6000 manatadək məbləğdə cərimə edilir.
Qeyd edək ki, “Azərbaycan Supermarket” MMC 2015-ci ildə dövlət qeydiyyatına alınıb
Bölməyə aid digər xəbərlər