11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
32 il sonra Milli Qəhrəman adı alan Natiq Qasımov…

     Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə Natiq Qasımova Milli Qəhrəman adı verilib.
   Natiq Qasımov 1971-ci il yanvarın 2-də Gədəbəy rayonunun Kiçik Qaramurad kəndində anadan olub. 1975-ci ildə ailəsi Mingəçevirə köçüb və o, orta məktəbi burada tamamlayıb.
     Rusiyanın Krasnoyarsk vilayətində Daxili Qoşun hissələrində xidmətini başa vurduqdan sonra Natiq 1991-ci ildə Vətənə qayıdıb, elə həmin il də könüllü olaraq cəbhəyə yollanıb.
    Ağdamda Yaqub Rzayevin (Qatır Məmməd) başçılığı altında "Qarabağ şahinləri" dəstəsində ermənilərə qarşı döyüşüb.
    Onun xüsusi qəhrəmanlığı ilə bağlı tarixçə isə belədir:
1992-ci ildə Xocalının Pirlər kəndi yaxınlığında yeddi əsgərimiz Alban kilsəsinin yerləşdiyi yüksəklik uğrunda ölüm-dirim savaşına qalxırlar. Döyüşdə altı yoldaşı həlak olan Natiq son dərəcə əlverişli mövqedə yerləşən Alban məbədində mübarizəni davam etdirir. Təkbaşına 5 gün gecə-gündüz vuruşaraq düşmənləri bu posta yaxın buraxmır. Onun təslim olmayacağını anlayan ermənilər Natiqi azərbaycanlı əsirlərlə şantaj etməyə başlayırlar. 22 nəfər Xocalı sakininin güllələnməsinə razı olmayan Natiq kilsənin üzərindəki Azərbaycan bayrağını özü ilə götürərək təslim olmaq üçün ermənilərə tərəf gedir. Həmin vaxtdan sonra Natiq Qasımov barəsində heç bir məlumat verilməyib.
    Natiq Qasımovun hazırda yayılan fotosu əsir düşərkən çəkilib və “Oqonyok” jurnalında o vaxt dərc edilib.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatına əsasən, ermənilər tərəfindən əsir və girov götürülmə faktı danılan şəxslərin siyahısında Natiq Qasımovun da adı vardır. Dövlət Komissiyasının dəfələrlə etdiyi müraciətlərə baxmayaraq, erməni tərəfi indiyədək Natiqin sonrakı taleyini Azərbaycandan və beynəlxalq təşkilatlardan gizlədir.
     Natiq haqda çəkilən filmdə isə onun Vitali Balasanyanın iştirakı ilə dindirilməsindən sonra “doğranıldığı” – yəni işgəncə ilə öldürüldüyü haqda şahid ifadəsi var. Bu şahidlər ermənilərdir və onlar bunu hələ illər öncə filmdə etiraf etmişdilər.
    Etibarlı mənbələrdən əldə edilmiş məlumata əsasən, bu qorxmaz Azərbaycan əsgərinin qəhrəmanlığı və şücaəti düşmən hərbçiləri arasında vahimə və psixoloji gərginlik yaratdığı üçün səhra komandiri Vitali Balasanyan Natiq Qasımova erməni əsgərlərin qarşısında müharibə qanunlarına zidd olaraq dəfələrlə ağır və dəhşətli işgəncələr verərək onu qətlə yetirib.


Tarix: 26-06-2024, 08:34 Oxunub: 280


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı